İranın ali ruhani lideri Seyid Əli Xameneyinin 5 yaşlı bir uşaq və onun anası ilə türk və fars dilləri haqqında söhbəti bir milyondan artıq sosial media istifadəçisi tərəfindən izlənilib.
İran İslam Respublikası liderinin ofisinin idarə etdiyi Telegram kanalı tərəfindən yayımlanan videoda Xamneyinin Parsa adında bir uşaqdan “türk ya fars” olduğunu sual etdiyi görünür.
Videoda “şəhid Zindədil”-in nəvəsi olaraq təqdim edilən uşaq çəkdiyi bir rəsmi rəhbərə göstərir. Xameneyi fars dilində rəsim haqqında bir neçə sual soruşduqdan sonra uşağa türk dilində bir sual verir. “Sən türksən ya farssan?” deyə, o, uşaqdan soruşur.
Videonun davamında uşağın türk ailədən olduğu anlaşılır. Anası onun türk dilini anladığını, amma danışa bilmədiyini bildirir.
Daha sonra İran rəhbəri söhbəti təkrar fars dilində davam edərək, uşağın anasına evdə uşağa türkcə öyrətmələrini tövsiyə edir:
“Farscanı məktəbdə, küçədə və bu kimi yerlərdə öyrənirlər. Siz evdə ona türkcə öyrədin ki, türkcəni bilsin. Farscanı da ki, bilir. [Beləliklə] olar iki-dilli.”
Ofisin məlumatına görə, bu video Seyid Əli Xameneyinin “Müqəddəs müdafiə şəhidlərinin ailələri ilə görüş”-də çəkilib. İslam Respublikasında İran-İraq muharibəsi müqəddəs müdafiə olaraq vəsf edilir (amerikaninsesi.org)
Oxunub: 730