Çoxdan gözlənilən daha bir Qarabağ görüşü sonucsuz sona vardı. İ.Əliyevlə S.Sərkisyan Cenevrədə “dinc Qarabağ danışıqları” adına daha bir görüş keçirdi. Gərəksizliyi ona da, buna da qabaqcadan bəlli bir görüş. Dədə-bala Əliyevlərin 24 ildən bəri terrorbaşı erməni prezidentlərlə (Köçəryan, Sərkisyan) sevincək, deyə-gülə Qarabağ adına keçirdikləri daha bir gərəksiz görüş!
Ancaq… bizim üçün, Azərbaycan üçün gərəksiz görüş! İllərlə sürən, Azərbaycan üçün gərəksiz Qarabağ danışıqlarından qazananlar çoxdur: yaxın-uzaq imperialist güclər, ermənilər, Əliyevlər. Qarabağ sorunu sözügedən subyektlərin əlində əl-qolunu bağlamaqla, xalqı qorxu altında saxlamaqla Azərbaycanı yeyib-yenməyə yönəlik çox effektli aracdır. Əliyevlərn Konstitusiyaya savaşla bağlı artırmaları göstərilən araclardan biridir: belə deyək, gələn il prezident seçkisi ilə bağlı Əliyevlərə hakimiyəti itirmə qorxusu yaranarsa, İ.Əliyev Rusiyadan ABŞ-adək gizli danışıqlara əl atmaqla ötəri bir savaş başlayıb prezident seçkisini ertələyə bilər. Xalqın boynunu bir çox illərə boyunduruğa qoymağa yönəlik o savaş bizim üçün 2016-cı ilin aprelindəkindən daha qorxunc uğursuzluqla sonuclanar…
Qabaqkı illərdə olduğu kimi indiki danışıqlarla da bağlı biz İ.Əliyevdən daha çox xalqı aldatmağa yönəlik yalanlar eşidə bilərik. Danışıqlarla bağlı gerçəyi bilmək üçün ən yaxşısı erməni prezidentinin dedikləri ola bilər. Danışıqların ardınca erməni diasporu ilə görüş keçirən S.Sərkisyan çoxillik danışıqlar gerçəyini bir fraza ilə ortaya qoyub: “İlham Əliyevlə mənim Qarabağ sorununun çözümündən dolayı variantımız yoxdur”. Bu yalnız bir danışıqla deyil, bütün Qarabağ danışıqları ilə bağlı ortada olan başlıca gerçəkdir: ermənilərin də, ERMƏNİLİYƏ arxa duran yaxın-uzaq imperialist güclərin də tək, dəyişməz variantı budur: Qarabağ ermənilərin olmalıdır! Başlıca varinat istəsəniz – budur, tək variant istəsəniz – budur, başqa variant istəsəniz – o da budur! Baş Əliyev başlanğıcdan bu varianta boyun qoyduğu üçün (ölkənin doğal resurslarını böyük güclər arasında pay-püşk etməklə birgə) yaxın-uzaq imperialist güclər onun hakimiyətinə toxunulmazlıq qazandırıblar!
Başqa çözüm variantının yoxluğunu dilə gətirməyinin ardınca Sərkisyan deyir: “Ancaq biz ön cəbhədə qurbanların olmaması üçün gərginliyi azaltmaq yönündə uzlaşmaya gəlmişik”. Bu isə çoxillik yalançı “atəşkəs” üstündən daha bir yalançı “atəşkəs” deməkdir. Erməıni hakimiyətinə olmasa da, Əliyevlər hakimiyətinə uzun sürəli gerçək atəşkəs əl vermir – ara-sıra baş verən atışmalar, itki-qurbanlar onlara bir andan xalqı qorxu altında saxlamaq, başqa bir yandan milyonlar, milyardlar silib-yumaq üçün gərəkdir. Erməni hakimiyətinə gəlincə, bu hakimiyət Qarabağda böyük tikinti-quruculuq-abadlıq işləri apardığından ermənilərə gerçəkdən atəşkəs gərəkdir.
Diaspor qarşısındakı çıxışında Sərkisyan bunları da söyləyib: “Bizim üçün Qarabağ sorununun tək çözümü budur: Qarabağ Azərbaycana qaytarılmamalıdır. Haçaqsa hansısa erməni lideri bu yöndə nəsə qərar verib gerçəkləşdirə bilməəz.Bu amacla biz ölkəmizi ekonomik baxımdan gücləndirməklə Ermənistanın gəlişməsinə qarantiya yaradırıq”. Bu bir danılmaz gerçəkdir: doğal resurslardan yoxsul “Ermənistan” doğal resursları aşıb-daşan Azərbaycanı bir çox parametrlər üzrə çox-çox qabaqlayır, üstələyir – insan hüquqlarından tutmuş ekonomik qalxınmayadək. Korrupsiyanı DÖVLƏT POLİTİKASINA DÖNÜŞDÜRMƏKLƏ ölkəni sosial-ekonomik baxımdan çökürtmüş, ordu-polis gücünə ailə diktaturası qurmaqla xalqı hüquqsuz durma gətirən İ.Əliyev Azərbaycanın ermənilərə üstün gəlmə gələcəyini belə gələcəksizliyə uğradıb…
Nə etməli?
25 il də, 50 il də keçsə Qarabağ adına keçirilən bütün danışıqlar sonucsuz-gərəksiz olacaq, ta neft-qaz başda olmaqla ölkənin doğal resurslarını, eləcə də Qarabağ sorununu imperialist güclərlə alver obyektinə çeviribən hakimiyətə gələn Əliyevlər hakimiyətdən gedənədək! Sonra nə olmalıdır? Ölkədə demokratik-legitim hakimiyət yoluyla bütünlüklə yeni sosial-politik sistem qurulmalı, ardıcıl ekonomik gəlişmə axarında xalq, dövlət gücləndirilməli, buna uyğun yeni ordu formalaşdırılmalı, bütün bunlardan sonra Qarabağı qaytarmaq qərarı ortaya qoyulmalıdır. Korrupsiyanı dövlət politikasına dönüşdürən bir hakimiyətdən GÜCLÜ XALQ – GÜCLÜ DÖVLƏT gözləməyə dəyməz. Bizi istər ideoloji savaş, istər diplomatiya alanında uduzduran bir hakimiyətdən svaş uğuru gözləməyə dəyməz. Demokratik-legitim hakimiyət, gəlişən ekonomika, buna uyğun GÜCLÜ XALQ – GÜCLÜ DÖVLƏT! Bilməliyik: bütün bunlar olmayacaqsa, Qarabağ da olmayacaq!
Oxunub: 412