Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bank” ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilən sabiq deputat Dünyamin Xəlilov, Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan Əsgərov, Mənsur Zeynalov, Rauf Əliyevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
“Report”un xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə Dünyamin Xəlilovun vəkili müdafiə çıxışı edib. Vəkil bildirib ki, müdafiə etdiyi şəxsə qarşı irəli sürülümüş ittihamlar əsassızdır. Vəkil sabiq deputat barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Vəkil həmçinin Dünyamin Xəlilovun əmlakları üzərinə qoyulmuş həbsin götürülməsi ilə bağlı məhkəmənin qərar çıxarmasını istəyib.
Dünyamin Xəlilovun digər vəkili Elvin Səlimov da ittihamla razılaşmadıqlarını bildirib. O deyib ki, müdafiə etdiyi şəxs istintaq dövründə bildiyi məlumatları, informasiyaları istintaq orqanı ilə bölüşüb: “Bu işdə ən ağır cəza müdafiə etdiyim şəxsə verilib. Yeganə şəxsdir ki, bu iş üzrə onun barəsində həbs qətimkan tədbiri seçilib. Müvəkkilim Beynəlxalq Bank işi üzrə bildiklərini ibtidai istintaq və məhkəmə istintaqı dövründə arayışlar şəklində məhkəməyə təqdim edib. İttihamda yazıldığı kimi, müdafiə etdiyim şəxsin və digər şəxslərin qeyd edilən milyonları mənimsəməsi, ələ keçirməsi mümkün deyil. Bütün işlərə bank nəzarət edib. Bank elə bir qurumdur ki, oradan kimsə özbaşına bu qədər vəsaiti ala bilməzdi. Məlumdur ki, bu məbləğlə xaricdə layihələrin icrasına yönəldilib. Dünyamin Xəlilova qarşı ittihamlar ibtidai istintaq dövründən qərəzli olub. Onun nöqsansız fəaliyyəti göz qabağındadır. Onun fəaliyyəti, gördüyü işlərlə bağlı sənədlər ibtidai istintaq orqanına da təqdim edilib, cinayət işi materiallarında da yer alır. Məhkəmədə şahid ifadələrini, Beynəlxalq Bankın rəhbər şəxslərini dinlədik. Onlar suallara cavabında xaricdə layihələrin icra edildiyindən, pulların oraya köçürüldüyündən xəbərdar olduqlarını deyirlər. Hətta həmin pulların alınmasında onların da imzaları var. Amma ittiham olunan yeganə şəxs Dünyamin Xəlilovdur. Bu gün Dünyamin Xəlilov mənəvi baxımdan rahatdır. Çünki o və biz bilirik ki, ittihamda qeyd edilən məbləği Dünyamin Xəlilov mənimsəməyib. Çünki bu proseslər bank tərəfindən həyata keçirilib və pullar da həmin layihələrin icrasına yönəldilib”.
Vəkil D.Xəlilov barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Məhkəmədə digər təqsirləndirilən və ev dustaqlığında olan şəxslər də son sözlə çıxış edib. Onlar barələrində bəraət hökmünün çıxarılmasını və ittihamla özlərini təqsirli bilmədiklərini deyiblər. Dünyamin Xəlilov isə son söz demək üçün məhkəmədən son vaxt istəyib.
Məhkəmə iyulun 24-nə təyin edilib.
Oxunub: 120