Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflı
Avqustun 26-da Abşeron rayonunda şəhid ailələri və müharibə əlilləri ilə görüşdə “müzəffər” yenə kapitulyasiyadan danışıb. “Noyabrın 10-a keçən gecə Ermənistan kapitulyasiya aktını imzaladı və müharibə dayandı” deyib. Desin, o özü-özünü və xalqı aldatmaqda olsun, biz müəyyənləşdirək.
Kapitulyasiya nədir? – Kapitulyasiya döyüşən tərəflərdən birinin müqaviməti dayandıraraq rəqibin şərtlərini qeydsiz-şərtsiz qəbul etməsi deməkdir. Kapitulyasiya sənədi konkret döyüşən tərəflər arasında imzalanır.
Azərbaycanla Ermənistan arasında belə bir sənəd imzalanıbmı? – İmzalanmayıb. Noyabrın 10-a keçən gecə Putinin vasitəçiliyi ilə Rusiya, Azərbaycan və Ermənistan arasında “Dağlıq Qarabağ atəşkəs bəyanatı” adlanan sənəd imzalanıb və Paşinyan bu sənədə qeydsiz-şərtsiz deyil, Putinin təkidi ilə imza atıb.
Bəs bəyanat nədir? – Bəyanat bir məsələ haqqında hökumət və ya bir idarənin rəsmi məlumatıdır. Xarici siyasətdə bəyanat bir və ya bir neçə dövlətin hansısa məsələ ilə bağlı öz mövqeyini bildirməsidir. Mövqe isə dəyişəndir. Bu gün siyasi, iqtisadi, ya hərbi situasiya bir mövqe, sabah başqa mövqe tələb edə bilər. 9 noyabrda hərbi situasiya əzmi qırılmış Ermənistandan o mövqeyi tələb edirdi. Bu gün situasiya dəyişib, Ermənistan mandrajdan çıxıb, siyasi hakimiyyəti xalqdan yeni mandat alaraq mövqelərini gücləndirib. 9 noyabra olan situasiyada Azərbaycan ordusu Ermənistanı regiondan hərbi faktor kimi silmişdi. Bu gün Rusiya Ermənistan ordusunu silahlandırır, gücləndirir. Yeni hərbi-siyasi situasiya yaranıb və bu situasiya özü Ermənistana mövqeyini dəyişməyi diqtə edir. Çünki 9 noyabrdakı situasiyanı möhkəmləndirəcək, dəyişməzliyinə qarantiya verəcək heç bir rəsmi hüquqi sənəd yoxdur. Bəyanat belə bir sənəd deyil.
Hücumu dayandırmaq xəyanətə bərabər səhv idi. II Qarabağ müharibəsinin məqsədi döyüşü deyil, müharibəni udmaq idi və məqsədə çatmaq ovcumuzun içində olanda hücum dayandırıldı.
Bu gün Qarabağda və onun dağlıq hissəsində baş verənlər nəticədir. Birinci və əsas olaraq İlham Əliyevin Dağlıq Qarabağın daha heç vaxt Azərbaycanın tərkibində olmayacağını çoxdan qəbul etməsinin nəticəsidir. Və yalnız bundan sonra kapitulyasiya aktı olmadan hücumun dayandırılmasının nəticəsidir.
İlham Əliyev Dağlıq Qarabağ itkisini özü üçün çoxdan qəbul etmişdi və indi bu itkini xalqa yedizdirmək istəyir, hər çıxışı, hər addımı ilə. Məsələn, elə həmin görüşdə “Demişdim ÖZ torpaqlarımızı alacağıq, belə də oldu. Azərbaycan ÖZ torpaqlarını qaytardı, şəhidlərin qanını aldı” deyib. Əliyev öz sözünü qabartmaqla qalan torpaqların öz olmadığını yedirtməyə çalışır. Bu gün orada baş verənlərə bu qədər sakit, səssiz, biganə münasibət çox da deyilən kimi Putin qorxusu deyil, “öz torpaqlarıdır, özləri bilərlər” prinsipidir.
Amma dövlət ərazisi heç kimin dədə-baba mülki deyil ki, kiməsə bağışlasın, ya güzəştə gedilsin. Hətta seçilib xalqdan mandat almış bir prezident belə bu qərarı təkbaşına verə bilməz.
Hakimiyyət, taxt uğrunda mübarizə hər bir insanın hüququdqr, amma bu mübarizəyə vətən torpağını qurban etmək yolverilməzdir, cinayətdir və bağışlanmayacaq.