Vəkil Elçin Sadıqov bu gün Əfqan Muxtarlı ilə görüşüb. Bu barədə o, özünün FB statusunda yazıb:
“Bu gün Bakı İstintaq Təcridxanasında Əfqan Muxtarlı ilə görüşdüm. Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin əməkdaşı Əfqan Muxtarlıya 20.09.2017-ci il tarixli 1700917026109419 saylı Səyyar Vergi Yoxlaması AKT-ını təqdim etdi. Məlum oldu ki, Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsi Əfqan Muxtarlının vergi qeydiyyatına alındığı tarixdən indiyədək olan dövr üzrə fəaliyyətinin yoxlanılması barədə qərar qəbul edib. Həmin qərar əsasında səyyar vergi yoxlaması keçirilib və Ə.Muxtarlıya bu barədə heç bir məlumat verilməyib. Tələbnamələr Ə.Muxtarlıya aid olmayan naməlum ünvanlara göndərilib. Bank hesab məlumatları məhkəmə qərarı olmadan çıxarılıb.
Nəticə etibarı ilə Əfqan Muxtarlıya 110,95 (bir yüz on manat 95 qəpik) əlavə vergi hesablanıb. Ə.Muxtarlı AKT-ın qanunsuz olduğunu, lakin həmin pulu ödəyəcəyini bildirdi”.
Jurnalist Əfqan Muxtarlı mayın 29-da müəmmalı şəkildə Tbilisidən Bakıya gətirilib. Jurnalist özü Gürcüstandan oğurlanaraq gətirildiyini, rəsmi qurumlarsa onun sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıldığını bildirir.
Ə.Muxtarlıya Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə (hakimiyyət nümayəndəsinə güc tətbiq etməklə müqavimət göstərmə), 318.1 (sərhədi qanunsuz keçmə) və 206.1 (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb.
Ə.Muxtarlının məsələsi ilə bağlı Gürcüstanda da cinayət işi açılıb. Bu ölkənin prezidenti jurnalistin xanımını qəbul edərək şikayətlərini dinləyib.
Bu il iyunun 15-də isə Avropa Parlamenti jurnalist Ə.Muxtarlı barədə qətnamə qəbul edərək, Azərbaycan hökumətindən onun dərhal azad edilməsini və bütün cinayət ittihamlarının ləğv edilməsini istəyib.
Qətnamədə yazılır ki, Gürcüstan İnsan Haqları üzrə Avropa Konvensiyasının tərəfdar dövlətidir və onun ərazisində yaşayan Azərbaycan vətəndaşlarının təhlükəsizliyini təmin etmək, onların güclə vətənə aparılmasının qarşısını almaq məsuliyyəti var.
Avqustun 17-də Nəsimi Rayon Məhkəməsində Əfqan Muxtarlının həbs müddəti 2 ay uzadılıb.
azadliq.info
Oxunub: 108