Dövlət Gömrük Komitəsinin normativlərə uyğun olaraq sənədləşdirdiyi toyuq əti idxalçılarına Baş Prokurorluq cinayət işi açıb.
Bununla bağlı yayılan açıqlamada göstərilir ki, araşdırmalar zamanı Ukraynadan Azərbaycana dondurulmuş toyuq əti gətirən bir neçə şirkətin vəzifəli şəxslərinin səlahiyyət hədlərini aşdığı aşkarlanıb. Bəlli olub ki, onlar ölkəyə tərkibində nəmliyinin kütlə payı normadan 6 dəfəyə qədər artıq olan Ukrayna istehsalı dondurulmuş toyuq əti məhsulları idxal ediblər.
Baş Prokurorluğun məlumatında göstərilir ki, araşdırma İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən daxil olmuş materiallar əsasında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb. Baş Prokurorluq malın ölçüsü, çəkisi və keyfiyyətində istehlakçıların xeyli miqdarda aldadılmasına şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 200.1 (istehlakçıları xeyli miqdarda aldatma) maddələri ilə cinayət işi başlayıb.
Bundan əvvəl “Qualiko” əmtəə nişanı adı altında ölkəyə gətirilən dondurulmuş toyuq əti məhsullarının idxalçılarından tələb olunan müvafiq sənədlərin – Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin idxala icazə sənədi, Azərbaycan Səhiyyə Nazirliyinin Gigiyenik sertifikatı, Ukraynanın Beynəlxalq Gigiyenik sertifikatı, mənşə sertifikatının Dövlət Gömrük Komitəsinə təqdim olunduğu, DGK-nın Mərkəzi Gömrük Ekspertizası İdarəsində müvafiq ekspertiza aparıldığı və məhsulun təyin olunmuş normativlərə uyğun olduğuna dair DGK məlumat yaymışdı.
Ancaq DGK-nın açıqlamalarına və Kənd Təsərrüfatı və Səhiyyə nazirliklərinin təqdim etdiyi müvafiq sənədlərə rəğmən Baş Prokurorluq məhsulun idxalçılarına cinayət işi açıb.
Oxunub: 636