Xəbər verdiyimiz kimi, Siyasi Məhbusları Müdafiə Mərkəzi (SMMM) “Gürcüstan işi; təqiblər, həbslər və mövcud reallıqlar” mövzusunda böyük, təffərrüatlı hesabat hazırlayıb. Hesabat 30 aprel- 30 avqust 2017- ci il aralığında hazırlanıb. Hesabatın tam mətnini təqdim edirik.
***
Ümumi məlumat. Təqdim olunan Hesabat Siyasi Məhbusları Müdafiə Mərkəzi (SMMM) tərəfindən hazırlanıb. Bu sənəd Gürcüstan respublikasında azərbaycanlı siyasi mühacirlərlə bağlı cərəyan edən hadisələr, qonşu ölkəyə birbaşa və ya dolayısı ilə bağlı olan və orda həyata keçirilən son həbslər, Azərbaycanlı ictimai- siyasi fəallara, jurnalistlərə, iş adamlarına qarşı təzyiqlər, bu hadisələri doğuran səbəblər, mövcud durum və vəziyyətdən çıxış yolları ilə bağlıdır.
Hesabatın hazırlanmasında Gürcüstanla bu və ya digər formada əlaqəli şəkildə təzyiqlərə məruz qalan, həbs olunan şəxslər, onlara qarşı irəli sürülən rəsmi ittihamlardan, həmin şəxslərin özlərinin və müdafiəçilərinin fikirlərindən, mətbuatın xülasəsindən, yerli və beynəlxalq təşkilatların mövqeyini ifadə edən sənədlərdən, eləcə də Azərbaycan və Gürcüstan hökümətlərinin mövqeyindən, qanunvericilik aktlarından və s. istifadə olunub.
Hesabatın hazırlanmasında məqsəd. Statistik məlumatlara görə Azərbaycanda artan repressiyalar, əlverişsiz biznes mühiti, təhlükəsiz yaşam, korrupsiya və monopoliyanın güclənməsi, işsizlik problemləri və s. nöqteyi- nəzərdən son illər xeyli sayda insan ölkəni tərk edərək xarici ölkələrə üz tutur. Həmin şəxslərin müəyyən hissəsi müvəqqəti yaşam və ya tranzit ölkə kimi Gürcüstan respublikasını seçirlər. Son illər xeyli sayda ictimai- siyasi fəal Avropaya gedərkən məhz öncə qonşu ölkəyə səfər edir, müəyyən müddət Tbilisidə yaşamalı olurlar. Hazırda xeyli sayda Azərbaycanlı şəxslər bu ölkədə mühacir həyatı yaşayır. Son zamanlar onlara qarşı artan təzyiqlər və həbslər həmin şəxslərin taleyinə təhlükə yaradıb. Hesabatın hazırlanmasında məqsəd qonşu ölkədə baş verənləri araşdırmaq, problemi doğuran səbəbləri və çıxış yollarını özündə əks etdirən sənəd hazırlayıb onu aidiyyatı yerli və beynəlxalq qurumlara təqdim etməkdir. Diqqəti Gürcüstanda baş verən hadisələrə yönəltməklə problemin həllinə yardımçı olmaqdır.
