
2020-ci ilin son ayları Azərbaycan üçün ikinci Qarabağ müharibəsi ilə yadda qalsa da, il boyunca dünyada insanların gündəlik həyatına ən böyük təsir göstərən faktor koronavirus pandemiyası oldu. COVİD-19 insanların sərbəst dolaşmaq, sevdikləriylə görüşmək, işləmək və bənzər azadlıqlarını əlindən aldı.
Təbii ki, Azərbaycan bu pandemiya dönəmini ağır keçirən ölkələrdən biridir. Hökumətin anti-böhran paketi heç bir işə yaramadı. İnsanların bir hissəsi ancaq bir parça çörək üçün karantin qaydalarına məhəl qoymadan iş arxasınca qaçdı. İş yerləri bağlananlar isə çarəni 190 AZN-lik müavinətə müraciət etməkdə gördü. Amma bildiyiniz kimi, müraciət edənlərin böyük çoxluğu bu məbləği absurd səbəblərdən ala bilmədi. Halbuki, hökumətin bu məqsədlə açıqladığı paket çox yüksək olmasa belə, aşağı rəqəm də deyil. Beynəlxalq Valyuta Fondunun statistikalarına əsasən, Azərbaycan hökumətinin yardım paketi 3.3 milyard AZN-dir ki, bu da ÜDM-nin 4.85 faizini təşkil edir. Yardım paketində sahibkarlara dəyən ziyana 215 milyon AZN, xırda sahibkarlara 80 milyon AZN, müvəqqəti ictimai işlərə 54 milyon AZN, işsizlərə ödəniş üçün 230 milyon AZN, təqaüdlərə 230 milyon AZN, enerji və təhsilə is 20 milyon AZN ayrılmışdı. Həmçinin, paketin içərisində tibbi ləvazimatların təchizi, modul tipli xəstəxanaların yaradılması, çarpayı sayının artırılması kimi pandemiya dövründə ən önəmli məsələlərə yardımlar da daxil edilib. Təəssüf ki, paketin içərisindəki tibb işçilərinin ödənişləri cəmi 100 milyon AZN-dir ki, bu da pandemiya dövründə ən çox çətinlik çəkən insanların əməkləri qarşısında çox aşağıdır.
İndi isə keçək hökumətin bu strategiyasının siyasi tərəflərinə. Fevral-mart aylarında İran xəstə sayına görə dünyada ikinci yerdə ikən sərhədlər uzun müddət bağlanmadı. Bu da sayın sürətli şəkildə artmasına səbəb oldu. Həmin dövrdə testlərin istifadəsi başlamamışdı. Əminəm ki, testlər olsa, xəstə sayının da minlərlə olduğu bəlli olacaqdı.
Ölkə prezidenti İlham Əliyev lazımi koronavirus tədbirlərini görmək üçün planlar cızmaq əvəzinə, xalqın etirazlarından qorxaraq müxalifətə, xüsusilə Milli Şura və AXCP-yə repressiyalara başladı. Partiya fəallarının həbsinə start verildi və AXCP lideri Əli Kərimlinin bütün kommunikasiya vasitələri məhdudlaşdırıldı.
İşsizlərə birdəfəlik 190 AZN-lik sosial müavinət veriləcəyi deyilsə də, ehtiyacı olan əhalinin böyük hissəsi onu ala bilmədi. Alanların da bəziləri həmin məbləği istifadə etmədikləri üçün hesabları bloklandı.
Əhalinin sosial problemlərinin pik həddə çatdığı və cəmiyyətin partlayan bombaya çevrildiyi bir vaxtda Qarabağ müharibəsi başladı. Təbii ki, hər bir azərbaycanlı işğalda olan torpaqların geri qaytarılmasını istəyirdi. Əliyev də insanların hisslərindən sui-istifadə edərək müharibəni sırf bu vaxta saldı ki, insanların fikrini pandemiyadan yayındıra bilsin. Müharibədən bir neçə ay əvvəlki ekspert proqnozları da bu yöndə idi. Təəccüblüdür ki, müharibə dövründə xəstə sayı artmırdı. Üstəlik, müharibədən əvvəlki 50 min insanın bir yerə yığışdığı 14 iyul “Orduya Dəstək” mitinqindən sonra belə artım olmadı. Bu da onu deməyə imkan verir ki, hökumət həmin dövrdə xəstə sayını gizləyirdi.
Qısası, 2020-ci il Azərbaycan xalqının tarixində xüsusi yeri olacaq bir il kimi yadda qaldı. 3000-ə yaxın şəhid verdik, ən az 3000-ə yaxın insan koronavirusdan həyatını itirdi, Qarabağın bir hissəsi işğaldan azad edildi, amma həmin ərazilərə Rusiya sülhməramlıları daxil oldu. Hələ ki, xalqımız qələbə eyforiyasından ayılmayıb, amma hər kəsin rusların nədən burada olduğunu, keçən ilin “Qələbə İli” olmadığını anlamasına da çox qalmayıb.
Mirəli Mirhəşimli