Azərbaycanda bəzi hüquqşünaslar və ictimaiyyət nümayəndələri nümayəndəlik institutunun ləğv edilməsilə bağlı təklifdən narahatdır.
Mülki Prosessual, İnzibati Prosessual Məcəllələrə, eləcə də “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişikliklər edilməsi barədə təklif oktyabrın 6-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə olunub və Milli Məclisin plenar iclasına tövsiyə edilib.
İrəli sürülən təklifdə bütün məhkəmə işlərində fiziki şəxslərin təmsilçiliyinin yalnız Vəkillər Kollegiyasının üzvü olan hüquqşünasların icra etməsi istənilib.
Özünü praktik hüquqşünaslar qrupu adlandıran bir neçə hüquqşünas isə çərşənbə axşamı baş tutan mətbuat konfransında bildirib ki, bu təklif kollegiyanın üzvü olmayan hüquqşünasları məhkəmə təmsilçiliyindən məhrum etmək deməkdir.
Vəkillər kollegiyasının üzvü Nicat Gözəlov bu təkliflə tanış olduğunu və sənədi oxuduğunu deyir. Lakin o, ümidlidir və parlament üzvlərinin vəkillərin narahatlığını nəzərə alacağı fikrindədir.
“Hər şey yaxşı olacaq”, vəkil çıxışı zamanı deyir.
Lakin digər hüquqşünaslar bu qədər optimist deyil.
Bir neçə il əvvəl Vəkillər Kollegiyasından xaric olunan hüquqşünas Xalid Bağırov da təklifin var olmasını, “qanunun dəyişdirilməsinə siyasi iradənin olması” ilə əlaqələndirir.
O deyir ki, bu dəyişiklik hüquqi yardım institutunun iflic olması deməkdir.
Aztəminatlı ailələr üçün problem
Vəkil Yalçın İmanov “dəyişikliyin mahiyyəti siyasidir” deyir.
“Bu dəyişikliyin ictimai müzakirəyə çıxarılmamağı və tələsik Milli Məclisə yönləndirilməyi onun mürtəce bir dəyişiklik olduğuna işarədir”.
Yalçın İmanov izah edir ki, nümayəndəlik institutun ləğvi həm aztəminatlı ailələrin hüququ yardım almasına mane olacaq, həm də “hakimiyyətin nəzərində təhlükəli olan işlərə” çıxan vəkillərin sayını azaldacaq.
“Vəkillik pullu xidmətdir. Qərar qəbul edilsə, maddi vəsaiti yetərli olmayan insanların müdafiəsində problem yaranacaq. Hamısı vəkilə müraciət edə bilməyəcək. Nümayəndəlikdə isə məbləğ cüzidir”.
Cənab İmanov deyir ki, Azərbaycan Avropa Şurasına üzv olan ölkələr arasında əhali sayına düşən vəkillərə görə ən axırıncı yerlərdən birindədir. Burda 10 min nəfərə 1 vəkil düşür.
“Vəkillər Kollegiyasının 900 üzvü var. Dəyişiklikdən sonra vəkillərin üzərinə yük düşəcək və onlar Kollegiyadan asılı olacaq. Bu da onların müstəqilliyinə və obyektivliyinə təsir edəcək”.
Vəkillər Kollegiyasından uzaqlaşdırılmış hüquqşünas Fərhad Mehdiyev dəyişikliyi “vəkillərin özlərinin başının üstündə Damokl qılıncı” adlandırır.
Hüquqşünas Səməd Rəhimli isə qərar qəbul olunduğu təqdirdə Azərbaycanda “hüquq böhranın” yaranacağı fikrindədir.
Vəkil sayının azlığı
Oktyabrın 6-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclasında Mülki Prosessual, İnzibati Prosessual Məcəllələrə, eləcə də “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişikliklər edilməsi barədə sənədlərə baxılıb.
Rəsmi məlumatda qeyd olunur ki, bu qanun layihələrində edilən dəyişikliklər üzvi surətdə bir-biri ilə bağlıdır.
Bildirilir ki, bu təkliflər parlamentlə Ali Məhkəmə tərəfindən verilib və məqsəd məhkəmə prosesində operativliyin artırılması və fiziki şəxslərin peşəkar hüquqşünas-vəkillərlə təmin olunmasıdır.
“Məhkəmə təcrübəsi göstərir ki, təqdim olunan ərizələrin çoxu qeyri-peşəkar şəkildə tərtib edilir. Bu da prosesin uzanması, əlavə maliyyə vəsaitlərinin sərf edilməsi, iş yükünün artması ilə nəticələnir. Amma qanunvericiliyə edilən dəyişiklik vəkillik institunun fəaliyyətinin inkişaf etdirilməsi və ölkədə vəkillərin sayının artırılması zərurətini yaradır”, Milli Məclisin rəsmi saytında bildirilir.
Çərşənbə axşamı mətbuat konfransında çıxış edən hüquqşünaslar vətəndaşlara göstərilən hüquqi xidmətin peşəkar olmasının vacibliyini vurğulayırlar. Onlar bildirir ki, qeyri-hüquqşünaslar hüquqi xidmət göstərməməlidirlər.
Lakin onlar narahatdırlar ki, bu qanun təkcə hüquqşünas olmayanları deyil, həm də Vəkillər Kollegiyasına üzv olmayan və ya Kollegiyadan çıxarılan hüquqşünasları da əhatə edir.
Hüquqşünas Ramil Süleymanov deyir ki, Azərbaycanda əhalinin sayı 10 milyon, kollegiyaya üzv olan vəkillərin sayı isə 936 nəfərdir. Bu o deməkdir ki, hər 11 min 100 nəfərə bir vəkil düşür.
Onun sözlərinə görə bu vəkillərin təxminən 600-dən çoxu Abşeron və Bakı ərazisində fəaliyyət göstərir.
“Vəkillər Kollegiyasına üzv olmağa namizədləri isə təxminən 1000 nəfərdir. onaların hamısı üzvlüyə qəbul edilsə belə, say kifayət etmir”, o deyir.
“Effektiv olmayan vəkillik”
Hüquqşün Xalid Bağırov vəkillərin sayənən kifayət etmədiyini belə izah edirlər.
“Bir il ərzində 9 mindən artıq həbs qətimkan tədbiri seçilir, bunun yalnız 2 faizindən vəkillər apellyasiya şikayəti verə bilir. Yəni effektiv vəkillik yoxdur”.
Xalid Bağırov deyir ki, Azərbaycanda ildə 13 min cinayət işi olur, bu işlərə yalnız Kollegiyaya üzv vəkillər baxır. Bundan əlavə isə 100 min mülki və on minlərlə inzibati məhkəmə prosesləri də baş tutur.
Hüquqşünas Kollegiyaya üzv vəkillərin bu işlərin hamısına baxa biləcəyinə inanmır.
Hüquqşünaslar onu da deyir ki, təklifdə başqa bir nüans da var. Bu da kasassiya şikayətlərinə aiddir.
Qərar qəbul edilsə, artıq iqtisadi mübahisələr 25 min manatdan və mülki işlər isə 10 min manatdan aşağıdırsa, kasassiya şikayəti verilməyəcək.
Milli Məclisin plenar iclası cümə günü, oktyabrın 20-i baş tutacaq. Bu təklifin həmin gün müzakirə edilib- edilməyəcəyi bilinmir.
BBC Azərbaycanca Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri ilə əlaqə yarada bilməyib.
Oxunub: 110