Gürcüstanda son baş verənlər. Azərbaycan hakimiyyətinin təqiblərindən yaxa qurtarmaq üçün yerli vətəndaşlar tez- tez Gürcüstana üz tutur. Yuxarıda deyildiyi kimi qısa vaxtdan sonra ya ordan Avropa ölkələrinə üz tuturlar, ya da orda qalıb yaşayırlar, fəaliyyət göstərirlər. Fəaliyyət göstərən ictimai siyasi fəallar öz ölkəsində baş verən hadisələrə bəzən adekvat reaksiya göstərməyə çalışırlar. Həmin şəxslər vaxtaşırı olaraq Azərbycanda aparılan həbslərə, Konstitusiyaya və digər qanunvericilik aktlarına edilən məhdudlaşdırıcı əlavə və dəyişikliklərə müxtəlif formalarda etiraz edirlər. Etirazlardan biri 2016- cı ildə Azərbaycanın Tbilisi şəhərində yerləşən səfirliyinin önündə “siyasi məhbuslara azadlıq” və 26 sentyabr 2016- cı ildə Konstitusiyaya edliən, dövlət başçısına əlavə səlahiyyətlər verən ölkədə demokratiyanın deyil, monorxiya quruluşunun möhkəmlənməsinə xidmət edən əlavələrlə bağlı “Biz kral istəmirik” şüarı ilə keçirilən etiraz aksiyası olub. Eyni zamanda yerli ictimai fəallar və xarici ölkədə yaşayan Azərbaycanlı siyasi mühacirlər Tbilisə toplaşıb orda müxtəlif səpkili konfranslar keçirir, insan haqları və demokratiyanın durumu, seçki saxtakarlığı, media azadlığı və s. mövzularda debatlar təşkil edirlər. Bu aksiyalar və toplantılar çox saylı gürcü və beynəlxalq mətbuat orqanlarında, eləcə də müstəqil Azərbaycan mətbuatında geniş işıqlandırılıb. Təbii ki, bu tədbirlər rəsmi Bakını qıcıqlandırır və narahat edir. Həmin tədbirlərdən sonra Azərbyacanda hakimiyyətə yaxın KİV- lər qonşu ölkədə ölkəmizlə bağlı baş verənlərə dair silsilə yazılar dərc edir, verilişlər hazırlayırlar. Belə yazıların biri, daha çox hakimiyyət mətbəxində hazırlandığı ehtimal olunan, 2017- ci ilin 4 mayında virtualaz.org və haqqın.az saytlarında dərc olunan “Gürcüstanda gizli antiazərbaycan yuvaları; görüşlər, pullar, təlimatlar” yazısıdır (http://virtualaz.org/bugun/94808). Yazıda qeyd olunur ki, qonşu Gürcüstanda Azərbaycan əleyhinə şəbəkə formalaşıb. 2013- cü ildə Milli Şuranın da bu ölkədə formalaşdığını önə çəkən müəlliflər qeyd edirlər ki, hazırda da xaricdən maliyələşən antiazərbaycan qüvvələr Tbilisiyə toplaşıb müəyyən təlimatlar alır və Azərbaycanda guya rəngli inqilaba hazırlaşırlar. Yazıda son zamanlar Gürcüstana səfər edən və orda yaşayan ictimai- siyasi fəalların adları çəkilir, onlar haqqında həqiqətə uyğun olmayan aşağılayıcı fikirlər, şər- böhtan xarakterli ittihamlar irəli sürülür. Maraqlıdır ki, həmin yazı dərc olunduqdan qısa vaxt sonra yazıda adı keçənlərdən 3 nəfər- Tbilisidə fəaliyyət göstərən “Lancet” Klinikasının təsisçisi, azərbaycanlı iş adamı Fərman Ceyranlı, AXCP sədrinin müavini Gözəl Bayramlı və müstəqil jurnalist Əfqan Muxtarlı həbs olunub. Adı yazıda qeyd olunan Gürcüstanda yaşayan siyasi mühacir Daşqın Ağalarlının oturum iznin ləğv olunması ilə bağlı məhkəmə qərarını Apelliyasiya instansiyası qüvvədə saxlayır, onun ölkədən deportasiyası gündəmə gəlir. Buna qədər isə Tbilisidə son zamanlar Azərbaycan hakimiyyəti əleyhinə keçirilən “Siyasi məhbuslara azadlıq” və “Biz kral istəmirik” aksiyalarının təşkilatçılarından və iştirakçılarından olan ictimai fəal, blogger Mehman Qələndərov Tbilisidən Bakıya qayıdan kimi uydurma ittihamlarla həbs olunub, işgəncələrə məruz qalıb və Bakı İstintaq Təcridxanasında müəmmalı şəkildə dünyasını dəyişib.
