Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflı
Putinin “birbaşa” efirdə xalqın suallarını son cavablandırma məzhəkəsini şərh edərkən Aleksandr Nevzorov çox gözəl bir cümlə işlətdi: “Sualdan ayyaqqabı öpmək üçün istifadə edənlər”.
Bizdə sualdan istifadə edərək ayyaqqabı öpmək imkanı çox məhduddur. Çünki İlham Əliyev kiminsə tırkasına gedib mətbuat konfransı keçirəndə, ora buraxılanlar bircə “molodes” üçün hər şeyi öpməyə hazır “namusu maaşı qədər olan” jurnalistlərdir. Amma bu o demək deyil ki, bizimkilər belə imkanlardan məhrumdurlar. Bizim xalq havadan ayaqqabı öpməyə fürsət yaratmağı bacaran yaramazları ən çox generasiya edən xalqlardan biridir.
Məsələn, islahedilməzliyini, islahat deyilən nəsnəyə nifrətini 20 ildir əməli fəaliyyətlə sübut edən rejimi islahata dəvət edənlər, bunun üçün hətta “əməli” təkliflər paketi hazırlamaq kreativliyi. Necə öpüşdür? Məmurların anasını ağladıb da “yazıq İlham Əliyev tək-tənha qalıb” deyənlər və ya elə təsəvvür yaradanlar. Cəmiyyətin bütün problemlərində müxalifəti günahlandırmaq, 20 ildir niyə hakimiyyətə gələ bilmirsiz deyə baş aparmaq. Bundan yağlı öpüş olurmu?
Və yaxud, xalqın səs və etirazlarının nizamlanmamasını siyasi liderin fərasətsizliyi ilə əsaslandıranlar. Necədir, ayaqqabı ilə “vzasos” öpüşməyin bundan yaxşı nümunəsi?
Üsullar müxtəlifdir. Amma problem ayaqqabı öpəndə deyil, ayaqqabısını öpdürəndədir. Ayaqqabı öpənlər bir az az, bir az çox bütün xalqlarda n-qədərdir. Fəqət, o ayaqqabıya yönəlmiş öpüş elə bir əclaf virusdur ki, ayaqlarda qanqrena yarada bilər və indiyə qədər elə öpüşlərin ayaqsız qoyduğu avtoritarları saymaqla qurtarmaz. Və bunları bilə-bilə ayaqqabısını öpmək üçün uzadan avtoritarın problemləri başqa müstəvidədir.
Bu qədər sadə…