Səlim Müslümov açılan iş yerlərinin siyahısını nümayiş etdirə bilərmi?
Deyirlər, insan yalanı həyat normasına çevirdikcə öz yalanlarına inanmağa başlayır. Azərbaycan hakimiyyətində də eyni proses gedir və həqiqət yaddaşlarından silinib. Kimə mikrofon uzatsalar “işsizlik 5 faizə endirilib”, “yoxsulluğun kökü kəsilib”, “əhalinin həyat şəraiti yaxşılaşıb” tipli açıqlamalar verir. Amma rəsmi statistika göstərir ki, əhalinin borclanması artıb, iş üçün xarici ölkələrə pənah aparanlar çoxalıb, problemli kreditlərin həcmi yüksəlib, sosial vəziyyətin ağırlığı səbəbindən intihar edənlərin sayı sürətlə artır, bütün sektorlarda ixtisarlar həyata keçirilib və.s
Amma bu qədər faktın qarşısında hökumət geri çəkilmək istəmir. Dünənə qədər 1 miloyn iş yerinin açılmasından söhbət gedirdi. İndi Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov deyir ki, 1.6 milyon iş yeri açılıb. Bu rəqəmlərin hardan götürüldüyü, hansı faktlara əsasən sələndirildiyi isə məlum deyil. Məlum olan budur ki, iş yerləri yalnız kağız üzərində mövcuddur. Zavod, fabrik yoxdursa, iş adamalrı sürətlə ölkəni tərk edirsə, beynəlxalq qiymətləndirəm agentlikləri Azərbaycanı biznes fəaliyyəti üçün arzuolunmaz ölkələr siyahısına salıbsa, hökumət bu qədər iş yerinə necə açıb? Təkcə son 7 ayda bank sektorunda işləyənlərin sayı 1300 nəfər azalıb. Ən pullu sahədə bu qədər ixtisar baş verirsə, digər sahələrdəki vəziyyəti təsəvvür etmək çətin deyil.
Bir neçə il öncə məlum olmuşdu ki, pirlərin qarşısında dilənənləri də işlə təmin olunmuşlar siyahısına salıblar. Yaxud, xırda və orta sahibkarlar qarşısında məcburi şəkildə bir neçə nəfəri işə götürmək tələbi qoyulmuşdu. Hətta bildirilmişdi ki, işə götürülən adamları bir neçə aydan sonra işdən azad etmək də olar. Təbii ki, bu mövsümi işlərlə məşğul olanlara 120 manatdan artıq maaş verilmirdi. Nəzərə alsaq ki, ölkədəki yeganə real sektor olan tikinti sektoru da iflasa uğrayıb, o zaman işsizlik səviyyəsinin artdığını əminliklə demək olar. Mağazaların 90 faizində “nisyə dəftərləri” var. Adamlar ən zəruri ehtiyaclarını ödəməyə qadir deyillər. 1.6 milyon iş yerinin açılması, 1.6 milyon ailənin işlə təminatı deməkdir. Bu rəqəmlər gerçək olsaydı, əhalinin vəziyyəti bu qədər kəskin pisləşməzdi. Digər tərəfdən 120-150 manat maaşa möhtac edilən adam onsuz da işsizdir. Çünki, bu əməkhaqqıyla bir ay normal dolanmaq mümkün deyil. Ərzaq xərcləri, kommunal xərclər, geyim xərcləri və digər tələbatları məlum əməkhaqqıyla ödəmək mümkünsüzdür. Ona görə də ölkə əhalisinin 2.5 milyon nəfəri bankların girovuna çevrilib.
Müxtəsər, hökumət 1.6 milyon iş yerinin harda açıldığını elan etməlidir. Əgər milyonlarla iş yeri açılıbsa, minlərin bundan xəbəri olmalıydı. Ya hökumət iş yerlərini kosmosda açıb, ya da işsizliyi də peşə kimi qeydiyyata alıblar. Yaxşı olar ki, Səlim Müslümov açılmış iş yerlərinin siyahısını təqdim etsin. Hətta iş yerləri kosmosda açılıbsa, yenə də siyahını təqdim etmək lazımdır. Ən azından gələcək nəsilləri necə təmin olunduğunu bilmiş olarıq.
Samir
Oxunub: 576