Gürcüstanda baş verən hadisələrdə Azərbaycan hakimiyyətinin iştirakı; təqiblər və həbslər…
Azərbaycanın yerləşdiyi coğrafi ərazidə Gürcüstan yeganə qonşu ölkədir ki, burda İran, Rusiya və Türkiyədən fərqli olaraq rəsmi Bakını qane etməyən toplantılar keçirilir, Əliyev iqtidarının əleyhinə aksiyalar, konfranslar təşkil olunur və şuarlar səsləndirilir. Xaricdə yaşayan azərbaycanlı siyasi mühacirlər qonşu ölkəyə gəlib orda çox asanlıqla toplantı, görüş keçirir, rəsmi Bakının siyasi kursunu tənqid edir, yerli və beynəlxalq ictimaiyyətə ünvanlanan fikirlərini bildirirlər. Təbii ki, bütün bunlar Azərbaycan hakimiyyətini qane etmir və hakimiyyət istəyir ki, Azərbaycanlı ictimai- siyasi fəalların toplantıdğı yeganə “demokratiya gözlüyü”- nü də qapatsın. Yəni qonşu Gürcüstana Azərbaycanlı ictimai- siyasi fəalların vaxtaşırı olaraq mühacirət etməsi, ora toplaşaraq müxtəlif səpkili aksiyalar və toplantılar keçirməsi yuxarıda haqqında bəhs etdiyimiz “Gürcüstanda gizli antiazərbaycan yuvaları; görüşlər, pullar, təlimatlar” yazısında qeyd olunduğu kimi Azərbaycan hakimiyyətini narahat etməyə bilməz. Aparılan araşdırmalar və əldə olunan məlumatlar göstərir ki, son baş verənlər- Mehman Qələndərovun, Fərman Ceyranlının, Gözəl Bayramlının və Əfqan Muxtarlının həbs edilməsində, orda olan mühacirlərin təqiblərə və təzyiqlərə məruz qalmasında Azərbaycan hakimiyyəti birbaşa və dolayısı şəkildə iştirak edib. Bu məlumatların həqiqliyini və gerçəkliyini bilmək üçün baş verənlər və həyata keçirilən həbslər, repressiyalara məruz qalan şəxslər, onların üzləşdiyi təzyiqlər barədə bəzi qeydləri nəzərdən keçirək;
Mehman Qələndərov. Gürcüstanda mühacir həyatı yaşayan, ictimai fəal və blogger Mehman Qələndərov tənqidçi mövqeyi ilə seçilir, blogger fəaliyyəti ilə məşğul olurdu. 26 sentyabr 2016- cı ildə Konstitusiyaya edilən məhdudlaşdırıcı dəyişikliyə etiraz əlaməti olaraq həmin gün Tbilisidə Azərbaycan səfirliyi önündə keçirilən “Biz kral istəmirik!”, eləcə də “siyasi məhbuslara azadlıq” aksiyalarının təşkilatçılarından və iştirakçılarından olub. Tbilisidən Bakıya qayıtdıqdan dərhal sonra 07 fevral 2017- ci ildə Facebook sosial şəbəkəsində “Hamımız Qiyas olaq, qul olma!” statusunu yazıb məlumat paylaşaraq Bakıda Heydər Əliyevin heykəli önünə gedərək “heykəl məhbusları” Qiyas İbrahimov və Bayram Məmmədova azadlıq tələb edib, tək başına aksiya keçirib. Aksiyadan sonra uydurma narkotika ittihamı ilə şərlənərək həbs olunub.
Haşiyə. Bakıda həbs olunacağını bilə – bilə Mehman Qələndərovun 2017- ci ilin fevral ayında Bakıya qayıtması zərurəti anasının il mərasimində iştirak etməsi idisə, digər başlıca ciddi səbəb dəfələrlə müraciət etməsinə baxmayaraq ona Gürcüstanda qalması və yaşaması üçün beynəlxalq təşkilatların dəstək verməməsi, humanitar yardım etməməsi ilə bağlı olub.
Mehman Qələndərov həbsindən dərhal sonra Siyasi Məhbusları Müdafiə Mərkəzi tərəfindən (SMMM) siyasi məhbus kimi tanınıb.
O, 2005- ci il Azərbaycanda keçirilən parlament seçilərində deputatlığa namizəd olub. Bakıda keçirilən mitinqlərdə, tədbirlərdə fəal iştirak edib.
28 aprel 2017- ci ildə Bakı İstintaq Təcridxanasında müəmmalı şəkildə həyatına son qoyulub.
