![](https://i1.wp.com/www.azadliq.info/wp-content/uploads/2019/11/IMG-20191116-WA0023.jpg)
Azərbaycan hakimiyyətinin korrupsiya ilə mübarizə yalanı altında qurduğu bir tələ var. Ölkədə bir az pulu olan, hökumətdə yüksək vəzifə tutub varlanan adamları fırlayıb salırlar o tora. Əvvəllər hakimiyyət daxilində bu işlə Hacı Məmmədovun dəstəsi məşğul olurdu, onlar qaydaları pozub “vurulduqdan” sonra estafet keçdi MTN şefi Eldar Mahmudova. Bilirsiniz, sahibkarlardan tutmuş nazirlərə, müəssisə rəhbərlərinə, deputatlara qədər hər təbəqədən bu tələyə düşənlər var. Amma maraqlısı odur ki, bu işin başında dayanıb, hamını tələyə salıb pul qoparanın özünü də sonda həmin quyuya itələyib yıxırlar. Və sonda məlum işin rəhbəri Mahmudovun ipi də qopdu və öz qurduğu tələyə düşdü. Məhkəmə prosesində MTN-dəki soyğunçu cinayətkar şəbəkənin üzünə duran onlarla zərərçəkən ortaya çıxdı. Onlardan alınan pulların da sayı-hesabı yox. Məlum oldu ki, onlar ağına-bozuna baxmadan böyük-böyük məmurlardan böyük-böyük pullar qoparıblar. Məsələn, o vaxt məhkəmədə ifadə verən sabiq “Metropoliten” rəisi Tağı Əhmədov dedi ki, onu oğlu ilə şantaj edib 3 milyon manatını alıblar. Bundan sonra həmin iş üzrə tutulan “rabitə dəstəsi”nin üzvlərinin məhkəməsində ortaya çıxdı ki, “Bakı Telefon Rabitəsi” İB-nin sabiq baş direktoru Beytulla Hüseynov istintaqa ifadəsində nazir müavini İltimas Məmmədova ev tikintisi üçün 1,5 milyon manat pul verdiyini deyib. Bənzər məsələnin üstü sabiq Nəqliyyat naziri Ziya Məmmədovun vurulması zamanı da açıldı. İsveçdə keçmiş nəqliyyat naziri Ziya Məmmədov və “Azərbaycan Dəmir Yolları”nın keçmiş rəhbərliyinin ətrafında iri korrupsiya qalmaqalı yaşananda, İsveç şirkəti “Bombardier” ilə bağlanan 288 milyon dollarlıq layihədən 50 milyon dolların yoxa çıxması aşkarlandı. Müstəntiqlərin fikrincə, bu pullar azərbaycanlı məmurlara şirinlik” məqsədilə rüşvət olaraq verilmişdi. Ümumi hesablamalarda həmin layihədən 86 milyon dollar yoxa çıxmışdı. Ziya Məmmədov vurulan zaman həmin pulların da hesabı soruldu, amma maraqlı olan bilirsiniz nədir? Həbs olunan, “vurulan”, sıradan çıxarılan bu adamlardan alınan milyonların hara, kimə getdiyi müəmma olaraq qaldı. Xalqdan oğurlanan, dövlətin büdcəsinə qaytarılmalı olan həmin pullar hara getdi? Müəmmadırmı?
