“The Guardian” yazır ki, hamburger adətən beynəlxalq qalmaqal yaradacaq qədər əhəmiyyətli bir şey sayıla bilməz, amma bir New York restoranı Kremldən qaynaqlanan saxta xəbərə görə məhz belə bir qalmaqala düşüb.
Məqalədə deyilir ki, Rusiyanın dövlət mediası New York-dakı məşhur “Lucy’s Cantina Royale” restoranında ötən şənbə Putinin 65 illik yubileyi şərəfinə məxsusi ədvalı burger hazırlandığı barədə xəbər yaymışdı.
Rusiyanın bir nömrəli kanalı ORT bunu “bütün dünyada Putinin necə sevildiyini göstərən parlaq nümunə” kimi təqdim etmişdi.
“Rusiya liderinə ad günündə xoş arzularını bildirən heç də təkcə xarici liderlər yox, həm də bunun üçün ən qeyri-adi üsullar seçən adi insanlardır” – deyirdi ORT-nin aparıcısı.
Bu xəbərə görə New York-dakı Penn metro stansiyasının yaxınlığında yerləşən Lucy’s meksika mətbəxi restoranının ofisiantı demişdi ki, qızardılmış kartofla verilən beşqat burgerin dəqiq çəkisi 1952 qramdır. Xəbərdə iddia olunurdu ki, bununla Vladimir Putinin 1952-ci ildə doğulması simvolizə edilib.
“Biz inanırıq ki, Vladimir Vladimiroviç müstəsna siyasətçi və tarixi fiqurdur. Buna görə də qərara gəldik ki, ilin bir gününü bu adama həsr edək” – demişdi ORT-nin gah Tamara, gah Tatyana, gah da Darya kimi təqdim etdiyi ofisiant qız. Bu süjeti Kremlin nəzarət etdiyi RT telekanına bağlı Ruptly şirkəti istehsal etmişdi.
Bunun ardınca TASS dövlət xəbər agentliyi Lucy’s restoranının meneceri Ted Bryant-a istinadən yazırdı ki, “Putin bu restoranda ad günü bir gün ərzində xüsusi burgerlə qeyd olunan yeganə dünya lideridir”.
Xəbər son dərəcə maraqlı idi, lakin onun bir problemi var idi. Məlumat saxtaydı.
Kreml təbliğatının yalanlarını faş edən saytın jurnalisti Aleksey Kovalyov həmin restorana zəng edəndə Lucy’s-in barmeni ona demişdi ki, bu restoranda belə bir şey olmayıb.
Lakin kremlyönlü Twitter istifadəçisi həmin restorana zəng etdiyini və barda çalışan qadının səsini yazdığını iddia etmişdi. Qadın Putin burger ilə bağlı tədbirin həqiqətən də keçirildiyini deyirdi.
Bundan sonra Kovalyov restorana bir də zəng edib. Ona deyiblər ki, Rusiya dövlət televiziyasının verdiyi xəbərin yalan olduğunu deyən restoran işçisi əslində işçi yox təcrübəçi olub. Bundan sonra telefonun dəstəyini asmışdılar.
Lakin restoranın internet saytında Putin burgerinin bircə dənə də reklamı yox idi və oktyabrın 7-də restoranın Instagram saytında Rusiya prezidentinin ad gününə həsr edilmiş burgerləri görmək olmurdu.
“Bizim restoranımız Vladimir Putinin ad gününü heç bir şəkildə və ya formada qeyd etməyib. Biz müştərilərə heç vaxt Putin burgeri təklif etməmişik, Videosüjetdəki görüntülər saxtadır,”- Lucy’s Cantina Royale restoranının sözçüsü “The Guardian” qəzetinə deyib.
Kovalyovun telefonla danışdığı qadına gəlincə isə, Ryan deyib ki, bu qadın doğrudan da restoranda işləyir və “bizi məktəb layihəsi üçün video çəkdiyini” deməklə aldadıb”.
Ryan deyib ki, hazırda restoranın hüquqşünası bu insidentlə bağlı işi araşdırır.
Tənqidçilər bildirirlər ki, bu insident Kremlin maliyyələşdirdiyi saxta xəbər yaradıcılarının necə işlədiklərini göstərir.
“Bu axmaq hadisə Putinin və ona sadiq media və tərəfdarların nə dərəcədə yazıq vəziyyətdə olduqlarını göstərir – deyib Kovalyov The Noodle Remover saytına, – Onlar Qərbin diqqət və tanımasına o qədər tamarzıdırlar ki, birbaşa yalana əl atıb Qərbdə sadə insanların Vladimir Vladimiroviçə heyranlığını göstərmək istəyirlər. Bu çox kədərli bir haldır”.
Ruptly şərh üçün müraciətlərə cavab verməyib.
Lakin Rusiyanın dövlət mediası yalan faş ediləndən sonra da geri çəkilməyi düşünmür.
RT telekanalının kommunikasiyalar direktoru Anna Belkina deyib: “Bizim bu xəbərin doğruluğuna inanmamağa heç bir əsasımız yoxdur”. O, sübut kimi TASS-ın “Lucy” restoranının meneceri Ted Bryant-ı iqtibas etdiyini bildirir.
Amma problem də burasındadır ki, restoranın sözçüsü Ryan aydın şəkildə bildirib: “Lucy’s Cantina Royale”da heç vaxt Ted Bryant adında işçi olmayıb və Putinin ad günü burgeri barədə xəbər tamamilə uydurmadır”.
Oxunub: 506