Xəbərlərdə onun saxlandığı kamerada intihar etdiyi bildirilsə də onu yaxından tanıyanlar Mehman Qələndərovun intihar etməsinə inanmadıqlarını bildiriblər. Onun möhkəm iradəli bir adam olduğunu qeyd edir və onun həbsxanada öldürülə biləcəyini ehtimalını irəli sürürlər.
Onun müəmmalı ölümü ilə bağlı hüquq müdafiəçiləri tərəfindən məlumat ictimailəşdirildikdən sonra Penitensiar Xidmət bildirdi ki, o, hazırda öz kamerasında sağ- salamatdır. Yaxınları onun ölümünü təsdiqlədikdən və mərhumun yaxın dostu Qələndər Muxtarlı onun nəşini morqda gördükdən sonra aidiyyatı qurumlar meyidin yaxınlarına verilməsindən imtina ediblər. Mehman Qələndərov aprelin 30- da Bakı İstintaq Təcridxanasının yaxınlığında gizlicə dəfn olunub. Mehmanın atası, anası və öz ailəsi yoxdur. Qohumlarına ciddi təzyiqlər edilib. Hətta ona yas vermək də qadağan olunub.
Mehman Qələndərov həbs edilən zaman ağır işgəncələrə məruz qalıb, ona qarşı qeyri- insani münasibət göstərilib. Onu təhdid edərək həbsxanadan sağ çıxmayacağını bildiriblər.
Vətəndaş cəmiyyəti fəalları Mehman Qələndərovla bağlı ictimai dinləmələr təşkil etmiş, hüzr məclisi keçirmiş və müsəlman qaydalarına uyğun olaraq ona 40 mərasimi təşkil etmişdilər.
Preventiv Cavab Qrupunun (PCQ) Mehman Qələndərovun ölümü ilə bağlı ölkənin baş prokuroru Zakir Qaralova müraciət edib. Müraciətdə onun qəbrinin eksqumasiya olunması, mərhuma işgəncə verilməsi faktının müstəqil ekspertlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə araşdırılması istənilib. Müraciətdə deyilir;
“Həbsdə olan ictimai fəal, bloger, siyasi məhbus Mehman Qələndərov aprelin 28-də Bakı İstintaq Təcridxanasında müəmmalı şəkildə dünyasını dəyişib. Rəsmi qurumlar intihar etdiyini bildirsə də, onun ölümündə xeyli şübhəli məqamlar var. Onun intihar etməsi üçün heç bir səbəb yoxdur. O çox iradəli, prinsipial və həyata bağlı bir adam idi. 7 fevral 2017-ci ildə Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham irəli sürülərək onun barəsində Nəsimi rayon Məhkəməsi tərəfindən 3 aylıq həbs-qətimkan tədbiri seçilib. O, mübariz bir insan idi. Bakıda və Tbilisidə hakimiyyətdən insan haqlarının qorunması tələbi ilə keçirilən bir çox aksiyaların fəal iştirakçılarından olub. Həbs olunan gün, 7 fevralda isə “heykəl məhbusları” Qiyas İbrahimov və Bayram Məmmədova azadlıq tələbi ilə Heydər Əliyevin heykəli önünə gedərək orada təkbaşına aksiya keçirib, etiraz şüarları səsləndirib. Məhz bu hərəkətindən dərhal sonra M. Qələndərov həbs olunub və ona qarşı heç bir əsas olmadan narkotika ittihamı irəli sürülüb. Həbs olunan gün polis bölməsində ağır işgəncələrə və həbsdən sağ buraxılmayacağı haqda təhdidlərə məruz qalıb. Məhkəmə önünə vəkilsiz çıxarılıb. M. Qələndərovun ölümünü Penitensiar Xidmət öncə təkzib etsə də, sonradan Respublika Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi qaldırılıb. Onun nəşi yaxınlarına verilməyib və Zabrat qəbristanlığında gizli dəfn olunub. Bütün bu qeyd olunanlar isə onun intihar etməsi deyil, işgəncə ilə öldürülməsinə dair ehtimalları möhkəmləndirir.
