İlin sonuna yaxınlaşırıq. “İlin Qimnastı” nomimasiyası və onu udan Əli Əsədov sosial şəbəkələri partlatdı. Xalq nominasiyalarının davamını tələb edir. Aylardır ölkədə baş verən bütün prosesləri diqqətdə saxlamağa, gündəm olan hər şeydən yazmağa çalışdıq. İndi də növbə gəlib çatdı “ilin nominasiyaları” silsiləsindən yarı ciddi yarı sarkastik yazılara. Rubrikamızın açılışını da Əli Əsədovla, indi isə Siyavuş Novruzovla başlamağa qərar verdik. Necə olsa, o, 19 illik fəaliyyəti ilə striptiz-parlamentin “ən rəngli” simalarından biridir. Təmsil olunduğu partiyanın cəfəng ideyalarına o qədər inanır ki, hər dəfə özünü gülünc günə salır. O həm də sosial şəbəkə istifadəçiləri arasında ən çox məsxərə hədəfi olan şəxslərdən sayılır. İndi durub kimə “Siyavuş Novruzovu necə tanıyırsınız?” sualını versəm, cavab bəlli. Hamı onu tipik YAP fiquru kimi tanıyır. Həyatını sovet təfəkkürlü qocaların yaratdığı siyasi təşkilatın müdafiəsinə həsr edən partokrat kimi. Həmin partiyanın öndə gedənlərindən biri kimi. Parlamentdə mürtəce ideyaları böyük canfəşanlıqla müdafiə edən deputat kimi. Öz partiya rəhbərinin böyük fanatı kimi. Sualı tamamlamaq üçün “sizcə Novruzov romantik biridirmi?” deyə soruşsam, gülərsiniz hər halda. Nədən hamınız yapçı Novruzovla romantikanı böyük sərhədlərin ayırdığını düşünürsünüz ki? Məsələn, xanımı Səbinə Əliyevanın Ombudsman vəzifəsinə seçilməsi söhbəti gündəmə gələndə, Novruzovun böyük bir eşq hekayəsi ortaya çıxdı. Məlum oldu ki, hamınızın yonulmamış, köntöy, partokrat hesab etdiyiniz 50 yaşlı deputatın romantik bir macərası olub. O qədər romantik ki, işin içinə mərhum prezident Heydər Əliyev də gəlib çıxıb. Qısacası, YAP-ın bərk gedən vaxtlarında Naxçıvandan gəlmiş cəhrili balası Siyavuş bir bakılı qıza aşiq olub. Həmin qız da olub keçmiş deputat və səfir Yaşar Əliyevin qızı Səbinə. Qızın ailəsi də, özü də gənc Siyavuşa bu sevdanın baş tutmayacağını bildiriblər. Üstəlik, aralarında bir xeyli yaş fərqi də var. Cəhrili balası inad göstərib, çevrəsində gümanı gələn bütün vəzifə sahiblərini işə qoşub. Məsələnin divanəlik həddinə çatdığını görən adamlar aşiq oğlana daşdan keçən bir məsləhət veriblər –Heydər Əliyevi elçiliyə göndərmək. Mərhum prezident də YAP-ın o zamankı Gənclər birliyinin sədri olan Novruzovun elçiliyini boynuna çəkib, qızın atasına zəng edərək məsələni yoluna qoyub. Eşq hekayəsi də beləcə “mutlu son”la başa çatıb…
İndi özünüz deyin, Siyavuş Novruzov romantik adamdır, ya yox? O, 19 illik deputatlığı dövründə hakimiyyətə xidmətinin hər cür mükafatını alıb, ailəsinə lüks həyat yaşatmağı bacarıb. Amma yəqin ki, ən böyük hədiyyəni Səbinə xanıma bu il edib. Doğrudan, halal olsun! Sədaqətli ər həyat yoldaşını 3 şanslı namizəd arasından Ombudsman vəzifəsinə seçdirməyi də bacarıb. Romantik deyilmi? Daha bundan sonra Əliyevlər hakimiyyətinin yolunda sevgili ər-arvad qoşa qanad çalacaqlar.
Ancaq deyəsən Novruzov bu deputatlıq işindən tamam yorulub. O, ötən müsahibələrinin birində demişdi ki, oğlu deputat olmaq istəyir. Bəlkə də, hakim ailənin “ötür-ötür” ənənəsindən ruhlanıb yerini oğluna təslim etmək məqsədi daşıyan bir mesaj idi ki, o da baş tutmadı. İki gün əvvəl hakimiyyət daxilindən aldığımız xəbərdə deyilir ki, Novruzovun adı yenə Əliyevlər tərəfindən adları yeni siyahıya salınmış namizədlər onluğunda yer alır. Xülasə, yeni parlamentdə Siyavuş Novruzovla yola davam! Hirslənməyin, yenə sayəsində xeyli güləcəksiniz. Bir də, o qədər kötük ruhlular arasında romantik birinin olması lazımdır, yoxsa yox?