AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı
Doğrudan da hər bir pisin yaxşı tərəfi də varmış. Bu ifadənu ölkəmizin gələcəyi, demokratik dəyişikliklərin perspektivi ilə də bağlı söyləmək olar. Azərbaycanda korrupsiyanın dövlət siyasətinə çevrildiyi, ölkə sərvətlərinin və dövlət büdcəsinin talanıb Qərb ölkələrində daşınmaz əmlaka, biznesə, ofşor hesablara qoyulduğu hər kəsə məlumdur.
Bu gün Qərb tərəfindən Belarusyaya tətbiq olunan iqtisadi sanksiyalara Lukaşenko müvəqqəti də olsa ona görə müqavimət göstərə bilir ki, o diktator olsa da, korrupsioner deyil. Bu sanksiyalara görə nə özünün, nə də ki, komandasının əldən çıxacaq, üzərinə həbs qoyulacaq oğurluq sərvəti yoxdur.
Azərbaycanda isə durum fərqlidir. İlham Əliyev və komandası daxildə demokratik müxalifətə və siyasi etirazlara qarşı nə qədər sərt davransalar da, növbə Azərbaycana çatanda bunu edə bilməyəcəklər. Çünki siyasi həbslər və zorakılıqlara görə sanksiyalar 30 il ərzində ölkədən talanıb Qərbdə yerləşdirilən 100 milyarddan artıq vəsaitin əldən çıxması ilə nəticələnə bilər. Bu qədər pulu İlham Əliyev və komandası itirməyi gözə ala bilməzlər. Bu 30 illik hakimiyyətdə qalmağın qazancını itirilməsi demək olar.
Digər tərəfdən də, ifrat zorakılığa görə Lukaşenkonu mühakimə edəcək beynəlxalq məhkəmənin yaradılmasının ABŞ Konqresində gündəliyə gətirilib. Bu həm də o deməkdir ki, postsovet məkanı üçün yaradılacaq presedent nəticəsində Azərbaycan iqtidarına münasibətdə təkcə maliyyə sanksiyaları deyil, həm də hüquqi məsuliyyət məsələsinin də gündəmə gəlməsi üçün zəmin yaranır. Bu halda daxildə xalqı, siyasi müxalifəti əzə bilmək, zor tətbiq etmək, perspektivdə heç də hakimiyyətin davamlılığını təmin etmək üçün yetərli olmayacaq.
Beynəlxalq şərtlər elə istiqamətdə dəyişir ki, iqtidar mütləq bunu nəzərə almalı və sərt beynəlxalq reaksiyaların hədəfinə çevrilməyi gözləmədən yumşaq keçidin önünü açmalıdır. Qlobal demokratiya dalğası sunami effekti ilə postsovet məkanında mövcud düzəni dəyişməkdə qərarlıdır. Bu qlobal prosesə müqavimət göstərmək isə siyasi intihar demək olar.