“Azərsu” ASC-nin kredit öhdəliyi bu il yanvarın 1-nə 421,929 mln. manat təşkil edib.
“Report” səhmdar cəmiyyətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 18,8% çoxdur.
Hesabat dövründə “Azərsu”nun cari kreditləri 17,4% artaraq 42,815 mln. manat, uzunmüddətli kreditləri isə 18,9% artaraq 379,114 mln. manat təşkil edib.
Ötən ilin sonuna səhmdar cəmiyyətin Dünya Bankı qarşısında 55,72 mln. manatlıq, Almaniyanın dövlət bankı “KfW” qarşısında 46,698 mln. manatlıq, Fransanın korporativ və investisiya bankı “Natixis” qarşısında 51,778 mln. manatlıq, Asiya İnkişaf Bankı (ADB) qarşısında 13,238 mln. manatlıq, “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) qarşısında 215,556 mln. manatlıq, Maliyyə Nazirliyi qarşısında isə 38,939 mln. manatlıq kredit öhdəliyi olub. Nazirlikdən borc 2016-cı ildə alınıb.
Ötən il “Azərsu” bütün digər təşkilatlar qarşısında cari kredit öhdəliyini azaldıb, üstəlik, “Kapital Bank” ASC-yə 636 min manat borcunu qaytarıb. Uzunmüddətli öhdəliklərə gəlincə isə, Dünya Bankı və ADB-yə olan borc azalıb, digər təşkilatlara olan borclar artıb.
Səhmdar cəmiyyətə borcu Maliyyə Nazirliyi faizsiz, ABB illik 1%-lə, “Kapital Bank” illik 8%-lə, ADB illik 2,5%-lə, “Natixis” illik 2,45%-lə, Dünya Bankı və “KfW” isə illik 0,75%-lə verib.
Oxunub: 172