Milli Şuranın sədri Cəmil Həsənli
Keçmiş Siyasi Məhbus Rüfət Səfərovun yazdığı bu dəhşətli mənzərə nə faşist konslagerlərində, nə Sovet Lyubyankasında, nə də İranın çox cinayətlərə şahidlik etmiş Evin həbsxanasında baş verməyib. XXI əsrdə İlham Əliyevin Azərbaycanda bərqərar etdiy “hüquqi” dövlətdə baş verib. Belə dəhşətli işgəncələrə heç XX əsrin Şərq müstəbidi kimi tanınan Məhəmməd Rza şahın qorxulu Tehranında da rast gəlməzsiniz. Buyurun Siz də tanış olun!
“Penitensiar Xidmətin xüsusi təyinatlıları “zon”a daxil olur. Məni “kars”ın kamerasından çıxarıb, gəzinti yerinə keçirirlər. Artıq Penitensiar Xidmətin rejim rəisi olan Füzuli (soyadını bilmirəm) və yanındakı 7-8 nəfər cəlladla qabaq-qənşər dayanmışıq. Dustaqlar arasında son dərəcə amansız, məhkum qanına təşnə biri kimi ad çıxaran Füzuli təxminən 1 dəqiqə ərzində üzümə tərs-tərs baxıb, yumruqla sifətimə ilk zərbəni endirdi. Əllərim qandalda olsa da müvazinətimi saxlaya bildim, yıxılmadım. Bundan əsəbiləşən yanındakı cəlladlardan biri məni əlləri arasına qaldıraraq yuxarı qaldırıb yerə çırpdı. Zalım oğlu elə bil kartof atırdı. Bayıldım. İçi su ilə dolu vedrəni başıma əndərib ayıltdılar. Əvvəldən sözləşibmişlər kimi, 7-8 cəllad eyni zamanda üzümə tüpürməyə başladılar. Əllərim arxadan bağlı olduğuna görə çənəmi tam sinəmə dayadım ki, heç olmazsa, iyrənc ağızlardan çıxan bir topa tüpürcək başıma, tüklərimə hopsun. Amma bu, daha da vəhşiləşmiş Füzulini və cəlladlarını qane edə bilməzdi. Biri sağ, o biri sol qulağımdan tutub başımı qaldırdı. Mən yenidən var gücümlə başımı aşağı endirmək istəyəndə Füzuli dəyənəklə boynumun ardından vurub yerə sərdi. Qollarımı qandaldan azad etdilər. Bir ayaq sağ, bir ayaq sol qolumun üstünə, 4 ayaq sağ, 4 ayaq sol ayağımın üzərinə qoyuldu ki, tam tərpənməz qalım. Təxminən 20 dəqiqə ərzində fasiləsiz surətdə yumşaq ətimə zərbələr endirildi. Özümü yarımçıq hiss edirdim: göbəkdən aşağı nahiyələr artıq mənə aid deyildi… Yenə bayıldım. İçi su ilə dolu vedrəni başıma əndərib yenidən ayıltdılar, boş vedrəni də başıma çırpdılar. Bu zaman Füzuli ayağını başımın üstünə qoyaraq: “Yenə özünü qudurğan kimi aparasan?”,- deyə qışqırdı. Heç bir reaksiya vermədiyimi görüb, əmr etdi: “Dabanını əzin!” Təxminən 15-20 dəqiqə ərzində pəncəmin altına zərbələr vurmağa başladılar. Əvvəlki kimi baş, əl və ayaqlarımın üstündə az qala oturmuşdular. Artıq taqətdən düşdüm, dözülməz ağrılar iradəmə üstün gəldi…Nə isə ki, artıq mütəhərrik meyitəm. Qollarıma girib, kameraya atırlar. Kamerada tualetin ətrafında elədən-elə, belədən-belə sürüyüb, bədənimlə döşəməni təmizləyirlər. Bütün müqəqddəslərə and olsun, əziz oxucu, bununla da ürəkləri soyumur, yenidən əllərimi, ayaqlarımı “şkonka”ya bağlayıb çıxırlar. Axşam saat 17-00-dək belə vəziyyətdə qalıram. Nə qədər istəsəm də… tualetə getmək üçün qandaldan azad etmirlər. Özümü batırıram. Özüm-özümdən iyrənirəm. İt kökündəyəm. Daha doğrusu, itdən də betər. Sağ olsunlar, ailəm, Eldəniz Quliyev, Bəhruz Bayramov həyacan təbili çaldıqdan sonra Ombudsman Aparatının əməkdaşları, daha sonra Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri mənə baş çəkdilər. Peşəsindən irəli gələrək ən dəhşətli səhnələrə şahidlik edən pakistanlı həkim mənə baxıb, göz yaşlarını saxlaya bilmədi…”