
Ağsuda yeni başçının köhnə idarəçiliyi
Ağsunun bu günkü idarəçilik vəziyyəti ilə bağlı rayondan redaksiyamıza məlumat daxil olub. Məlumatda bildirilir ki, Ağsu rayonunun başçı sarıdan hələ ki, bəxti gətirmir: “Ağsunun icra başçısı postunda uzun müddət Səlim Müslümovun dayısı Ənvər Seyidəliyev işlədi. Kosmetik işlərdən və yeni tikilən dövlət idarələrini doğulduğu kəndin – Pirhəsənli kəndinin həndəvərinə saldırmaqdan başqa Ə.Seyidəliyev ciddi bir idarəçilik fəaliyyəti ilə yadda qalmadı.
Ondan sonra rayona Vahid Tağıyev göndərildi. V.Tağıyev əvvəlcə özünü işgüzar və ciddi rəhbər kimi göstərməyə çalışdı, lakin bu görüntü təxminən bir ay çəkdi. Təzə başçı icra aparatında kök atmış “köhnə qurd”lardan yalnız birini dəyişdi, onun da yerinə yenə köhnə qurd əyləşdirdi. Qalan köhnələrin də vəzifələrini artırdı. Beləcə, struktur dəyişmədi, rüşvətxorluq və saxtakarlıq daha böyük miqyas aldı. Bir il keçmiş V.Tağıyev özü dünyasını dəyişdi. Dedilər, karonadan getdi. Yerinə birinci müavin, elə V.Tağıyevin özünün vəzifə verdiyi Füzuli Kərimov gətirildi. O, təxminən altı ay işlədi, amma nə işlədiyi, nələr işlətdiyi bilinmədi. Bircə adı oldu ki, icra başçısını əvəz edir. Mərhum başçının Ağsudakı fəaliyyətinin son aylarında ölkə Prezidentinin 2019-cu ilin Şamaxı zəlzələsi ilə bağlı yarımçıq təmir işlərinin tamamlanması üçün ayırdığı 3 milyon manat vəsaitin bir hissəsi də F.Kərimovun ixtiyarında qaldı. Amma nə ölən başçı, nə də onun yerinə gələn birinci müavin yarımçıq işləri tamamladı. Hələ də vəziyyət olduğu kimi qalır. Təmir işlərini həyata keçirən tenderi “udan” təşkilatın əməkdaşları deyirlər ki, aylardı nə özümüz əmək haqqı ala bilirik, nə işlətdiyimiz təmir briqadalarının pulunu alıb verə bilirik, nə də bazaya mal-material daxil olur. Milyonlar icra aparatının dəhlizlərindən çölə çıxmır.
Və bir neçə ay əvvəl Rövşən Bağırov adlı icra başçısı Yardımlıdan qopardılıb Ağsuya göndərildi. Rövşən Bağırov kimdi, kimin adamıdı, bilmirik. Onu bilirik ki, Ağsuya gələndən bircə dəfə qəbul keçirib, hardasa 50-yə yaxın vətəndaşı qəbul edib. Qəbul etdiyi vətəndaşların şikayətləri elə söylədikləri yerdə qalıb. Sonradan yeni başçı heç qəbul da keçirməyib. Ümumiyyətlə, R.Bağırov rayon əhalisinin gözünə görünmür, varlığı-yoxluğu bilinmir, fəaliyyəti hiss olunmur. Olsa-olsa, öz işçiləri ilə hərdən iclas keçirir. Hər 5-ci gün qəbul keçirməli olan R.Bağırov, nədənsə bu işi müavinlərin boynuna atıb, özü isə üzə çıxmır. R.Bağırov cəmi bir köhnə kadrı – Mirqubad adlı “iqtisadi siyasətin təhlili və planlaşdırılması üzrə başçının müavini”ni işdən çıxarıb, əvəzinə kimi təyin etdiyi də bilinmir – əgər təyin edibsə. Maraqlıdır ki, Vahid Tağıyev də başçı gələn kimi həmin şöbənin İqbal adlı rəhbərini işdən kənarlaşdırmışdı və əvəzinə Mirqubadı təyin etmişdi.
Neçə illərdi olduğu kimi, Ağsunu ümumilikdə polis şöbəsi idarə edir. Digər idarə və təşkilat rəhbərləri də köhnə qayda ilə, yəni öz bildikləri kimi idarəçilik işləri aparırlar.
Heç olmasa, əvvəlki başçılar problem həll eləməsələr də, görüntü xatirinə də olsa, vətəndaşları qəbul edib, dinləyirdilər, R.Bağırov isə heç camaatı sayıb, üzünə də çıxmır. Heç onlayn qəbul da aparmır. Deyirlər, icra aparatında bir cavan oğlan peyda olub, bəd ayaqda vətəndaşları başçının adından o qəbul edir. Sadəcə, qəbul. Deyirlər, o cavan oğlanın adı Ceyhundu, Ağsu YAP-nın sədri, Mərkəzi Xəstəxananın hazırki yiyəsi, uzun illərdir pensiyaya çıxartmaq işlərinin baş icraçısı olan “Əli doxtur”un oğludur. Bəziləri də deyirlər ki, Ceyhun başqa, başçının adından camaatı qəbul edən balacaboy, cavan oğlan ağsulu deyil, təzə başçı özüylə gətirib…
Bir sözlə, Ağsu İH binasının daxili sirlərlə doludur. Bir mahnıda deyildiyi kimi, “Ağsunun ağ günləri” haçaq başlayacaq, hələ də bilinmir”.