Bakı şəhərində yağan intensiv yağış nəticəsində bu gün səhər saatlarında Yasamal rayonu, Musabəyov parkının arxasında, Mirəli Seyidov küçəsində yol çöküb. Nəticədə, səhər saatlarında ərazidə nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunub.
“Azəravtoyol” ASC-nin mətbuat xidmətinin yaydığı məlumatda belə deyilir.
Məlumatda qeyd olunur ki, əraziyə ASC-nin əməkdaşları cəlb olunub və hadisənin baş vermə səbəbləri araşdırılıb. Məlum olub ki, podratçı bir təşkilat yaxınlıqdakı yeni yaşayış binasına yeni kanalizasiya xətti çəkib. Daha sonra qazılmış hissəni torpaq və çınqılla doldurub. Lakin yağıntılar sona qədər yolun bərpası işlərini həyata keçirməyə imkan verməyib. Nəticədə, qazılmış hissədə 15-20 sm dərinlikdə torpağın çökməsi baş verib. Bu isə öz növbəsində hərəkəti iflic edib.
“Mövcud qanunvericiliyə əsasən, yolun bərpasını qazıntı aparan qurum və ya şirkət özü etməlidir. Bunu normal şəkildə etməyə imkanı yoxdursa, bu sahədə ixtisaslaşmış dövlət qurumu olan “Azəravtoyol” ilə bununla bağlı müqavilə imzalanmalı, rəsmi ödəniş olunmalı və yalnız bundan sonra bizim tərəfimizdən bərpa işləri aparıla bilər. Lakin bununla bağlı həmin podratçı şirkət bizimlə heç bir müqavilə imzalamayıb. Belə olan halda isə həmin təşkilat yolun bərpasını özü həyata keçirməyə borcludur.
Buna baxmayaraq, əraziyə cəlb olunmuş əməkdaşlarımız tərəfindən yolun qazılmış hissəsinin müvəqqəti olaraq bərpa olunması və normal hərəkətin təşkili üçün addımlar atılıb”, – deyə cəmiyyətin məlumatında əlavə edilib.
Oxunub: 390