Hesab edirik ki, M. Qələndərovun müəmmalı ölümü obyektiv və əhatəli şəkildə araşdırılmalıdır. İctimaiyyət nümayəndələrinin haqlı tələblərinə cavab olaraq onun qəbri eksqumasiya olunmalı, M. Qələndərova işgəncə verilməsi faktı müstəqil ekspertlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə araşdırılmalıdır. Sizi çağırışımıza səs verməyə, bu istiqamətdə əməli addımlar atmağa çağırırıq”, müraciətdə qeyd edilir.
Qeyd; Preventiv Cavab Qrupu (PCQ) 2011-ci ildə yaradılıb, əsas vəzifəsi KİV əməkdaşlarının həyatı, fəaliyyəti üçün yarana biləcək təhlükənin qarşısını almaq, KİV əməkdaşlarının qətli, döyülməsi, oğurlanması, şantajı və onlara mənəvi- psixoloji təzyiq göstərilməsi hallarını təhqiq etmək və jurnalistlərin həbs olunması faktı üzrə araşdırmalar aparmaqdır.
Prokurorluq müraciətə cavab verərək bildirib ki, Baş Prokurorluq Mehman Qələndərovun işi üzrə ilkin araşdırmanı davam etdirir və nəticələrdən asılı olaraq, qanun çərçivəsində qərar qəbul ediləcək. Prokurorluğun cavab məktubunda araşdırmanın necə aparıldığı, hansı işlərin görüldüyü qeyd edilməyib.
Xatırladaq ki, Qələndərovun istintaq təcridxanasında ölümü faktı üzrə aprelin 28-də Azərbaycan CM-in 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi üzrə cinayət işi açıb, mayın 1-dən isə istintaqı Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsi davam etdirib.
Mehman Qələndərovun ölümü ilə bağlı Hüquqi Arayış. Penitensiar Xidmətin siyasi məhbus və fəal Mehman Qələndərovun Bakı İstintaq Təcridxanasında (BİT) “intihar etdiyi” barədə xəbəri onun cəsədi artıq meyitxanada olandan sonra təkzib etməsi, həmçinin onun gizli surətdə dəfn edilməsi ictimaiyyətdə şübhə doğurub. Azərbaycan Milli Demokrat Partiyasının sədri Qələndər Muxtarlının mərhum fəalın nəşini meyitxanada gördüyü və onun bədənində izlərin olduğu barədə bəyanatı şübhələri daha da artırıb. Əksəriyyət Qələndərovun BİT-də qəfil ölümünü gizlədilməsinə cəhd edilən qətl kimi qiymətləndirib.
Vəkil Əsabəli Mustafayev Mehman Qələndərovun Bakı İstintaq Təcridxanasında müəmmalı ölümü ilə bağlı bildirir ki; “Xoşu gəlməyən fəalları məhkum etmək məqsədi ilə narkotik maddələr saxlamaqda ittiham etmək hakimiyyət üçün ənənəvi üsuldur və bu, Qələndərovun həbs olunması qanuniliyini, onun ölümünü gizlətmək cəhdləri isə intihar versiyasını şübhə altına alır”, – deyə vürğulayıb.
“Belə hallar mənim vəkillik təcrübəmdə də olub. Bu yaxınlarda İnsan Haqları üzrə Avropa Məhkəməsi “Zeynal Mustafayev Azərbaycana qarşı” işi barəsində qərar çıxarıb. Mustafayevin oğlu Mahir Mustafayev ciddi rejimin olduğu və hər şeyə nəzarət edildiyi Qobustan həbsxanasında saxlanılırdı. Rəsmi versiyaya görə, o, yatağında baş vermiş təsadüfi yanğından həlak olub. Guya yataq alışıb yanıb, o isə elə bərk yatıbmış ki, elə yuxudaca külə dönüb. Bizim versiyamıza görə, o, işgəncə altında dünyasını dəyişib. O, həbsxana rəhbərliyindən tez-tez şikayət edirdi, buna görə də ona işgəncə verib öldürərək ondan qisas alıblar və bunun izlərini gizlətmək üçün cəsədi yandırıblar. Avropa Məhkəməsi bizim xeyrimizə qərar qəbul edib və qətnaməsində yerli hakimiyyətin səmərəli araşdırma aparmadığını bildirib.