Bunu hakimiyyət dairələrində də, xalq arasında hər kəs bilir, əslində. Vaxtında məşhur oliqarxlardan alınan biznes obyektləri kimin əlinə keçmişdisə, bu milyonlar da elə. İndi ölkənin, sadəcə, bircə pul cibi var və ona Əliyevlər holdinqi nəzarət edir. Beş il bundan əvvəl sabiq İqtisadi İnkişaf naziri Heydər Babayevin şirkətləri necə çökdürülmüşdü? Onun 22 milyon 350 min manat kapitalı olan holdinqi kimlərin əlinə keçmişdi? Holdinqə daxil olan “Bank Standard” QSC, “Standard İnsurance” MMC, “AB Legal Consulting Group” MMC, “Standard Lizinq” MMC, “Standard Capital” MMC, “Standard Football Club” MMC, “Dərngül boru zavodu” və “Lənkəran Mehmanxana” sıradan çıxarılıb, kimin şirkətləri ilə əvəzlənmişdi? Bəs Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova məxsus “Gilan” Holdinq və başqa obyektlər necə? Necə olub onun səhm nəzarət paketinə sahib olanların adları 2008-ci ilin noyabr ayında dəyişdirilib? Bəli, 2009-cu il referendumundan sonra isə sözləşmə rəsmiləşdirilib və səhm nəzarət paketi birmənalı olaraq Paşayevlərə ötürülüb. “Gilan”ın, sadəcə, bəzi zavodları 40-45 faizlik səhmlə Heydərovlar ailəsində qalıb. Başqa sahibkarlardan və oliqarxlardan alınan belə obyektlərin nə sayı var, nə hesabı. Onların hamısı hakim ailənin əlinə keçib. Yaxın zamanlarda “Amal Invest Group” MMC ilə birləşərək fəaliyyətinin dayandırıldığını elan edən “Nerka” MMC də eyni aqibəti yaşayıb. Mətbuat yazır ki, bu birləşməni aparıcı investisiya şirkətlərindən biri olan “Synergy Group” MMC-nin təsisçisi Əşrəf Kamilovla Azərbaycanın birinci ailəsinə məxsus şirkətlər qrupu arasında əqd kimi qiymətləndirmək olar. “Amal İnvest Group” MMC üç şirkətin (“PMD İndustries”, “Avanqard-I” və “Baku Development”) birləşməsi yolu ilə 2015-ci ildə təsis edilib. O, “Pasha Holdinq” şirkətlər qrupuna daxildir. Bundan əvvəl (yanvar 2016) “Amal Invest Group” başqa bir şirkəti (“S.V.N.” MMC) “udub”. KİV-in yazdığına görə, Ə. Kamilovun idarə etdiyi şirkətlərin sahibi sabiq vergilər naziri Fazil Məmmədovdur. Bundan başqa, bir vaxtlar dərman bazarına nəzarət edən, deputat Cavanşir Feyziyevə məxsus “Avromed” firmasını da 2015-ci il parlament seçkilərindən sonra hakim ailənin ələ keçirdiyi məlum olub.
Bir sözlə, Əliyevlər holdinqi ölkədə nə var yığıb-yığışdırıb toplayıb ailənin xəzinəsinə. Holdinq birdir, başqa adlar şərti olaraq seçilib ki, hakimiyyətin birinci şəxsinin soyadı ortalıqda çox hallanmasın. Yəni, “Paşa Holdinq”ə məxsus bütün şirkətlər də başqa birinə yox, elə onun övladlarına məxsusdur. Bu holdinqin ölkədə nəzarətə götürmədiyi bircə yüksək gəlirli obyekt belə qalmayıb. Hakimiyyət dairələrində qələmi qırılan bütün məmurların müsadirə olunan varidatı gedir Əliyevlərin hesabına. O oğurluq pullar qanuni şəkildə dövlət büdcəsinə qaytarılsaydı, bilirsiniz, ölkədə neçə illik uşaqpulu ödənişlərinə çatardı? Hələ dövlət səviyyəsində həyata keçirilən bu soyğunçuluğun adını da Heydər Əliyev Fonduna yardım yalanı ilə örtükləyiblər. Amma örtüyün dəlmə-deşik olduğundan, altındakı saxta üzlərin göründüyündən xəbərləri yox. Dünyada elə bir ölkə yoxdur ki, soyğunçu rejimlərin çöküşündən sonra xalqdan oğurlanan pulları geri qaytarmaq üçün məhkəmə qurmasın. O “böyük” gün Əliyevlər üçün də var. “Paşa Holdinq”in xalqdan oğurladığı nə varsa, hamısı müsadirə olunub xalqın özünə qaytarılmalıdır.