İlham Əliyev Elinanın ölümündən sonra niyə tədbir görmür?
![](https://i1.wp.com/www.azadliq.info/wp-content/uploads/2019/11/IMG-20191116-WA0016-1024x538.jpg)
“Bir ölkəni tanımaq istəyirsinizsə, o ölkədə insanların necə öldüyünə baxın” deyirdi Alber Kamyu. On dörd yaşlı Elinanın intiharını xatırlayın. Azərbaycanı tanımaq üçün yetməzmi? Bir Dövlət adamlığının, mərhəmətin, vicdanın və qanunların ölümündən başlayar bir ölkənin intiharı. İnsanlığın təpədən-dırnağa maddiyyata büründüyü yerdən başlayar. Hər şeyin rütbə, pul, məqam qarşılığında alınıb-satıldığı yerdə başlayar. Elinanı bu cəmiyyət öldürdü, bu cəmiyyəti yaradan qatil rejim öldürdü. Öldürmək belə yetərli olmadı, qanını da batırdılar getdi. İlham Əliyev son çıxışında deyir ki, vətəndaşlar ölkədəki bütün problemlər haqqında onu xəbərdar etsinlər. Hadisə baş verən günlər yadınızdadırmı? Prezidentindən, vitse-prezidentindən tutmuş komitə sədrinə qədər hamısı hay-küylü bəyanat verib, “günahkarlar cəzasını alacaq” deyirdilər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova mətbuatda həyəcan təbili çalıb deyirdi ki, “Prezident və birinci vitse-prezident buna görə müxtəlif nazirliklərə, həmçinin də bizim Komitəyə göstəriş verib”. Nə oldu bu saxta göstəriş və bəyanatların axırı? Timsah göz yaşları nə tez qurudu saxtakar hay-küyçülərin? Kimi cəzalandırdılar 14 yaşlı qızcığazın ölümünə görə? Heç kəsi. Təsəvvür edirsiniz? Qızcığazın ölümünə bilərəkdən göz yuman məktəb direktoru belə bu dəhşətli faciənin arasından sivişib çıxdı. Səbail rayon Məhkəməsi direktor Sevinc Abbasovanı ev dustaqlığı rejimində 2 il 2 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum etdi. Dustaqlığın şərtlərinə baxın hələ. Abbasovaya elektron qolbaq taxmaqla, saat 23:00-dan 07:00-a qədər yaşadığı evdən çıxmaq qadağan olunub. Mülki iddia əsasında da direktordan 18 min 500 manat tutularaq Elinanın anasına ödəniləcək. Nə böyük ədalət! İyirmi altı illik ailə hakimiyyətinin marionetkasına çevrilmiş məhkəmələrdən başqa nə gözləmək olardı ki?
Prezident Elina Hacıyevanın ölümü ilə bağlı məsələdən tam məlumatlı idi. Niyə ciddi yanaşmadılar bəs onun ölüm hadisəsinə? On dörd yaşlı məktəblini intihar həddinə çatdıran səbəbləri niyə doğru-dürüst araşdıran olmadı? O da müxalifət çevrəsindən birinin övladı deyildi axı, belə qisasçılıqla yanaşdınız məsələyə? Elinanın anası Sevil Hüseynova prezidentə müraciətində demişdi ki, o, qızının ölümündə günahkar olan hər kəsin cəzalandırılmasını istəyir. “Məktəbin direktorundan, dərs hissə müdirindən, həkimlərdən, bu işdə əli olan hər kəsdən şikayət etmişik,”- deyirdi qadın. “Məktəbin direktoru cəzasını tam çəkməyənə qədər əl çəkməyəcəyik. Biz istəmirik ki, qanımız yerdə qalsın”, – deyirdi. Deyirdi ki, məktəb yoldaşlarının Elinaya qarşı münasibəti haqda dəfələrlə məktəb direktoruna müraciət edib, amma hansısa tədbir görülməyib. “Biz dəfələrlə məktəbin direktoruna demişdik ki, Elinanı incidirlər. O isə deyib ki, hər şey yaxşıdır, hər şey nəzarət altındadır, bizdə hər yerdə kamera var, çox da fikir verməyin. Biz kameradan hər şeyi görürük”.
Səbail rayon icra başçısının müavini Xalidə məktəb direktoru Sevinc Abbasovanın rəfiqəsidir. Bayramova da sabiq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun yaxınıdır. Belə ki, bu ünvanda Həsənova məxsus torpaq sahəsinin onun adına rəsmiləşdirildiyi məlum olub- Xəzər rayonu Mərdəkan qəsəbəsi, H.Z.Tağıyev küçəsində yerləşən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansında olan qeyri-yaşayış sahəsi (tikili-altı sahə 120 kv.m, torpaq sahəsi 9000 kv.m.). Sevinc Abbasova həmçinin keçmiş MTN əməkdaşı, Vergilər Nazirliyinin İstintaq və təhqiqat idarəsinin rəis müavini olmuş Kənan Quliyevin yaxın qohumudur. Bax, bu və diqər səbəblərə görə Elinanın qanını batırdılar, cənab prezident. Bu rəzalətdən sonra hansı sadəlövh vətəndaş sizə inanıb, problemlərinin çözümü üçün müraciət edər ki?
Elinanın intiharından sonra sosial şəbəkələrdə “bullinq öldürür” haştaqı altında bir kampaniya başlamışdı. Kampaniyaya zorakılığa etiraz edən minlərlə insan qoşuldu və bu aksiya Elinanın ölüm hadisəsini uzun zaman diqqət mərkəzində saxlamağa imkan yaratdı. Amma ilk andan dövlət rəhbərliyi səviyyəsində verilən vədlər doğrulmadığına görə, kampaniya da zəiflədi. Nə baş verən hadisənin ciddiliyi, nə də zorakılıq hallarının azyaşlılar arasına nüfuz etməsi cəmiyyəti silkələyə bildi. Dövlət qurumları tərəfindən də buna heç bir cəhd göstərilmədi. Nə televiziyalarda mövzu ilə bağlı bir maarifləndirmə işi aparıldı, nə mətbuat hadisənin üstünə getməyə özündə güc tapdı. Beləliklə, daha bir məsum gəncin qanını ört-basdır etdilər, getdi. Elinanın intihar səbəblərinin açılmasını, müzakirəyə çıxarılmasını və cinayətkarların cəzalandırılmasını bu hakimiyyət istəmədi. Çünki zorakılığı bu cəmiyyətə gətirən və insanları intihar hədinə çatdıran qatil elə bu rejimin özüdür.
Biz o məktəb müdiri üçün cəza istəmirik, xeyir, lakin cəmiyyət tələb edir ki, İlham Əliyev sistemlə əlaqəli tədbirlər görsün, kampaniyaya nəzər yetirsin, maarifləndirmə işini təşkil etsin. Söhbət Azərbaycanın gələcəyindən gedir, tək Elinadan yox…