Rövşən Hacıbəyli
Ağdamlılar prezidentə 16 gündə 32 məktub yazıb
Bu il oktyabrın 3-də Rusiyanın Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun yığıncağı Azərbaycanda aktuallığını hələ də qoruyub saxlayır. Sevimli xalqımız o günləri yaddaşına əbədi yazıb. Baxmayaraq ki, Azərbaycan “dünyanın ikinci böyük təşkilatı olan Qoşulmama Hərəkatına oktyabrın 25-dən sədrlik etməyə başlayıb… Qoşulmama Hərəkatından daha böyük təşkilat Birləşmiş Millətlər Təşkilatıdır ki, onun da sədri olmur”, yəni görün biz necə əzəmətli bir yerin sədriyik. Prezident İlham Əliyev Ağdaş sakinləri ilə görüşdə bu önəmli xəbəri xalqımıza çatdırıb.
Həqiqətən də böyük uğur qazanılıb, AzTV-lərin dediyinə görə, Afrikanın aparıcı nəşrləri, agentlikləri neçə gündür Qoşulmama Hərəkatının Bakı sammitindən yazır. Ancaq nə olsun, aradan bir həftə vaxt keçsə də, xalqımız yenə bir ay əvvəldə, Soçidə – “Valday”da ilişib qalıb.
Prezidentin saytının daimi və sadiq izləyicisi kimi son günlərdə baş verənlərə xalqımızın biganə qalmasından hədsiz narahatlığımı bildirirəm. Soçidən sonra olanlar sanki kimsənin vecinə deyil; nə “inqilabi islahatlardan”, nə də Qoşulmama Hərəkatından sayta məktub yazan var. Dünyanın diqqətində olan bir məsələ elə bil Azərbaycanda kimsənin vecinə deyil.
Çox ciddi narazılığım Ağdam rayon sakinlərindəndir. Onlar “dünyanın ikinci böyük təşkilatı” olan Qoşulmama Hərəkatını sanki görmək istəmirlər. Ancaq son bir ayı izlədikdə görürsən ki, prezident poçtuna yazılan hər 3 məktubdan biri, bəzən də ikisi bu rayonun payına düşür. Təsərrüfatda işlərin qızğın vaxtı olmasına, cəbhə bölgəsində, düşmənlə təmas xəttində yaşamaqlarına baxmayaraq, əhali siyasi proseslərdən bir an da olsun kənarda qalmır. Prezidentin daxili və xarici siyasəti daim bütün rayon zəhmətkeşlərinin diqqətindədir. Bunu onların prezident saytına ardıcıl yazdığı məktublardan da görmək olur. 18 oktyabr – 2 noyabrda, yəni 16 gün müddətində prezidentin saytında (www.president.az) bu rayon sakinlərinin 32 məktubu yerləşdirilib. 29 oktyabr və 2 noyabr tarixlərində gündə 1 məktub, qalan günlərdəsə sayta 2-3 məktub qoyulub. Şübhə yoxdur ki, məktub sayı daha çox olub, ancaq başqa rayonlardan gələn məktublar da var axı. Balansı gözləməyə çalışıblar. Ağdamdan gələn məktubların hamısı, istisnasız olaraq, İlham Əliyevin Paşinyana endirdiyi sarsıdıcı zərbə ilə bağlıdır. Məktublarda “Qarabağ Azərbaycandır və nida işarəsi” sözləri qırmızı xətt kimi keçir və endirilən zərbədən məmnunluq xüsusi vurğulanır: “…öz kəsərli sözlərinizlə Ermənistan Baş nazirinə elə bir yara vurdunuz ki, çətin o, bunu ömür boyu unutsun…”
Aşağıda həmin məktublardan bir hissəsi ilə tanış ola bilərsiniz. Məktubların nə vaxt, hansı tarixdə və saatda sayta yerləşdirildiyi də yazılıb. Çox maraqlı məktublardır, ancaq yeri nəzərə alaraq hər məktubdan bir abzasla yetərləndik. Bütün 32 məktubu oxumaq istəyənlər gərək prezident saytına baş vursunlar.
02 noyabr 2019, 14:30
Rza Əliyevdən, Ağdam, Azərbaycan
Hörmətli cənab Prezident.
Rusiya Federasiyasının Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasındakı dərin məzmunlu və cəsarətli çıxışınıza görə Sizə minnətdarıq.
01 noyabr 2019, 18:30
Qurban Rüstəmov və başqalarından, Ağdam, Azərbaycan
Möhtərəm cənab Prezident.
Soçi və Aşqabad şəhərlərində keçirilən mötəbər tədbirlərdə Ermənistan Baş nazirinin uydurma bəyanatı və bu dövlətin faşizmə verdiyi dəstək ilə bağlı səsləndirdiyiniz fikirlər və dəyərli sözlər çox təsirli alındı. Düşmən tərəfin bəyanatından fərqli olaraq, Siz tarixi faktlarla və əsl reallığı təcəssüm etdirən sözlərlə çıxış etdiniz. Elə buna görə də Sizin çıxışlarınız böyük maraqla qarşılandı…
01 noyabr 2019, 13:35
Vidadi Quliyev və Elyana Cabbarovadan, Ağdam, Azərbaycan
Hörmətli cənab Prezident.
Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasındakı qətiyyətli çıxışınız xalqımız tərəfindən alqışlarla qarşılandı. Bu çıxış bir daha hamını əmin etdi ki, Azərbaycan işğal olunmuş torpaqlarını son qarışınadək azad edəcək.
31 oktyabr 2019, 17:05
Ülviyyə Mahmudovadan, Ağdam, Azərbaycan
Hörmətli cənab Prezident.
Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasındakı çıxışınız bizi çox sevindirdi. Dünya siyasətində rolu və yeri olan dövlət başçılarının, siyasətçilərin, alimlərin iştirak etdiyi bu tədbirdə qətiyyətli mövqeyiniz səriştəli lider olduğunuzu nümayiş etdirdi, həmçinin işğalçı dövlətin Baş nazirinin Qarabağla bağlı bəyanatının qəbul edilməz olduğunu çox yüksək diplomatik formada tədbir iştirakçılarının diqqətinə çatdırdınız.
Cənab Prezident, Ermənistan Baş nazirinin Xankəndiyə səfəri zamanı söylədiyi sərsəm ifadəyə cavab olaraq, “Qarabağ Azərbaycandır və nida işarəsi” deməyiniz onun siyasi səriştəsizliyini ifşa etdi.
31 oktyabr 2019, 15:10
Bərdə rayonunda fəaliyyət göstərən Ağdam rayon köçkün orta məktəblərinin kollektivləri adından, Bərdə, Azərbaycan
Hörmətli cənab Prezident.
Soçi və Aşqabad şəhərlərində keçirilən mötəbər sessiya və iclasda Ermənistanın bədnam əməlləri və onun hazırkı baş nazirinin uydurma bəyanatı ilə bağlı səsləndirdiyiniz fikirlərə və qiymətli sözlərə görə Sizə “çox sağ olun!” deyirik.
31 oktyabr 2019, 11:45
Sudeyib Məhərrəmov və Zərifə Həsənovadan, Ağdam, Azərbaycan
Hörmətli cənab Prezident!
Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasındakı qətiyyətli çıxışınızla Azərbaycan xalqının, Azərbaycan dövlətinin maraqlarının Sizin üçün hər şeydən üstün olduğunu bir daha sübut etdiniz. Sizin həyata keçirdiyiniz siyasətin başlıca məqsədi Azərbaycanı daha qüdrətli dövlətə çevirməkdir.
30 oktyabr 2019, 16:15
Aygün İsgəndərova və başqalarından, Ağdam, Azərbaycan
Hörmətli cənab Prezident.
Rusiya Federasiyasının Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında, həmçinin Türkmənistanın Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının iclasındakı qətiyyətli çıxışlarınızla bir daha müstəqil Azərbaycanın haqlı mövqeyini diqqətə çatdırdınız. Sizin uğurlu siyasətiniz nəticəsində Azərbaycanın ədalətli və haqlı mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir…
30 oktyabr 2019, 12:05
Tacir Əliyev və başqalarından, Ağdam, Azərbaycan
Hörmətli cənab Prezident.
Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasındakı qətiyyətli çıxışınızla Azərbaycanın haqq səsini dünyaya çatdırdınız və işğalçı ölkənin canına qorxu saldınız. Sizin tərəfinizdən həyata keçirilən siyasətin başlıca məqsədi Azərbaycanı daha qüdrətli dövlətə çevirməkdir. Xalq bu siyasətinizi dəstəkləyir, işıqlı gələcəyə yolun Sizinlə olduğunu bilir…
29 oktyabr 2019, 14:10
Hətəm Sultanov və başqalarından, Ağdam, Azərbaycan
Hörmətli cənab Prezident.
“Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında bir müddət əvvəl Ermənistan baş nazirinin səsləndirdiyi populist bəyanatına cavabınız da bizi qürurlandırdı. Sizin dediyiniz “Qarabağ Azərbaycandır və nida işarəsi” sözlərindən sonra ürəyimizdə yeni ümidlər, yeni arzular alovlandı…
28 oktyabr 2019, 16:25
Cahangir Talıbov və başqalarından, Ağdam, Azərbaycan
Möhtərəm cənab Prezident.
“Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasındakı çıxışınız bizim xatirəmizdə əbədi qalacaqdır. Bu beynəlxalq və mötəbər tədbirdə Ermənistanın baş nazirinin populist bəyanatına cavab olaraq, dediyiniz “Qarabağ Azərbaycandır və nida işarəsi” sözləri qarşı tərəfin məkrli niyyətini və planlarını puç etdi, onlara güclü zərbə oldu…
28 oktyabr 2019, 13:25
Vəzir İbadov və başqalarından, Ağdam, Azərbaycan
Hörmətli cənab Prezident.
Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasındakı qətiyyətli çıxışınız hər birimizin ürəyindən xəbər verdi. Biz Sizə inanır, qəbul etdiyiniz qərarları dəstəkləyir, bir əmrinizlə işğal altındakı torpaqlarımızı azad etməyə hazırıq…
Son
Azərbaycan xalqı şahsevən xalqdır və nida işarəsi.
Meydan.tv