Həbs yerlərində intiharla, ehtiyatsızlıqdan ölüm ilə bağlı bütün bu işlər bir-birinə oxşayır. Təcrübə göstərir ki, əgər islahedici müəssisələrin əməkdaşları qisas almaq istəyirlərsə, onlar bunu müxtəlif üsullarla edirlər və bunu ört-basdır etmək üçün müxtəlif bəhanələr gətirirlər. Adətən, belə hallarda iqtidar səmərəli, həqiqi araşdırma aparmır, faciənin əsl səbəblərini axtarmır və günahkarları cəzalandırmır. Bu günə qədər istintaq müəssisələrində, cəzaçəkmə yerlərində çoxlu sayda “intihar” hadisəsi baş verib- kimisə “özünü asıb”, kimisə “özünü pəncərədən atıb” və s. Lakin buna görə heç kim cinayət məsuliyyətinə cəlb edilməyib.
Deyirlər ki, Mehman Qələndərovun ölümünə görə kimisə işdən çıxarıblar, kimisə rütbədə azaldıblar. Lakin, hətta əgər bu belədirsə, buna isə inanmaq çətindir, bunlar ümumi vəziyyətə təsir etməyən xırda tədbirlərdir. Ümid qalıb vəkillərə, onlar vəkil araşdırması aparacaq və qanun pozuntularına yol verildiyini sübut etməyə çalışacaqlar. Uğursuzluq olduğu təqdirdə, ümid yenə qalacaq Avropa Məhkəməsinə. Mahir Mustafayevin valideynlərinə onun ölümü barədə dəfnindən üç gün sonra məlumat verilib. Naxçıvanda 2011- ci ilin avqust ayında Turac Zeynalov həbs edildikdən 3 gün sonra MTN-də vəfat edib və onun cəsədini ailəsinə vermək istəmirdilər. Yalnız hüquq müdafiəçilərinin müdaxiləsindən sonra onun nəşini verdilər və aydın oldu ki, o, işgəncə altında dünyasını dəyişib. Fikir verin, görün bu işlər Mehman Qələndərovun işi ilə necə də oxşardır. Bu, onu göstərir ki, belə halların əksəriyyətində insanlar işgəncədən dünyasını dəyişir, lakin onların ölümünü intihar kimi təqdim edirlər. Hesab edirəm ki, hakimiyyət vəkillərin, ekspertizanın iştirakı ilə normal təhqiqat aparmalıdır.
Əgər Qələndərovun işinin istintaqı gizli şəkildə keçirilərsə, gələcəkdə Avropa Məhkəməsi onu mütləq izi itirmək məqsədilə aparılmış qeyri-həqiqi, səmərəsiz istintaq elan edəcək. Bu cür işlərdə meyitin eksumasiyası vacibdir, lakin bunu heç də həmişə etmək olmur. Turac Zeynalovun işində biz eksumasiyaya nail olmağa çalışdıq, onun qohumları da buna razı idi, çünki o, artıq dəfn edilmişdi və qeyri-rəsmi çəkilmiş fotoşəkillərdən başqa ona işgəncə verildiyinə dair sübut yox idi. Buna görə də eksumasiya və ekspertiza aparmaq lazım idi, lakin hakimiyyət buna getmədi. Çünki vəkil və ya dəvət olunmuş ekspertin orada iştirak etmək hüququnun olduğu məhkəmə-tibbi ekspertiza zamanı onun nəticələrini saxtalaşdırmaq çətindir və işgəncə izlərinin olduğu üzə çıxa bilərdi. Qələndərovun narkotik maddə saxlamaqda ittiham edilməsi siyasi sifariş kimi qiymətləndirilə bilər. Praktikada saxlanılmış şəxsin onun etmədiyi əməllərdə günahlandırıldığı hallar çoxdur. Təcrübə də göstərir ki, “intihar” hallarının əksəriyyəti qanunsuz həbslər nəticəsində baş verir. Çünki həqiqətən cinayət törətmiş insanlar nadir hallarda özünə qəsd edir. Həbs qanunsuz olduğu halda isə məhbusu “günahı” boynuna almağa məcbur etmək üçün ona işgəncə verirlər, sonra isə intihar adı altında izləri gizlətməyə çalışırlar”.
