Bir həftə əvvəl ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyası öz bəyanatında dünya hökumətlərini COVİD-19 pandemiyası ilə əlaqədar dini vicdan məhbuslarını azad etməyə çağırıb.
Fevralda Komissiya nümayəndələri Azərbaycana səfər edib, burada həbs edilmiş dindarların vəziyyəti ilə tanış olublar. Hüquq müdafiəçilərinin qiymətləndirmələrinə görə, 130-dan çox siyasi məhbusun yarısı dini fəallardır.
USCİRF-in sədr müavinləri Geyl Mançin və Nadin Maentsa müsahibəsində Azərbaycanda din azadlığının vəziyyəti haqqında danışıb.
Sual: Bu yaxınlarda USCİRF dünya hökumətlərini dini əqidələrinə görə həbs edilmiş bütün məhbusları azad etməyə çağırıb. Bu çağırışa nə səbəb olub?
Geyl Mançin: Bütün dünya ölkələri COVİD-19-un yayılmasına reaksiya verir və onun yayılmasının qarşısının alınması üzrə müxtəlif tədbirlər görür, USCİRF bu siyasətin beynəlxalq hüquq normalarına uyğun olmasını və dini etiqad azadlığı problemlərinin lazımi şəkildə nəzərə alınmasını diqqətlə izləyir. İctimai səhiyyə hökumətlərin zəruri olduqda din və ya etiqad azadlığını məhdudlaşdırmasına əsas olacaq azsaylı qanuni maraqlardan biridir. Amma bu məhdudiyyətlər ayrı-seçkilik salınmadan tətbiq edilməli və açıq şəkildə ictimai sağlamlığın qorunması ilə əlaqədar olmalıdır.
Nadin Maentsa: Biz COVİD-19 pandemiyasının bütün dünyada dinə necə təsir etdiyini görürük. Bir çox dini icmalar artıq öz mərasimləri və dini bayramları üçün toplana bilmir. Hökumətlər dini etiqad azadlığının təmin edilməsi sahəsində öz öhdəliklərini etiraf etməlidir.
Sual: Qeyri-hökumət təşkilatlarının qiymətləndirmələrinə görə, Azərbaycanda 130-dan çox siyasi məhbus var və onların yarısına yaxını dini fəallardır. Bu yaxınlarda USCİRF nümayəndələrinin Bakıya səfərindən sonra Komissiya dini məhbusların Novruz ərəfəsində azad ediləcəyinə ümid etdiyini bildirib. Bunun əvəzinə prezident Əliyev cəmi iki məhbusu “yaşları və səhhətləri ilə əlaqədar” azad edib.
Müsəlman Birliyi Hərəkatı hakimiyyətin əsas təzyiq obyektlərindən biridir və onun ictimaiyyətin xüsusi diqqət göstərmədiyi iki lideri – hər biri 20 il müddətinə azadlıqdan məhrum edilmiş Taleh Bağırzadə və Abbas Hüseynov həbsdə əziyyət çəkir.
Vicdan məhbuslarının acınacaqlı vəziyyəti heç də həmişə Qərbin diqqətini çəkmir. Bakıya səfəriniz zamanı bu məsələni qaldırmaq imkanınız olub?
Nadin Maentsa: Azərbaycanın iki dini məhbusu azad etməsi bizi ümidləndirib, amma bu, Azərbaycanda dini fəaliyyətə görə həbs edilmiş təxminən 45 nəfərdən cəmi ikisidir. Bu həftənin əvvəllərində ABŞ Dövlət Departamentinin din azadlığı üzrə səfiri Sem Braumbek Azərbaycanı dini məhbusları azad etməyə çağırıb. COVİD-19 pandemiyasının yayılmasının qarşısının alınması üzrə səylər fonunda həddindən artıq dolu olan həbsxanalarda barmaqlıqlar arxasında olan insanlar xüsusilə virusa yoluxmağa məhkumdur.
Geyl Mançin: Biz nümayəndə heyətlərimizin səfərləri zamanı müntəzəm olaraq vicdan məhbuslarının işlərini qaldırırıq və onların azad edilməsinə çalışırıq, Azərbaycanda da belə olub. Dini məhbusların əksəriyyəti Müsəlman Birliyi Hərəkatının üzvləridir, USCİRF onların işlərini izləyir.
Biz hakimiyyətin Novruz ərəfəsində dini məhbusları azad edəcəyinə ümid edirdik, amma, təəssüf ki, bu, baş vermədi. Bu gün biz israrla Azərbaycan hökumətini tibbi və humanitar məqamları nəzərə alaraq, bütün dini vicdan məhbuslarını azad etməyə çağırırıq.
