ABŞ dövlət katibi Reks Tillerson iyulun 10-da Küveytə yola düşəcək.
Dövlət katibinin səfəri Küveyt əmirinin dəvəti ilə reallaşır və əsas məqsəd Qətər böhranı ilə bağlı müzakirələrin aparılmasıdır.
Dövlət Departamentinin məlumatına görə, səfər müddətində Tillerson Küveytin yüksək vəzifəli şəxsləri ilə görüşəcək.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Qətəri onların daxili işlərinə müdaxilə etməkdə və terrorizmi dəstəkləməkdə ittiham edərək iyunun 5-də Doha ilə diplomatik münasibətləri və bütün əlaqələri kəsiblər.
Bunun ardınca Dohaya 13 müddəalıq tələbnamə göndərilib. Tələbnamədə Qətərdən İranla münasibətləri məhdudlaşdırmaq, “Əl-Cəzirə” kanalını qapatmaq, İŞİD, “Əl-Qaidə” və “Hizbulla” ilə bütün əlaqələri kəsmək də tələb olunub.
İttihamları rədd edən Qətər irəli sürülən tələblərin real olmadığını və onları yerinə yetirməyəcəyini bildirib.
ABŞ dövlət katibi Reks Tillerson da tələblərin bir qisminin reallaşmasının çətin olduğunu bəyan edərək ərəb ölkələrini tələblərinə yenidən baxmağa və Qətərlə dialoqa çağırıb.
Gültəkin
Oxunub: 78