Bu gün, iyunun 2-də bəzi “Gəncə məhbusları”nın valideynləri Bakıda, Ali Məhkəmənin binası qarşısında etiraz aksiyası keçiriblər.
Məhbus analarından birisi deyib ki, oğullarına saxlanarkən və istintaq zamanı işgəncələr verilib. Onlar övladlarının günahsiz olduqlarını, əsassız yerə mühakimə edildiklərini vurğulayıblar.
Məhbus anaları habelə deyiblər ki, növbəti dəfə Gəncədən paytaxta gəlməkdə məqsədləri balalarının azadlığa buraxılması istəyini dilə gətirməkdir. Onlar bununla bağlı prezidentə də üz tutublar.
“Üç ildir biz küçələrdə aksiya keçiririk, məhbusların uşaqları atalarını görməyiblər, tanımırlar. Baş Prokurorluq və məhkəmələr bizi aldadırlar. Məhbuslara bəraət verin”,- onlardan biri də qeyd edib
Məhkum Həbib Qurbanovun anası da deyib ki, oğlunun döyülməsi nəticəsində gözləri görmə qabiliyyətini itirməkdədir. “Gəncə-Bakı arasında qalmışıq, dərmanları məhkumlara özümüz gətiririk”,- o vurğulayıb.
Aksiya iştirakçıları prezidentə müraciət edərək yaxınlarının azad olunmasını tələb ediblər.
Aksiyada səslənən fikirlərə, hələlik, Ali Məhkəmə və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
“Gəncə məhbusları”nın valideynləri Bakıda bundan əvvəl də bir neçə dəfə aksiya keçirərək oxşar fikirlər dilə gətiriblər. Demələrinə görə, müxtəlif qəbullar zamanı onlara şikayətlərinin araşdırılacağı vədi verilib. Amma bu işdə təqsirləndirilən şəxslərə işgəncələrin verilməsi ilə bağlı iddiaları hüquq-mühafizə orqanları təkzib ediblər.
Azadlıq radiosu