![](https://i1.wp.com/www.azadliq.info/wp-content/uploads/2017/02/mehriban-eliyeva-e1498586224533.jpg)
Özünü zorla insanlara mələk cildində sırımaqla deyil. Medal və orden kolleksiyasına görə xalq sizi sevməyəcək. Aprel şəhidlərini niyə unutmusunuz? Niyə xalqın 190 manatını vermirsiniz? Niyə sizin “BRAVO” xalqdan bu çətin koronavirus dövründə pul qazanır? Azərbaycan insanı Əliyevlər ailəsindən daha birinin hakimiyyətə gəlməsini istəmir. Bunu ailənin özü də yaxşı bilir. Trolları 24 saat Mehriban Əliyevanın şəninə tərif yağdırmaqla deyil, siz sosial şəbəkələrdə aparılan sorğuların nəticələrinə baxın. O sorğularda insanlar nəinki bu ailəni istəmədiyini, onlara nifrət etdiyini yazır. Doğrudan da, ölkə insanının bunları nədən sevməsinə dair mənə bir səbəb göstərin. İllərlə kirayələrdə yaşayan gənclərin haqqını oğurlayıb, Dubayda, Londonda, Moskvada 150 milyon dollarlıq malikanələrə yatırdığına görəmi? Təhsil haqqını ödəyə bilmədiyindən,universitetlərini buraxmaq zorunda qalan tələbələrin arzusunu gözündə qoyub, neft milyardlarını ofşorlara daşıdığına görəmi? Bəlkə yoxsul ailələrin uşaqpulu payını kürüyə xərcləyib, uzaq ölkələrə rüşvət daşıdığına görə? Bəlkə ölkədə yaratdıqları karantin-gestapo rejiminə, tiranlığa, qanunsuz ailə idarəetməsinə görə? Ortada bunları istəyəcək kiçik bir səbəb belə yoxdur, əfəndilər. Əliyevlər bu xalqı rəiyyət, özlərini də saray şahzadələri sayırlar. Geyimlərindən tutmuş davranışlarına, danışıqlarına qədər xalqdan çox-çox uzaq adamdırlar. Təqaüdçünün təqaüdünə, əsgərin payına, körpələrin haqqına göz dikəcək qədər uzaq. Bunlar yetimin əlindən papağını əlindən alıb, geri qaytaranda “sağ ol” gözləyən adamlardır. Xalqın xəzinəsindən on götürüb, bir xalqa verəndə ona minnət vuran adamlar…
![](https://i1.wp.com/www.azadliq.info/wp-content/uploads/2020/04/meh.jpeg)
Necə ki, bunu Mehriban Əliyeva illər boyu qayınatasının adına açdığı fond vasitəsilə edib. Başqasının vəsaiti ilə məktəb tikdirib, öz adına yazdırıb. Müəssisələrdən toplatdığı pullarla beş-on ailəyə yardım payladıb, öz adına çıxıb. Sahibkarlardan zorla qopardığı pullarla 3-5 imkansız uşağı əməliyyat etdirib, özünü təriflədib. Ölkənin pullarını babasının xəzinəsindən götürmüş kimi daşıyıb uzaq xaricdə muzey, məktəb təmir etdirib, adını qoyub xeyriyyəçi. Amma avropalılar bizdən çox gözüaçıqdır axı. Xanımın nədən belə əl-ayaqdan getdiyini, canfəşanlıq etdiyini tez anlayıblar. Onun “5 il ərzində Fransada mədəniyyət layihələri və bərpa işləri üçün 1,25 milyon avrodan çox pul ayırmasını “xeyirxahlığı satın almaq cəhdi” kimi dəyərləndiriblər. Xanım Əliyevanın məqsədli və öz reklamına hesablanmış xeyriyyəçiliyini bundan gözəl ifadə edən deyim tapmaq olmaz. Artıq Azərbaycan insanı da ilk illərdəki kimi onun xoş məramına inanacaq qədər sadəlövh deyil. Artıq hər kəs onun mələk maskası altında nə işlər çevirdiyini yaxşı anlayır. Artıq sadə ölkə vətəndaşı onun bir paltarının qiymətinə beş il qul kimi işlədiyini bilir. Artıq bütün maskalar cırılıb, xeyirxahlığı satın almaq cəhdləri boşa çıxıb.
İndi də insanların gözünü boyamaq üçün yeni bir şou qurublar. Mehriban Əliyevanın kadrlarından ibarət yeni komanda gəlir, güyə pandemiya ilə mübarizə aparmağa! Sistemin vintlərini bərkidib sükanın arxasına xanımı keçirməyə hazırlaşırlar. Vitse-diktator xanım, hər şeyə rəğmən, prezident olmağa hazırlaşır. O bu iddiasını reallaşdırmaq üçün şeytanla əməkdaşlıq etməyə belə razıdır. Kremlə səfər edib Putindən medal alması ilə bunu bir daha təsdiqlədi. Rusiya Duması komitə sədrinin müavini Zatulin “Azərbaycan Qarabağ, Kəlbəcər və Laçından əl çəkməlidir, Azərbaycana yalnız 5 rayon qaytarıla bilər” deyir. Bunun ardınca Mehriban Əliyeva gedib Kremldən orden alır. Ordeni sinəsinə taxandan sonra da “Azərbaycanla Rusiyanın dostluq münasibətləri indiyədək belə yüksək səviyyədə olmamışdı” söyləyir. Bu rüsvayçılığın, bu rəzalətin də qiymətini özünüz verin. Əri kimi vitse-prezident xanım üçün də xalq, millət, torpaq anlayışları boğazdan yuxarı sözlərdir. Onlara, sadəcə, hakimiyyət lazımdır. Lüks həyatı, milyardları, saray keyfini əldə saxlamaq və uzun illər davam etdirmək üçün hakimiyyət! İndi özünüz deyin, belə antimilli adamları xalq niyə istəsin ki? Belə adamlar koronavirusdan da pisdir.