“Qandallı əllərimlə şalvarımı tutmuşdum ki, çıxarmasınlar”
Ehtiyaclı ailələrə yardım apararkən aprelin 10-da saxlanılıb cəzalandırılan, ertəsi gün isə həbs olunan Müsəlman Birliyi Hərəkatının üzvü Hikmət Ağayev işgəncəyə məruz qalması barədə məktubunda başına gələnləri yazır:
“11 apreldə saat 15.00 radələrində icarəyə götürdüyüm meyvə-tərəvəz dükanında idim. Koronavirusla əlaqədar işsiz olan bir neçə ehtiyaclı ailə zəng eləmişdi. Onlara müəyyən qədər meyvə-tərəvəzi təmənnasız vermək üçün hazırladım. Bu vaxt iki maşın polislər gəldilər. Onlar mülki geyimdə idilər. Əllərimi qandallayıb, telefonumu aldılar. Məni Xətai rayon Polis İdarəsinə apardılar. Məni üçüncü mərtəbəyə qaldırıb, pilləkəndən sağa dönəndə birinci otağa saldılar. Təxminən ayaqyolunun yanında idi. Polislərdən birinin adı Hikmət idi. Dedilər ki, telefonun kodunu açım. Açmadım. Dörd nəfər əllərim qandallı vəziyyətdə məni ayaqla, dəyənəklə döyməyə başladılar. Yerə yıxdılar. Mənə dedilər ki, əgər kodu verməsən, dubinkanı arxana soxacağıq. Mən şalvarımın çıxarılmasına imkan vermirdim. Qandallı vəziyyətdə əllərimlə şalvarımı tutub saxlamışdım. Qışqırırdım. Qapı açıldı və bir nəfər dedi ki, dubinkanı arxasına soxub, videoya çəkəcəyik. Bu zaman mən özümdən getdim. Bundan sonra məndən əl çəkdilər. Məni ayıldandan sonra hamama apardılar, üzümü yumağa imkan verdilər. Otağa gətirib, mənə volokardin verdilər. Sonra yenə telefonun kodunu istədilər. Verməyəndə yenə döyməyə başladılar. Gördülər ki, yenə özümdən getdim. Tam əl çəkdilər. Sonra idarənin rəisinin yanına apardılar. Dedi ki, niyə camaata yardım paylayırsan? Səni kim maliyyələşdirir? Dedim ki, heç kim maliyyələşdirmir, Allaha xatir insanlara kömək edirəm. Sonra məni 36-cı polis bölməsinə gətirdilər. Bir sutka betonda saxladılar. Sonra ailə üzvlərimlə, yenə döyülməklə hədələyib bir izahata qol çəkdirdilər. Sonra məcbur edib, telefonun kodunu aldılar. Oradan facebook yazışmalarını götürdülər.
Hazırda sağ əl barmağım sınıb, şişkindir. Sağ qulağım eşitmir”.
Azadliq.info