“Biz cinayət işinin materialları ilə tanış deyilik, amma bizə məlum olanlara əsasən, Mehman Qələndərova qarşı irəli sürülmüş rəsmi ittihamlar, fikrimcə, siyasi sifariş idi”, – deyə hüquqşünas Samirə Ağayeva bildirib. “Çünki Qələndərov fəal, blogger idi, ən başlıcası isə o, son vaxtlar Qiyas İbrahimov və Bayram Məmmədovu çox fəal surətdə dəstəkləyirdi. Onun sonuncu aksiyası məhz onlarla bağlı idi. Bildiyimiz kimi, Qiyas və Bayram siyasi məhbuslardır və hər ikisi satış məqsədilə külli miqdarda narkotik saxladıqları üçün 10 il müddətinə həbs edilib. Mehman Qələndərov barəsində də eyni ittiham irəli sürülüb. Təcrübəyə görə, jurnalistlərin, fəalların əksəriyyəti məhz həmin maddələr üzrə həbs olunub. Buna görə də mən Qələndərovun həbsinin siyasi səbəblərlə şərtləndirilmiş olduğunu hesab edirəm. İntihar haqda mübahisəli məqama gəldikdə isə, Penitensiar Xidmətin Mehman Qələndərovun ölümünü əvvəlcə gizlətdiyini və ilkin mərhələlərdə ziddiyyətli məlumatlar veridiyini və yalnız vətəndaş cəmiyyətinin nümayəndələri bu barədə yazmağa başladıqdan sonra dustağın ölüm faktını etiraf etməyə məcbur olduğunu nəzərə alsaq, bütün bunların intihar faktını şübhə altına qoyduğunu deməliyik.
Qələndərovun ölüm faktı barədə məlumatın özü, həmçinin onun gizli dəfni və mərhumun ailəsinin onun cəsədini qəbul etməkdən imtina etməsi bunun özünəqəsd olmadığı versiyasının təsdiqinə xidmət edir. Üstəlik, cəzasının bir hissəsini Bakı İstintaq Təcridxanasında çəkmiş keçmiş siyasi məhbusların verdiyi məlumata görə, orada intihar etmək mümkün deyil. Burada texniki məqamlar var: kamerada təkcə bir nəfər qalmır, eyni ilə bu, Qələndərova da aiddir: onun, rəsmi versiyaya görə, guya bu zaman hamamda olmuş kamera yoldaşı var idi. Bu, ağlabatan deyil, çünki orada duş qəbul etmək üçün çox az, cəmi 10-15 dəqiqə, vaxt verilir və təcridxana kamerasında həmin müddət ərzində intihar etmək mümkün deyil. Bundan əlavə, başqa texniki məqamlar var, məsələn kamerada pəncərənin harada və necə yerləşdiyi və s. Və bütün bunlar Qələndərovun ölümünün rəsmi versiyasına şübhə etməyə əsas verir”, – deyə S.Ağayeva vurğulayıb.
Qeyd. Vətəndaş cəmiyyəti fəalları Penitensiar Xidmətin rəhbərliyinə müraciət edərək Mehman Qələndərovun Bakı İstintaq Təcridxanasında saxlandığı kamerasına baxış keçirmək, onun “intihar” versiyasının mümkün olub- olmamasını araşdırmaq istəmişdi. Lakin Penitensiar Xidmət nəinki ictimai fəalların və jurnalistlərin bu istəyini nəzərə almışdı, ümumiyyətlə müraciəti cavablandırmaqdan imtina etmişdi.
Mehman Qələndərovun müəmmalı ölümü ilə bağlı yerli təşkilatlarla yanaşı beynəlxalq qurumlar- ABŞ Dövlət Departamenti, Amnesty İnternational təşkilatı bəyanat vermiş, AŞPA- nın, Avropa Parlamentinin sənədlərində Azərbaycan hökümətindən onun ölümünün şəffaf və obyektiv araşdırılması tələb olunub.
