Rüfət Səfərovu Müdafiə Komitəsi onun həbsxanada da qarşılaşdığı zorakılıq əməllərinə görə bəyanat verib. Bəyanatda deyilir:
“Rüfət Səfərovu Müdafiə Komitəsi olaraq son günlər siyasi məhbusların Penitensiar Xidmətdə baş verən zorakılıq və özbaşınalıq halları ilə qarşı-qarşıya gəldikləri haqqında xəbərlər alırıq. Belə hallardan dərin narahatçılıq hissi keçiririk. “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbs olunmasından 18 gün sonra onun azadlığa buraxılması, ardınca AXCP sədrinin köməkçisi Faiq Əmirlinin şərti olaraq azadlığa çıxması bizdə və cəmiyyətdə kiçicik ümidlər yaratsa da, dərhal jurnalist Elçin İsmayıllının 9 il ağır cəzaya məhkum edilməsi, jurnalist Fikrət Fərəməzoğlunun 7 illik cəzasının Apellyasiya Məhkəməsi tərəfindən təsdiq olunması bizim və cəmiyyətin ümidlərini puça çıxarıb. Məlum olub ki, hakimiyyət etdiyi “humanistliyi” də kənardan baş verən təzyiqlərin nəticəsində edib. Açıqca görünür ki, bacara bilmədiklərini azadlığa buraxan hakimiyyət, bacardıqlarını içəridə saxlamaq bir yana, onlara mümkün olduğu qədər işgəncə verməkdə qərarlıdır.
Ard-arda Penitensiar Xidmətdən sarsıdıcı xəbərlər gəlir. Hüquqlarını müdafiə etdiyimiz siyasi məhbus Rüfət Səfərovun başının üstünü yenə qara buludlar alıb. Hakimiyyət orqanları şəxsi qisas hissi ilə ona daha amansız münasibət bəsləyirlər. 9 saylı CÇM-ə gəldiyi gündən indiyə qədər artıq 3-cü dəfədir ki, onu karsla “mükafatlandırırlar”. Hər bir məhkumun ləyaqətlə cəza çəkmək hüququ olsa da, bu hüquq Rüfət Səfərova şamil olunmur. Müəssisə rəhbərliyi onu xüsusi adamları tərəfindən izlətdirir, hər addımını nəzarətdə saxlatdırır, ona ayrı-seçkilik olunur və onu ciddi psixoloji təzyiqlər altında saxlamağa çalışır. İş o həddə çatıb ki, bu ilin 22 sentyabr tarixindən Rüfəti 10 günlük karsa salıblar və bundan sonra daha da vəziyyətini gərginləşdiriblər.
Rüfət Səfərovu Müdafiə Komitəsi olaraq, son günlər Rüfət Səfərovun ətrafında yaşanan olaylar bizi narahat edir. Rüfəti 10 günlük karsa salmaqları ilə yekunlaşmayan müəssisə rəhbərliyinin, onunla “xlebnik” (birlikdə yemək yediyi məhkumlar) olan bəzi məhkumlardan onun əleyhinə “ifadələr” aldığı məlum olub. Bu, çox pis əlamətdir. Belə ki, Rüfət Səfərovun birlikdə yemək yediyi məhkumlardan onun əleyhinə ifadələr almaq, Rüfətə məkrli planlar qurulduğu qənaətini oyandırır bizlərdə. Son günlər Qobustan qapalı həbsxanasında cəza çəkən Abbas Hüseyn kimi məhkumların amansız işgəncədən sonra “tubzon”a – dustaqlar arasında “ölüm zonu” kimi tanınan müəssisəyə köçürülməsi, bizdə o qənaəti yaradır ki, bu tale Rüfət Səfərovu da gözləyir. Bu haqda Rüfət Səfərovu Müdafiə Komitəsinə təkzibolunmaz informasiyalar axını da gəlməkdədir. Penitensiar Xidmət və 9 saylı CÇM-in rəhbərliyi Rüfət Səfərovu ya “tubzon”a, ya da Qobustan türməsinə göndərmək istəyir. Bu isə Rüfətin həyatı bahasına başa gələ bilər. Çünki onun “tubzon”a göndərilməsi üçün heç bir əsas yoxdur. Rüfət Səfərovun vərəm xəstəliyi ilə uzaqdan-yaxından heç bir əlaqəsi yoxdur, bunu ciddi-ciddi bəyan edirik.
Rüfət Səfərovu Müdafiə Komitəsi baş verən olaylardan çox narahatdır. Biz hakimiyyət orqanlarını xəbərdar edirik ki, Rüfət Səfərovun başından əskik olan bir tükün belə hesabı onun boynundadır. Biz Rüfət Səfərova qarşı tətbiq olunan diskriminasiyanın, insan ləyaqətini alçaldan aşağılayıcı rəftarın dərhal dayandırılmasını, Penitensiar Xidmətin və 9 saylı CÇM rəhbərliyinin baş verənlər haqqında doyurucu məlumat-izahat verməsini tələb edirik. Əks təqdirdə, Beynəlxalq İnsan Hüquqları Komitələrinə, Avropa Şurasına, Avropa Birliyinə müraciət etmə, kütləvi aksiyalara başlama hüquqlarını özümüzdə saxlayırıq. Məsuliyyətin birbaşa Azərbaycan hakimiyyətinin boynuna düşdüyünü bir daha vurğulayır, Rüfət Səfərovun azadlığa buraxılmasını tələb edirik.
Biz, Rüfət Səfərovun hüquqlarını Müdafiə Komitəsi olaraq, siyasi sifariş yerinə yetirən hüquq mühafizə orqanlarını,xüsusən də,cəzaçəkmə müəssisələrində qanunların dürüst icrasına nəzarət etməyə borclu olan Baş Prokurorluğu, Ədliyyə Nazirliyini Rüfət Səfərova qarşı təzyiqlərə son qoymağa, mövcud qanunlara vicdanla riayət etməyə çağırırıq.”
Oxunub: 376