Sual: USCİRF 2019-cu il üçün illik hesabatında qeyd edib ki, Azərbaycan din azadlığının olmadığı 28 ölkədən biridir. Eyni zamanda, sizin nümayəndə heyətiniz Azərbaycana səfərindən sonra daha müsbət rəy verib, “hökumətin dini icmaların öz əqidələrinə azad şəkildə etiqad edə bilməsi üçün çox şey vəd edən addımlar atdığını” qeyd edib. Nə nəzərdə tutulduğunu izah edə bilərsiniz?
Geyl Mançin: USCİRF 2013-cü ildən etibarən, sonuncu dəfə isə 2019-cu ilin aprelində Azərbaycanı dini etiqad azadlığının pozulmasına görə 2-ci səviyyəli ölkələr kateqoriyasına aid edib. Dini etiqad azadlığının bir çox pozuntuları faktiki olaraq bir çox dini icmaları və onların hüquqlarını məhdudlaşdıran dini etiqad azadlığı haqqında 2009-cu il tarixli qanundan irəli gəlib.
Qanun bütün dini icmaların qeydiyyatını tələb edir və qeydiyyatsız fəaliyyəti qadağan edir. Uzun illər ərzində qeydiyyatı olmayan dini icmalar polis reydlərinə, cərimələrə, saxlanılma və həbslərə məruz qalıb.
Son bir il ərzində belə faktların və dövlət tərəfindən atılan addımların kəskin şəkildə azalması müşahidə olunur, bu da xeyli yaxşılaşmadır. Amma bu, qanunda təsbit edilməlidir və buna görə biz Azərbaycan hökumətinə din haqqında qanuna düzəlişlər etməyi və onu beynəlxalq standartlara uyğunlaşdırmağı israrla tövsiyə edirik.
Nadin Maentsa: Azərbaycan öz müsəlman icmalarına və vətəndaşlarına qeyri-müsəlman icmalardan fərqli yanaşır və onları ayrı-seçkiliyə məruz qoyur. Müsəlman icmalar birbaşa Qafqaz Müsəlmanları İdarəsinə – imam təyin edə bilən yeganə idarəyə tabedir. Bundan başqa, Azərbaycan hüdudlarından kənarda dini təhsil almış müsəlmanların rəsmi icazə almadan dini mərasimlər həyata keçirməsi qadağandır.
Bu, əsasən İran kimi qonşuların təsirindən ehtiyatlanaraq, dindarlara nəzarət etmək istəyi ilə əlaqədardır.
Rəsmi qeydiyyatdan keçməyə çalışan protestantlar və Yehova Şahidləri kimi digər dini icmalar problemi Azərbaycanda bu dinlərin “qeyri-ənənəvi din” hesab olunmasında görürlər.
Sual: Fevralda Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanın dini ədəbiyyat idxalını qadağan etdiyi dini icmanın xeyrinə qərar çıxarıb. Ötən il hökumət bir ilahiyyatçının islam haqqında kitabını qadağan edib. Bakıda rəsmi şəxslərlə görüşlərdə bu məsələləri qaldırmaq şansınız olub?
Geyl Mançin: AİHM-nin Azərbaycanın Yehova Şahidlərinin dini kitablar idxal etməsini qadağan etməsi haqqında bu yaxınlarda qəbul etdiyi qərar böyük əhəmiyyət kəsb edir və biz bu qərarın mövcud qanunvericiliyə yenidən baxılması üçün yol açacağına ümid edirik. Heç də bütün dini icmalar dini ədəbiyyatın idxalı və ya yayılması zamanı problemlərlə üzləşməyib. Amma hökumət müdaxilə etdikdə və hansı ədəbiyyatın məqbul olduğuna, hansının məqbul olmadığına qərar verdikdə bu problem yaranır.
Eyni şey Elşad Mirinin kitabına da aiddir, hökumət nəzarət tətbiq etməyə çalışır, bu da beynəlxalq standartlarla bir araya sığmır.
Sual: Bununla belə, Azərbaycan hakimiyyəti vaxtaşırı olaraq tam dini azadlıq olduğunu bəyan edir və hətta digər ölkələrin “Azərbaycanın tolerantlıq modelini” tətbiq etməli olduğunu iddia edir. Bu barədə nə düşünürsünüz?
Nadin Maentsa: Azərbaycan gözəl insanları olan çox gözəl ölkədir və biz cəmiyyətdə dini müxtəlifliyin və dözümlülüyün fərqli şəkildə qiymətləndirildiyini görməkdən şad olduq. Şübhəsiz, təriflənəcək hallar da var, məsələn, antisemitizmin olmaması, amma vəziyyəti yaxşılaşdırmaq üçün bir çox imkanlar var və biz Azərbaycanın digər ölkələrə nümunə olmasını istərdik. Amma bunun üçün Azərbaycan əvvəlcə dini etiqad azadlığını bir hüquq kimi təmin etməli və müdafiə etməlidir. Ümid edirik ki, Azərbaycan din azadlığının daha da yaxşılaşdırılması üzrə addımlar atmağa davam edəcək.
TURAN