Mütaliə insanın dünyagörüşünü formalaşdıran, düşüncə tərzini zənginləşdirən ən vacib amillərdən biridir. Son vaxtlar gənclər arasında kitab oxumağa marağın artması sevindirici hal olsa da, seçilən kitabların məzmunu və faydalılığı diqqətdən kənarda qalmamalıdır. Oxumaq xatirinə kitab oxuyanlar da az deyil.
Mövzu ilə bağlı Gununsesi.info-ya danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, son illər gənclərdə mütaliəyə maraq artıb:

“Bu, çox sevindirici haldır. Gənclərimiz kitab oxuyurlar, mütaliə edirlər. Amma hesab edirəm ki, burada ciddi maarifləndirməyə ehtiyac var. Çünki gənclərin bir hissəsi sadəcə oxumaq xatirinə kitab oxuyur, bir hissəsi isə məzmuna o qədər də diqqət yetirmir. Bu isə ciddi narahatlıq doğuran məsələdir. Daha çox xarici müəlliflərin əsərləri oxunur. Mən isə hesab edirəm ki, gənclərimiz mütləq yerli müəlliflərin də əsərlərini oxumalıdırlar”.
Deputat qeyd edib ki, təəssüf ki, bu gün daha çox kriminal motivli kitablara da maraq var:
“Gənclər bu janra üstünlük verirlər. Mən bu cür kitabları mənasız və lazımsız janr hesab edirəm. Təbii ki, yazıla bilər, amma buna kütləvi meyl olmamalıdır. Azərbaycanın klassikləri, ədəbi və tarixi kitabları oxunmalıdır. Çünki onların faydası və dəyəri daha böyükdür“.
Deputat gənclərin bəzən kitab oxumağı dəb xatirinə etdiyini də vurğulayıb:
“Bu gün gənclərin çoxu Azərbaycan dilində oxuyur, son vaxtlarda türk, ingilis və rus dillərində də kitab oxuyanların sayı artıb. Seçim məsələsinə gəldikdə isə deyə bilərəm ki, yaxşı kitab oxuyan gənclərimiz var. Amma eyni zamanda faydası az, dərin məzmun daşımayan kitabları oxuyanlar da mövcuddur. Hesab edirəm ki, gənclər daha faydalı, keyfiyyətli və məzmunlu kitabları seçməlidirlər.
Bir tendensiya da müşahidə olunur: bəziləri özünü kitab oxuyan kimi göstərməyə çalışır. Lakin ümumilikdə yaxşı oxuyan gənclərimiz də var. Onların keyfiyyətli mütaliəsi sevindirici haldır. Amma əsas diqqət məhz məzmun və keyfiyyət məsələsinə yönəlməlidir”.
Qeyd edək ki, gənclərin kitab oxuması sevindirici haldır, amma əsas məsələ seçimin keyfiyyətidir. Məzmunu güclü olan əsərlərə üstünlük vermək onların inkişafına daha çox töhfə verəcək.
Gülxanım Əliyeva













