33 beynəlxalq qeyri hökumət təşkilatının (QHT) Fransa prezidenti Emmanuel Makrona Azərbaycanda siyasi məhbuslar problemi ilə bağlı müraciətinə rəsmi cavab göndərilib. Bu barədə Turan agentliyi məlumat yayıb.
Makronun kabinet rəhbəri Fransua-Xavier Loşun (François-Xavier Lauch) imzaladığı məktubda bildirilir ki, Fransa hökuməti beynəlxalq QHT-lərin siyasi məhbuslarla bağlı narahatlığını diqqət mərkəzində saxlayır.
Fransanın diplomatik xidməti bu şəxslərin vəziyyətini diqqətlə izləyir, onların hüquqlarının, o cümlədən təqsirsizlik prezumpsiyasının və ədalətli məhkəmə hüququnun təmin edilməsinə xüsusi həssaslıqla yanaşır.
Bununla əlaqədar olaraq, Fransa Xarişi İşlər Nazirliyinin nümayəndəsi, Fransanın Bakıdakı səfirliyi, Fransanın Avropa Şurasında daimi nümayəndəliyi və ATƏT-dəki nümayəndəsi Azərbaycan hökumətini Avropa Şurası, Avropa İnsan Hüquqları Məhkəməsi qarşısında və beynəlxalq konvensiyalar çərçivəsində götürdüyü öhdəliklərə könüllü olaraq riayət etməyə çağırır.
Bundan başqa, Fransa hökuməti Azərbaycanla ölkənin vətəndaş cəmiyyətinin inkişafına və demokratik institutların möhkəmləndirilməsinə yönəlmiş ikitərəfli dialoqu davam etdirir, deyə cavabda bildirilir.
Xatırladaq ki, bir müddət əvvəl 33 beynəlxalq QHT Fransa prezidentinə Azərbaycanda siyasi məhbusların azad edilməsinə yardım etmək çağırışı ilə müraciət edib.
Oxunub: 458