Məsud Rzalı
70 il kommunist təxəyyülündən qurtulub, milli istiqlalliyyətini dərk etmək ümumi cəmiyyət üçün asan olmayacaqdı. Bunun üçün illər lazım idi ki, cəmiyyədə milli ruh təşəkkül tapsın. Sovet imperiyasının süqutu, Azərbaycanın müstəqillik əldə etməsi, milli qüvvələrin hakimiyyətə gəlməsi, yaxın tarixdən hamımıza məlumdur. Amma milli hakimiyyətin ömürü uzun sürmədi və sürə bilməzdi. Cəmiyyətin mütləq əksəriyyəti kommunist təfəkkürünün daşıyıcıları olduqlarından, Sovet imperiyasının varisi olan Rusiya Federasiyası öz miskin imperiya siyasətini çox rahat şəkildə həyata keçirə biləcəkdi. Buna arxayın idi və Azərbaycana Heydər Əliyev, Gürcüstana Şevardnadze, Qazaxıstana Nazarbayev və digər ölkələrə qatı kommunistləri rəhbər təyin etdilər. Cəmiyyətdə formalaşmış, artıq başqa bir quruluşu idrak etməyən kommunist təfəkkürünun köməkliyilə ,yuxarıda sadaladığımız rəhbər şəxsləri cəmiyyət inamla qarşıladı. Onlar rəhbərlik etdikləri ölkələri Rusiyaya tabe etdirməli, yeni çiçəklənən milli ruhu bələkdəcə boğmalı idilər. Və on illər sonra bu ölkələrin vətəndaşları açıq şəkildə “Rusiyaya birləşək” arzusunu dilə gətirəcəkdilər.
Amma unutduqları, hesablamadıqları texnoloji inkişaf idi ki, bunun nəticəsində də milli qüvvələr cəmiyyəti informasiya senzurasından çıxara biləcək, onların maariflənməsinin qarşısını kəsən informasiya blokadasını dağıda biləcəkdilər. Təbii ki,buna uzun zaman, uzun marafon gərəkirdi və şüuraltı milliləşmə asta-asta öz məramını əsasən gənc nəsildə tapacaqdı. Bunu başa düşən, imperiyanın ideyalarını həyata keçirən qüvvələr, əllərindəki hakimlik çəkicinin gücüylə yeni-yeni senzuralara əl atmağa başlayıb, cəmiyyətin sürətli maariflənməsinin qarşısını almalı, bununla yanaşı öz miskin, anti-milli təbliğatlarını aparmalıydılar.
Müasir dövrün insanlara bəxş etdiyi sürətli informasiya vasitələri milli ruhun daşıyıcılarını bir-biri ilə əlaqələndirir, onların çevrəsi genişlənir və gənc nəsil özünü yeni formatda təqdim etməyə başlayır.
Çağdaş dövrümüzün əsas prioritet ictimai-siyasi mənzərəsi onu deməyə əsas verir ki, anti-milli qüvvələrin cəmiyyətə təsir mexanizmi azalır və azalan təsir mexanizmlərini daha sərt vasitələrlə əvəz etməyə məcbur olurlar. Yəni, tükəndikcə səhf etməyə məhkumdurlar, səhv etdikcə daha çox insanı ümumi prosesə cəlb edirlər. Sərtlik göstərdikcə cəmiyyəti özlərindən uzaqlaşdırırlar. Burada bir məqam da var, sərtləşən və səhvlərə məcbur edilənlər cəmiyyətdən qorxmağa başlayır, qorxu hissi yüksəldikcə arada məsafəni böyüdürlər. Məsafə böyüdükcə, cəmiyyəti ağuşuna almağa, özünü cəmiyyətdən ayrı tutmamağa çalışan milli qüvvələr cəmiyyətlə həmrəyliyə nail olurlar. Bu tendensiya kütləni xalq edəcək prosesin ana xəttidir.
P.S. Azadlıq, istiqlaliyyət, demokratik cəmiyyətlər bu yolla təşəkkül tapar, avtoritar rejimlər və müstəmləkəçilik bu yolla tənəzzul edər,süquta uğrayar.
Oxunub: 826