Aydın Mirzəzadənin 20 yaşlı gənclə yapsayağı polemikası
![](https://i1.wp.com/www.azadliq.info/wp-content/uploads/2015/11/aydin-mirzezade.jpg)
Parlamentin YAP-çı deputatı Aydın Mizəzadənin səhifəsində gedən bir polemika sosial şəbəkələrə gündəm olub. Onun paylaşımına rəy yazan Fərid Həsənsoy adlı gənc deputatı debata çağırıb. “ 20 yaşlı bir tələbə kimi sizi açıq debata dəvət edirəm. Gəlin görək, ünvanladığım sualların qarşısında adekvat cavablar verməyi bacaracaqsınız, yoxsa yox, hörmətli millət vəkili.” Mirzəzadənin gəncə cavabı belə olub –“hələ bir az böyü”. Deputatın gəncə belə aşağılayıcı cavabından qəzəblənən jurnalist Nurlan Cəfəri səhifəsində ayrıca paylaşım edib: “Deməli Prezidentin qəbul etdiyi Konstitusiya dəyişikliyində 18 yaşı tamam olan şəxs Milli Məclisə namizədliyini verə bilər. Millət vəkili Aydın Mirzəzadə isə 20 yaşında gəncə “hələ bir az böyü” deyir. Yəni, istəksizcəsinə dəyişikliyin absurdluğunu vurğulayır. Bunlar Prezidentin qərarından çıxacaq qədər qudurub, yoxsa bilmədən bu quşu buraxırlar?”
![](https://i1.wp.com/www.azadliq.info/wp-content/uploads/2019/11/IMG-20191110-WA0018-1024x947.jpg)
![](https://i1.wp.com/www.azadliq.info/wp-content/uploads/2019/11/IMG-20191110-WA0020-1024x942.jpg)
İnsafən, Aydın Mirzəzadə sosial şəbəkələrdə YAP-ın ən fəal deputatıdır. Adam səhifəsində gündəlik paylaşımlar edir, gündəmin hadisələrinə münasibət bildirir, yazılan rəylərə cavab verir. Şübhəsiz, onu parlamentdə illərlə kəlmə kəsməyən lal həmkarları ilə müqayisə etmək insafdan deyil. Amma nə qədər fəal və insanlara açıq siyasətçi olsa belə, Mizəzadə tipik YAP-çıdır. Haqlı-haqsız hakimiyyəti müdafiə edir, tənqidə dözümsüzdür, hökumətin başqa məmurları kimi yalan danışır, qarşısındakılara yuxarıdan aşağı baxmaq təkəbbürü var və s. Problemlərinin həlli üçün yanına gələn şikayətçilərdən biri deputat haqqında belə yazmışdı: “Dəfələrlə görüşüb ondan qarşılaşdığımız problemlə maraqlanmağını istədik, sosial şəbəkə vasitəsilə müraciət etdik. Sonda, o, bizi “tərbiyəsiz”, “mədəniyyətsiz” deyə təhqir edəndən sonra “blok”a atdı. Aydın Mirzəzadənin Mingəçevirdəki obyekti şəhid ailələrinin yaşadığı binaya yaxındır, amma bir dəfə də bizimlə maraqlanmır.” İllərdir gördüyümüz odur ki, bütün YAP-çı deputatların insanlığa münasibəti belədir. Çünki orda hər kəs özünü qarşısındakından aşağı görür. Mirzəzadənin 20 yaşlı gəncə “hələ bir az böyü” cavabı da, yəqin ki, bu təfəkkürdən irəli gəlir. Qanuna görə 18 yaşlı ölkə vətəndaşlarının parlamentə seçilmək hüququ varsa, sabah həmin 20 yaşlı gəncin də MM-də oturmaq şansı yarana bilər. Amma Mirzəzadə haqlıdır, neçə ki, ölkədə YAP sistemi, YAP-çılıq düşüncəsi var, o gənclərin MM-yə düşmək şansları sıfıra bərabərdir. YAP-çılıq düşüncəsinə görə, o sistemin yalanlarını mənimsəmədən böyümək imkansız bir şey!
![](https://i1.wp.com/www.azadliq.info/wp-content/uploads/2019/11/IMG-20191110-WA0021-1024x963.jpg)