İyirmi altı illik yalana aldanan vətəndaşlara müraciət
![konstitusiya ile ilgili görsel sonucu](http://cs626624.vk.me/v626624727/2dadd/M55TN80dLT0.jpg)
Dünən İlham Əliyev “kadr islahatları” seriyasından daha beş rayona yeni icra başçısı təyin edib. Təyin olunan yeni icra başçılarını qəbul edən prezident görüşdə uzun-uzadı bir nitq söyləyib. Ənənəyə uyğun olaraq ölkədə gedən sürətli inkişafdan, dərin islahatlardan danışıb, inkişafımızı gözü götürməyən qara qüvvələrin arxasınca deyinib, daxildəki “müxalif ünsürlərə” barmaq silkələyib və xülasə, bir sürü yalan danışıb. Hamı yaxşı bilir, Əliyev hipokratiyasının Azərbaycana gətirdiyi siyasi sistem yalan və saxtakarlıq üzərində qurulub. Ortada yalandan başqa danışacaqları bir şey yox. Baxın, ölkə başçısı çıxışında nə deyir: “Əgər siz hansısa bəd əmələ düçar olsanız, əlbəttə ki, biz dərhal bundan xəbər tutacağıq və cəzanızı alacaqsınız. Elə işləməlisiniz ki, xalq sizdən razı olsun. İlk növbədə, xalqa xidmət etmək və öz vəzifənizin öhdəsindən peşəkarcasına gəlmək sizin borcunuzdur… Bir daha vətəndaşlara müraciət etmək istəyirəm, əgər görsəniz ki, rəhbər şəxslər əyri yola gedirlər, mütləq məlumat verin, mütləq xəbər göndərin və biz, əlbəttə ki, bütün siqnalları yoxlayıb düzgün qərar qəbul edəcəyik.” Çox gözəl, çox pakizə! On illərdir bu tribunadan üzümüzü Prezident aparatına tutub, millətin anasını ağladan bərbad idarəçilikdən, məmur qudurğanlığından, polis özbaşınalığından, məhkəmə süründürməçiliyindən danışırıq. On illərdir deputat adına parlament binasına yığdığınız qır-qır qarğa sürüsünün o məclisdən təmizlənməsinin vacibliyini vurğulayırıq. On illərdir ölkəni korrupsiya bataqlığına sürükləyib iflic edən oliqarx nazirlərin bəd əməllərindən yazırıq. Dönə-dönə deyirik, yazırıq, danışırıq da, nə faydası olur ki, möhtərəm prezident? Bu ölkədə gerçəkləri deyənlərin aqibətini görmürükmü? Həbsə atılanlar, sürgünə gedənlər, işdən qovulanlar həmin həqiqətləri deyən vətəndaşlar deyilmi?
Xalqı eşidən bu qədər “qanundankənar” deputatı qoruyardımı?
Dünən Konstitusiya günü idi və ölkə başçısı qanunların çarmıxa çəkildiyi bir ölkədə qanunun aliliyindən danışırdı. Bu nitqin ən ironik tərəfi nədədir, bilirsiniz? Guya prezident ölkədə qanun qəbul edən parlament deputatlarının özlərinin qanunun başına kəndir salıb sürüdüyünü bilmir. Guya bilmir ki, onun 16 illik hakimiyyəti dövründə parlament “qanundankənar avtoritetlər”in yığnağına çevrilib. Konstitusiya, dövlət, divan-məhkəmə sayan yox. Hər kəs hesabını verib mandatını alıb oturur yerində. O üzdən təmsil etdikləri rayonların seçicini adam yerinə qoyub, illərlə ora ayaq basdıqları da yox. Gülər Əhmədova qalmaqalında bu məsələ nöqtəsinəcən ifşa olunmadımı? Sabiq deputat Rafael Cəbrayılovun mandatı 3 milyona aldığı mətbuatda açıqca yazılmadımı? Zəngilan-Qubadlı dairəsinin 20 illik deputatı İmamverdi İsmayılovun haqqını verib mandatını aldığı və seçicilərə borcu olmadığını söylədiyi mətbuata sızmadımı? Məclisin yarıdan çoxunun qeyri-qanuni biznes fəaliyyəti ilə məşğul olduğu küllü-aləmə əyan deyilmi? SOCAR-ın prezidenti Rövnəq Abdullayevin şirkət rəhbəri olan gündən bəri milyarderə çevrildiyini bilmirmi? Onun oğlu Rəşadın dünya mediasına gündəm olan hoqqalarından, 25 milyonluq saat kolleksiyasından, dövriyyəsi milyardlarla ölçülən biznes şəbəkəsindən, avtomobil parklarından xəbərsizdir yoxsa? Yoxsa xəstə insanların faciəsindən milyonlar qazanan Kəmaləddin Qafarovun, Cavanşir Feyziyevin cinayətlərindən də xəbəri yox? Bəlkə zaman-zaman adları ölüm hadisələrinə qarışan deputatların adlarını da eşitməyib heç prezident? Yoxsa bu quldur yığınından ibarət parlament məclisi ilə xalqın başına necə bir bəla açdığının fərqində də deyil? Əliyev indiyəcən xalqın narazılığı əsasında bircə məmuru işdən qovduğuna dair misal gətirə bilərmi? Əgər o sözlərində, həqiqətən, səmimi olsaydı, sosial şəbəkələrdə məmur harınlığından, deputat qudurğanlığından fəryad edən sadə insanların səsini eşidərdi. Qulaq verib, onların nə istədikləri ilə maraqlanardı. Xalqın evini başına uçuran, torpağını əlindən alan cinayətkar parlament deputatlarını, yerli feodalları cəzalandırmaq tələbini qulaqardına vurmazdı. Amma o bunların heç birini etmir, əksinə sosial şəbəkədə fəryad edən insanları təhqiramiz şəkildə aşağılayıb, öz cinayətkar komandasını qoruyur.
On illərin davam edən yalan şousu
Dünənki qəbul daha bir maraqlı bir məqamı ortaya çıxardı. Ölkədə narazılıq artdıqca İlham Əliyevin görüş və çıxışlarının da sayı artır. O, xalq adamı olduğunu isbat etmək üçün daha məharətlə şoumenlik etməyə can atır. Arada kadr yerdəyişmələrinin arasına yeni bir sima əlavə edib göz boyamağı da unutmur. Budəfəki təyinatlarda Yasamal rayonuna başçı təyin olunan Elşad Həsənovun normal kadr olduğu haqqında söhbətlər dolaşır. Olsa belə, bu kosmetik boya ilə nə dəyişəcək ölkədə? Beş-altı yaxşı icra başçısı od olsa, özündən başqa kimi yandırar, axı? Bu sistemin mayası yalanla, rüşvətlə, oğurluqla yoğrulub. Bu sistem yalansız bir addım belə irəli gedəcək gücdə deyil. Prezidentin dünənki nitqində söylənənlər illər boyu söylənən ağ yalanların təkrarıdır. Ondan artığını gözləməyin özü də səfehlik olardı.