Dünyanın heç bir ölkəsində Azərbaycandakı qədər soyğunçu bank faizləri yoxdur və olmayıb. 35, 40, hətta 45 faizlə kredit qaytarmaq üçün vətəndaş ancaq narkotik vasitələrin satışı ilə məşğul olmalıdır, başqa heç bir sahə bu qədər gəlir gətirə bilməz. Uzun illər Azərbaycan bankları bu dəhşətli, gerçəkdən də, yer üzündə analoqu olmayan faizlərlə yoxsul, çarəsiz insanlarımızı soydu, taladı. Sonra soyğunçu devalvasiyalar gəldi. İnsanlar bir gecənin içində müflisləşdi, var-yoxundan oldu. Qazaxıstan, Rusiya kimi milli valyutası bizdən çox az səviyyədə devalvasiyaya uğramış ölkələr vətəndaşlarına doğru çox ciddi addımlar atdı, kredit borcu olanlara böyük güzəştlər etdi, bir çox kreditlər silindi, halbuki, bu ölkələrin heç birində milli valyuta Azərbaycan manatı kimi 2,2 dəfə ucuzlaşmayıb! Bu miqyasda devalvasiya nə təbii iqtisadi, nə də siyasi qanunauyğunluqların nəticəsi idi. Azərbaycan manatının dəyərsizləşməsi Azərbaycan hakimiyyətinin soyğunçu, talançı sosial-iqtisadi siyasətinin sonucu olaraq baş verib. Məsələn, təkcə Beynəlxalq Bankdan əvvəl Azərbaycanın dövlət büdcəsinə bərabər vəsaiti oğurlayıblar, sonra həmin vəsaiti təkrarən dövlət büdcəsindən, yəni, bizim cibimizdən ödətdirib öz ciblərini doldurublar. Ölkə büdcəsinə yüz milyardlarla neft pulu daxil etməli oan SOCAR Azərbaycanın neft sərvətlərini hakimiyyətin maraqlarına uyğun şəkildə talayıb, mənimsəyib, əvəzində Azərbaycan xalqının boynuna 10 milyard dollara yaxın borc yazıb. Kənd təsərrüfatını, sənayeni, yerli istehsalı məqsədli şəkildə ona görə məhv ediblər ki, monopoliya yaratsınlar, kəndli istehsal etdiyi yağı 8-10 manata sata bilməsin, əvəzində siyasi oliqarxiya xaricdən yağ gətirib burada özlərinə aid yerli istehsal müəssisələrində üçün birə nisbətilə marqarın qatıb, yenidən qablaşdırıb kiloqramını 19-20 manatdan satıb milyonlar qazansın. Soyğunçuluq, talan bütün istiqamətlərdə baş verib. İndi sual edirəm: bəs əhalini məhv edən, intihara təhrik edən soyğunçu banklar kimindir?! Şübhəsiz ki, bu banklar hakimiyətin ən yüksəklərinə aid olan siyasi oliqarxiyanın milyardlıq gəlir mənbəyidir. Demək, banklar vasitəsilə də, devalvasiya nəticəsində də xalqı soyan, müflis edən, bir tikə çörəyə möhtac qoyan bu hakimiyyətdir. İnsanların aclıq və səfalətlə uğraşdığı, bir aylıq pensiyanın, həkim və müəllim maaşının təkcə 5 kq. ətə və 5 kq. kərə yağına da çatmadığı indiki ağır dönəmdə gözləmək olardı ki, neftin və milyardların haram sahibləri onların halal yiyələrinə kiçik bir mərhəmət əta edə, soyğunçu faizlərlə həmin binəvalardan onsuz da milyardlar qazandıqlarını nəzərə alaraq bundan sonra kreditlərin ödənilməsində müəyyən güzəştlər tətbiq edələr. Amma siz saydığınızı sayın… görün Azərbaycan hakimiyyəti nə sayır! Bu günlərdə Milli Məclis Cinayət Məcəlləsinə dəyişiklik etdi. Bundan sonra kredit borcunu ödəyə bilməyənlər 3 ilədək azadlıqdan məhrum ediləcəklər! Bəli, biz kredit borcuna görə insanların həbs edildiyi yeganə Avropa ölkəsi titulumuzu heç kimə güzəştə getmərik! Əvvəl dəhşətli kredit faizlərilə vətəndaşı tala, sonra öz talançılığının hesabını devalvasiya şəklində o vətəndaşa ödətdir, onu bir gecənin içində var-yoxdan çıxar, müflis et, sonda da dilənçi gününə saldığın, illərlə sənin üçün milyardlar mənbəyi olan həmin vətəndaşı kredit borcunu daha ödəmək gücündə olmadığı üçün 3 illiyə həbsə at! Hakimiyyətlə hər şey aydındır, bu ölkəyə Vətən kimi deyil, gəlirli obyekt kimi baxırlar. Onun xalqını vətəndaş, insan yox, qul, kölə gözündə görürlər. Bəs vətəndaşın özü nə deyir?! Qul olaraq, kölə olaraq bu əzablı, məşəqqətli, alcaldıcı yola davammı deyir, yoxsa tamammı?! Davam deyənlərlə işim yoxdur, amma tamam deyənlərin hər birini Milli Şura uğrunda, siyasi müxalifət uğrunda, Cəmil Həsənli və ya Əli Kərimlinin qələbəsi uğrunda deyil, öz insan ləyaqəti və ailəsinin şərəfi uğrunda etiraza səsləyirəm! Etiraz aksiyamız-dinc mitinqimiz oktyabr ayının 28-i, saat 15.00-da, “İnşaatçılar” metro stansiyasının yaxınlığında yerləşən “Məhsul” stadionunda keçiriləcək. “Tək mənim getməyimlə nə dəyişəcək” demə, sən tək deyilsən, səni “Məhsul” stadionunda on minlər gözləyəcək!
Yazı müəllifin Facebook səhifəsindən götürülüb
Oxunub: 646