Bu qərarla banklar ciddi maliyyə mənbəyindən məhrum edildi
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən banklara kreditlərin verilməsi Qaydaları”nda dəyişikliklər edilib. Dəyişikliyə əsasən, AMB artıq banklara məqsədli kreditlər verə bilməz.
Bu barədə AMB-nin İdarə Heyətinin qərarında bildirilir.
Bu qərar “Azərbaycan Mərkəzi Bankı haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2017-ci il 25 aprel tarixli qanunun tətbiqi haqqında Prezidentin sərəncamının icrası məqsədilə ilə həyata keçirilib.
Qeyd edək ki, Milli Məclis bu il aprelin 25-də “Azərbaycan Mərkəzi Bankı haqqında” qanuna dəyişikliklər edilməsi haqqında qanun layihəsini təsdiq edib. Dəyişikliklə kredit təşkilatlarına məqsədli kreditlərin verilməsi maddəsinə dəyişiklik edilib və 49.1-ci maddə ləğv edilib.
Dəyişiklikdən əvvəl qanunun 49.1.1 maddəsində deyilirdi ki, Mərkəzi Bank sosial-iqtisadi əhəmiyyətli layihələrin maliyyələşdirilməsi, habelə iqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin təmin edilməsi məqsədilə dövlət zəmanəti əsasında banklara məqsədli kreditlər verə bilər. 49.1.2 maddədə isə qeyd olunurdu ki, məqsədli kredit üzrə borc öhdəliyinin dövlət zəmanəti hesabına həyata keçirilməsi zərurəti yarandıqda və bu öhdəliyin tam və ya bir hissəsinin icrası Mərkəzi Bankın razılığı ilə dövlətin buraxdığı borc qiymətli kağızları ilə həyata keçirildikdə, Mərkəzi Bank emissiya şərtlərinə uyğun olaraq həmin qiymətli kağızları ilkin bazarda əldə edir.
Azadliq.info
Oxunub: 448