Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə sui-qəsddə suçlanan Yunis Səfərov və daha 11 nəfərə yaxın vaxtlarda hökm oxunacaq. Onların işi üzrə il yarıma yaxındır davam edən məhkəmə prosesində artıq axırıncı mərhələdir – təqsirləndirilənlər son sözlərini deyirlər.
Təqsirləndirilən şəxslərdən keçmiş polis əməkdaşı Vüqar Məmmədov son sözündə bildirib ki, Azərbaycan hökumətinin beynəlxalq təşkilatlara rəsmi hesabatları var. Orada göstərir ki, 2018-2019-cu illərdə ölkə ərazisində terror aktları qeydə alınmayıb. Digər tərəfdən də, icra başçısına qarşı sui-qəsd olayı terror aktı kimi qiymətləndirilib, onlara terrorçuluq ittihamı verilib: “Bu ziddiyyətdir axı, bir tərəfdən, dünyaya hesabat verilir ki, terror aktı olmayıb. Digər tərəfdən də, bizə ittiham verilir ki, siz terror aktı törətmisiniz…”.
Polis ailəsində yetişdiyini, heç bir cinayət törətmədiyi halda, 3 ildən çoxdur həbsdə saxlandığını vurğulayan Məmmədov buna görə kompensasiya ala bilərsə, Qarabağda həlak olanların ailələrinə və yaralananlara dəstək məqsədilə “Yaşat” Fonduna köçürəcəyini vəd edib.
“Cibimə gözüm baxa-baxa narkotik qoydular”
Ceyhun Salahov deyir ki, onları “mütəşəkkil dəstə” adlandırırlar, amma o, təqsirləndirilən şəxslərdən cəmi üçünü tanıyır. Digərləri ilə məhkəmə zalında, istintaq təcridxanalarındakı kameralarda tanış olub: “Mənim Yunislə əlaqəmə dair heç bir sübut olmadığı halda, əllərim qandallı vəziyyətdə cibimə gözüm baxa-baxa narkotik qoydular, məni şərlədilər. Sonra başqa ittihamlar da verdilər. Guya mən Gəncədə Yunis üçün ev kirayələmişəm. Yalandır. Gəncədə mənzil kirayələmək nə çətin işdir ki? Dindirilən polislərin, hal şahidlərinin heç biri məni tanımadı. Bu da onların yalan danışdığını sübut edir”.
Salahov çıxışının sonunda vurğulayıb ki, bu hadisənin terror kimi təqdim olunub, onlarla günahsız insanın həbsinə, ölümünə sifariş verənlər mütləq günün birində məsuliyyətə cəlb olunacaqlar. Ancaq o vaxta qədər günahsız adamların özləri ilə yanaşı, onların ailə üzvləri, azyaşlı uşaqları da əziyyət çəkir.
Digər təqsirləndirilən şəxslər, o cümlədən sabiq icra başçısı Vəliyevi odlu silahla vurmaqla suçlanan Səfərov da son sözə hazırlaşmaqdan ötrü vaxt istəyib. Onlara avqustun 12-nə qədər vaxt verilib.
Azadlıq radiosu