Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək üçün doğma yurdlarına getdikləri zaman Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin hüquqlarının müdafiə komitəsi bu gün mətbuat konfransı keçirib.
Trend-in məlumatına görə, mətbuat konfransında D.Əsgərov və Ş.Quliyevin azad edilməsi istiqamətində aparılan işlər, o cümlədən D.Əsgərovun oğlu Kürdoğlu Əsgərovun Varşavada ATƏT-in sammitində çıxışı barədə məlumat verilib.
K.Əsgərov bildirib ki, sammitdə D.Əsgərov və Ş.Quliyevin girovluqdan azad edilməsi məsələsi gündəmə gətirilib: “Atamın Rusiya pasportunu götürmüşdük. Oradan rusiyalı deputatlara da səsləndik ki, Dilqəm Əsgərov Rusiya vətəndaşıdır və siz hara baxırsınız?! Biz sammitdə Dilqəm Əsgərov və Şahbaz Quliyevin saxlanma şəraiti, onların qanunsuz olaraq ermənilər tərəfindən saxlanması barədə məlumat verdik və sammit iştirakçılarının diqqətini bu məsələyə cəlb etməyi bacardıq”.
K.Əsgərov deyib ki, avropalı diplomatlar ölkələrində də bu məsələni qaldıracaqlarını və diqqətdə saxlayacaqlarını bildiriblər: “Avropalı diplomatların diqqətini cəlb etməyi bacardıq, onlarla ayrı-ayrılıqda da görüşdük və ətraflı məlumat verdik. Avropalı diplomatlar söz verdilər ki, bu məsələni diqqətdə saxlayacaqlar”.
Oxunub: 178