Aprel şəhildərdən yazırıq, koronavirusdan yazırıq, bu dəfə gündəmi dəyişək. Anar Əlizadənin və Adnan Əhmədzadənin adları mətbuata yaxşı tanışdır. SOCAR-da ölkə neftinin xarici bazarlara satışı ilə bağlı baş verən bütün qaranlıq məsələlərdə onların adları keçir. Artıq təkcə yerli mətbuatda deyil, beynəlxalq mediada da bu mövzuda böyük məqalələr nəşr olunub. Həmin yazılarda Rövnəq Abdullayevin qaranlıq satış işlərini qohumu Anar Əliyevə və Adnan Əhmədzadəyə etibar etdiyi açıqlanır. Anar Əlizadə və Adnan Əhmədzadə kimlərdir, onların adları niyə şirkətin bütün önəmli işlərinin içində keçir? Ədmədzadədən başlayaq.
Əhmədzadə 2006-cı ildən SOCAR-ın Marketing və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi olub, “SOCAR-Trading”ə rəhbərlik edib. Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə və İspaniyada biznesmen kimi tanınır. SOCAR-ın vitse-prezidenti Elşad Nəsirovun sağ əlidir.
Əhmədzadə SOCAR-dakı fəaliyyəti sayəsində özünə böyük biznes şəbəkəsi qurub. Ölkədəki “Rahat” supermarketlər şəbəkəsinin, “Xoxo” gecə klubunun, Rusiya, Ukrayna Gürcüstan, Qazaxıstan və Polşada iri layihələr həyata keçirən “Caspian Service” tikinti şirkətinin də ona məxsus olduğu deyilir. Binə qəsəbəsindəki atçılıq fermasında bahalı “Throughbred” atları var. Onun bahalı avtomobillərinin, qiyməti 1 milyon dollara çatan “Jacob & Co Astronomia” saatının, “Palm Cümeyrada” daşınmaz əmlakının hansı pullarla alındığı kimsəyə sirr deyil.
Jurnalist Cavanşir Həsənlinin araşdırmalarından məlum olur ki, İngiltərə və Uelsdə əmlak qeydiyyatını aparan HM Land-ın məlumat bazasında Adnan Əhmədzadənin 2016-cı ilin fevralında Londonda qiyməti 6 milyon 50 min funt sterlinq olan mənzil aldığı haqqında sənəd yerləşdirilib. Bu sənəddə Adnan Əhmədzadənin yaşayış ünvanının Dubayda Palm Jumeirahdakı Oceana Residence (Argean Building PH2) olduğu əksini tapıb. Bu rezidensiyada 3 otaqlı mənzilin qiyməti 3.9 milyon dirhəmdən 7.7 milyon dirhəmə qədər (1.1 milyon dollardan 2.1 milyon dollara qədər) dəyişir. Londonda da onun “AA PROPERTIES 2000 LTD” adlı şirkəti qeydiyyatdan keçib. Şirkət daşınmaz əmlak alışı ilə məşğuldur. Əhmədzadələrin İngiltərədə daha bir şirkətləri var. Londonda fəaliyyət göstərən PS ASSETS LİMİTED şirkəti 2 oktyabr 2013-cü ildə qeydiyyatdan keçib. Adnan Əhmədzadənin qardaşı Xəyal Əhmədzadə də SOCAR rəhbərliyində təmsil olunur. O, qardaşının prezidenti olduğu “SOCAR-Trading”də biznesin inkişafı üzrə vitse-prezident vəzifəsini icra edib. Adnan Əhmədzadənin daha bir şirkəti İspaniyadadır. SIMPLEMENTA2000 SL 11 oktyabr 2018-ci ildə Malaga Ticari Qeydiyyat Bürosunda (Registro Mercantil de Málaga) SOCAR-ın idarə rəisinin öz adına qeydiyyatdan keçib.
Siyahını bir az da uzatmaq istərdik, amma çox uzundur, bizim kimi, sizin də gözləriniz qaralar. Əlizadə və Əhmədzadə bu qədər əmlakı Rövnəq Abdullayevə hansı xidməti sayəsində yığıb görəsən? Onlara Abdullayevin bütün çirkli işlərini həyata keçirdiyi, gecəsi bir milyona başa gələn bahalı “partiləri”ni təşkil etdiyi, “kassası” rolunu oynadığı haqqında deyilənlər təsdiqini tapır artıq. Bir müddət əvvəl SOCAR-da vergi və yeyinti şübhələri əsasında yoxlamalar aparılanda Əhmədzadənin həbs olunduğu xəbəri yayılmışdı. Sonra adam qalmaqaldan sağ çıxıb öz işinin başına qayıtdı. Suallar çoxdur və bu suallara o vaxt nöqtə qoyulacaq ki, prezident özündə cəsarət tapıb şirkəti quyunun dibinə salan Rövnəq Abdullayevi istefaya göndərsin.