Ərbil və Bağdad arasında mübahisəli ərazi olan Kərkükdə keçirilən müstəqillik referendumu kürdlər, türkmənlər və ərəblər arasında tamamilə fərqli qarşılanıb.
İraq Kürdüstan Regional Hökumətinin (İKRH) keçirdiyi referendum üçün səhər tezdən Kərkükə daxil olduğumuzda, küçələrdə sadəcə İraq polisi, kürd asayiş qüvvələri və Peşmərgə qüvvələri vardı.
İrəliləyən saatlarda isə bu mənzərə şəhərin bir hissəsi üçün tamamilə dəyişəcəkdi, bir hissəsi üçün isə əvvəlki vəziyyətində qalacaqdı.
Türkmənlərin çox yaşadığı yerlər sanki tərk edilmişdi. Çünki türkmənlərin əhəmiyyətli bir hissəsi referendumu boykot etdikləri üçün evlərindən çıxmamış, ticarətçilər mağazalarını acmamışdılar.
Küçələrdə tək bir adam belə tapmaq çox çətin idi.
Bu məhəllələrdəki səsvermə məntəqəsi olan məktəblərdə az sayda seçici ilə qarşılaşdıq. Onlar da “hə” səsi verəcəklərini söyləyən kərküklü kürdlər idi.
“Açıq-aşkar qorxuruq”
Daha sonra getdiyimiz ərəblərin çox yaşadığı məhəllələrdə də buna bənzər bir vəziyyət hökm sürürdü.
Tək-tük rastlaşdığımız kərküklü ərəblərin heç biri mediaya müsahibə vermək istəmədi.
Kərküklü ərəblərdən biri “Biz Səddamın vaxtında buraya gəldik. Başımıza bir şey gəlir deyə, bizi burdan çıxarırlar deyə düzü çox qorxuruq” dedi.
Daha sonra getdiyimiz kürdlərin çox olduğu məhəllələrdə isə tamamilə başqa ab-hava vardı.
Saatlar keçdikcə bu ərazilərdə məktəblərin qarşısında uzun növbələr yaranmağa başladı.
“Müstəqillik haqqımızdır”
Hamı çox həyəcanlı idi. Danışdıqlarımızın çoxu oxşar cümlələr dedilər: “İllərlə çox təzyiq gördük, çox müharibə yaşadıq. Hələbçəni gördük, çox şəhid verdik, artıq müstəqil olmaq istəyirik. Bu bizim haqqımızdır “.
“İraqdan xilas olduq, bu gecə tarixi bir gecədir”
Referendum səs verməsinin sona çatdığı vaxtda paytaxt Ərbilin mərkəzində şeypur səsləri, çalınan musiqilər, hava fişəngləri, siqnalların səsləri bir-birinə qarışır. Şəhər meydanına axın edən Ərbil sakinləri qurulan səhnənin yanında heç bitməyən yallıya qoşulurlar.
“Hansı hissləri keçirdirsən?” deyə soruşduğumuz bir gənc “İraqdan xilas olduq. Bu gecə tarixi bir gecə” deyir və bayram etməyə davam edir.
Hamı bu “tarixi” gecəni mobil telefonla çəkməyə çalışır.
Maşın karvanlarları uzanıb gedir. Avtomobillərdə İKRH-nin bayraqlarının yanında Məsud Bərzaninin və Kürdüstan Demokrat Partiyasının (KDP) plakatları da var.
İKRH-nin bayrağından başqa ara-sıra görünən xarici bayraq isə İsrail bayrağıdır.
Bayram tədbirlərində Qərb ölkələrindən gəldiyi təəssüratı yaradan bir çox xarici gəncin olması da diqqəti çəkir.
Bayram mərasimi gecə saatlarına qədər davam edir. Şəhərin fərqli istiqamətlərindən gələn silah səsləri də…
Kərkükdə günorta saatlarından etibarən bayram tədbirləri başlayıb.
Minlərlə insan əllərində İKRH-nin bayraqları küçələrə çıxır, avtomobillər isə siqnal verərək küçələrdə dolaşırlar.
Yük avtomobillərinə minən gənclər davamlı olaraq fərqli yerlərdə saxlayaraq yolda yallı gedirlər.
Bayram tədbirlərində uzun lüləli silahlar
Bayram tədbirlərinin bir məqamında tapançalardan və uzun lüləli silahlardan da istifadə olunmağa başlandı.
Bir maşın karvanının türkmənlərin çox olduğu küçəyə doğru hərəkət etdiyini gördük.
Maşının içindən bu ərazidə də uzun lüləli silahlardan havaya atəş açanlar oldu.
Hətta bir şəxs tamamilə türkmənlərə aid Türkməneli TV-nin yanından keçərkən havaya atəş açdı. Lakin bir gərginlik baş vermədi.
Bayram tədbirlərini izlədikdən sonra türkmən və ərəblərin çox olduğu məhəllələrə təkrar getdik.
Küçələrin yenə böyük qismi boş, mağazaların əksəriyyəti bağlı idi.
Küçələri boş məhəllələrə gələn silah səsləri
Bu məhəllələrdəki sakitliyi bayram tədbirləri keçirilən yerlərdən dayanmadan dələn silah səsləri pozurdu.
Axşama yaxın Kərkük valiliyi şəhərdəki bayram tədbirlərinin və küçələrə çıxmağın qadağan edilməsinə dair bir açıqlama verib.
Axşam vaxtı şəhərdə bir çox küçələr təhlükəsilik tərəfindən baryer və bidon kimi əşyalarla sürətlə bağlandığına görə, şəhərdən bir müddət çıxa bilmədik.
Tərcüməçimizin danışdığı təhlükəsizlik nümayəndələri onlara hücumların ola biləcəyi, şəhərdə partlayıcı qurğu olan avtomobillərin dolaşması bardə xəbərlər gəldiyini və bu səbəbdən də bir çox yolu bağladıqlarını bildiriblər.
Şəhərdən bir müddət sonra çıxmağa nail olduq. Bu zaman şəhər tamamilə sakitliyə qərq olmuşdu. Artıq bütün kərküklər evlərinə çəkilmişdilər.
Lakin referendum axşamı evlərin içində bir-birinə tamamilə zidd iki hiss yaşanacaqdı: Kürtlər üçün gələcəyə dair ümid və xoşbəxtlik, türkmənlər və ərəblər üçün gələcək qayğısı və narahatlıq. (BBC azeri)
Oxunub: 834