Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Gözəl Bayramlının səhhətində problemlər var. Jurnalist Əfqan Muxtarlı və “Kanal 13” internet televiziyasının Bakı bürosunun rəhbəri Əziz Orucov isə istintaqdan narazıdır”.
Bunu AzadlıqRadiosu-na vəkil Elçin Sadıqov deyib. Vəkil onlarla bu gün, avqustun 3-də Bakı istintaq təcridxanasında görüşüb.
Vəkil: “Gözəl Bayramlının ayağı iflic ola bilər”
Vəkilin sözlərinə görə, Gözəl Bayramlının səhhəti günü-gündən pisləşir.
“Gözəl Bayramlının səhhəti ağırlaşır. Sol ayağı iflic ola bilər. İndiyədək hər hansı zəruri tibbi yardım da göstərilməyib. Sərbəst yeriyə, ayağa qalxa, otura bilmir”.
Vəkilin bildirdiyinə görə, AXCP sədr müavininin əsaya ehtiyacı var. Müdafiə tərəfi gərəkli qurumlara müraciət etsələr də, G.Bayramlıya əsa verilməsi təmin edilmir.
Gözəl Bayramlının səhhətində problemlər yaranması ilə bağlı müdafiə tərəfinin açıqlamalarına Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən, hələlik, münasibət almaq mümkün olmayıb. Ötən ay AXCP-nin bir qrup fəalı Gözəl Bayramlının səhhətinə diqqət çəkməkdən ötrü Ədliyyə Nazirliyinin önünə də yürüş etmişdilər. Ancaq onda da Ədliyyə Nazirliyindən bu məsələ ilə bağlı hər hansı açıqlama olmadı.10-a yaxın AXCP fəalı saxlanıb, sonra da sərbəst buraxıldılar.
“Əfqan Muxtarlı istintaqdan narazıdır”
Avqustun 3-də Bakı İstintaq Təcridxanasında jurnalist Əfqan Muxtarlı ilə bağlı yenə də istintaq hərəkəti keçirilib. Vəkilin sözlərinə görə, bu dəfə (vəkil və Ə.Muxtarlı avqustun 2-də ekspertiza rəyi ilə tanış olmuşdu) Əfqan Muxtarlıdan götürülmüş telefonun ekspertizasının rəyinə edilən əlavə ilə tanış olublar. Əlavədə istintaqın jurnalistin telefonundan əldə edildiyi bildirilən məlumatlar əksini tapıb:
“Əfqan Muxtarlı hesab edir ki, həmin məlumatların bir çoxu onun telefonuna sonradan yerləşdirilib. Telefonunda rəyə əlavə edilmiş məlumatların olmadığını, həqiqəti əks etdirmədiyini bildirir”, – deyən vəkil həmin məlumatların detalları haqda danışmayıb.
E.Sadıqov “Kanal 13” internet televiziyasının Bakı bürosunun rəhbəri Əziz Orucovun da səhhətinin yaxşı olmadığını bildirib.
“Səhhətindəki problemlər qalır. İstintaqdan narazıdır. İttihamın hüquqi tərəfləri haqda ona məlumat verilmir. Onun hansısa qrant müqavilələrini imzalamaq, hər hansı sərəncam vermək səlahiyyəti olmayıb. Ancaq ittihamlar bununla bağlıdır”, – jurnalistlə görüşdən qayıdan vəkil deyib.
Bir müddət öncə vəkilləri bildirmişdilər ki, Əziz Orucov kamerada havasızlıqdan özündən gedib. Sonradan ona sərinkeş verildiyi, həkim müayinəsindən keçirildiyi bildirilmişdi.
Oxunub: 268