Zəruri qeyd. Mehman Qələndərovun ölümündən bir neçə gün sonra haqqin.az saytında məlum yazının dərc olunması və ardınca həmin yazının ssenarisinə uyğun olaraq məqalədə adı çəkilən şəxslərin- Gürcüstanda yaşayan azərbaycanlı iş adamı Fərman Ceyranlının, daha sonra AXCP sədrinin müavini Gözəl Bayramlının həbs olunması, eyni zamanda araşdırmaçı jurnalist Əfqan Muxtarlının Tbilisidə oğurlanıb Bakıya gətirilərək həbsə atılması, qonşu ölkədə yaşayan digər mühacir ictimai fəallara qarşı təzyiqlərin artması bloggerin ölümünün təsadüfi olmadığı qənaətini gücləndirir. Bəzi mənbələr bildirir ki, məlum yazının ssenarisinə uyğun olaraq Gürcüstanla bağlı həyata keçirilən həbslər və təqiblər “Azərbaycan müxalifətinin xaricdən maliyələşmə” faktının təsdiqinə xidmət edib. Əsas ehtimallardan biri odur ki, son zamanlar Gürcüstanda yaşayaraq orda fəallığı və müxalif fikirləri ilə seçilən Mehman Qələndərovdan istintaqa sərf edən etirafedici ifadələrin alınması üçün ona işgəncələr verilib. Bakı İstintaq Təcridxanasında işgəncələrə dözə bilməyən blogger dünyasını dəyişib. Onun ölüm xəbərinin təkzib olunması, nəşinin yaxınlarına verilməməsi və gizli dəfn olunması da işgəncə faktının ört- basdır edilməsinə xidmət edib.
Gözəl Bayramlı. AXCP-nin sədr müavini, Milli Suranın Koordinasiya Mərkəzinin üzvü Gözəl Bayramlı 25 may 2017-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin (DSX) Qazax rayonu ərazisində yerləşən “Şıxlı” Sərhəd Nəzarəti Məntəqəsini keçərkən saxlanılıb və həbs edilib.
Qeyd; Gözəl Bayramlı səhhətində yaranan ciddi problemlərə görə ağır cərrahi əməliyyatlar keçirib. O, uzun zamandır çənə artrozundan əziyyət çəkir və 3 dəfə buna görə əməliyyat olunub. Bundan başqa, onda endokrinoloji problemlər var, bununla bağlı daim dərman qəbul edir. Həkimlərin rəyinə görə Bayramlının qanında leykosit azlığı var, mütəmadi dərman qəbul etmədiyi halda onda leykoz xəstəliyi yarana bilər. Vaxtaşırı müayinə və müalicə məqsədi ilə o tez- tez qonşu Gürcüstana gedir, orda qeydiyyatda olduğu xəstəxanalarda həkim nəzarətində olur və müalicəsini davam etdirirdi. Belə səfərlərin birində ölkəyə qayıdarkən o həbs olunub.
Hakimiyyətin əvvəlcədən hazırlanmış ssenarisi: Gözəl Bayramlının həbsindən 21 gün əvvəl 04 may 2017-ci il tarixdə hakimiyyətin mənafeyinə xidmət edən jurnalist Eynulla Fətullayev “Gürcüstanda gizli antiazərbaycan yuvaları-görüşlər, pullar, təlimatlar” başlıqlı yazıyla gündəmə gəldi. Onun sözügedən yazıda qeyd etdiyi “antiazərbaycan” fikri həqiqi mənasında “antihakmiyyət”, “pul və təlimatlar” isə gələcəkdə həbs üçün ortaya çıxacaq həbs bəhanəsinə rəng verilməsi üçün çox vacib idi. Həmin yazıda deyilir;
“2016-cı ilin martında isə barışmaz, sistemdənkənar müxalifətin liderlərindən biri, Əli Kərimlinin müavini Gözəl Bayramlı üç dəfə Gürcüstan ərazisində peyda olub. O, Gürcüstana Xalq Cəbhəsindən olan fəalların müşaiyəti altında gedib. Olduqca qəribədir, ancaq Gözəl Bayramlı hər dəfə Gürcüstana avtomobillə, tərəfdaşlarının müşaiyəti ilə gedib və Tiflisdə iki gündən çox qalmayıb. O, Gürcüstana Qazax rayonu istiqamətindən keçib, qayıdanda isə bir qayda olaraq Zaqatala tərəfdən daxil olub. Emissarlarla görüşüb, pul və təlimatlar alıb, geri qayıdıb”.
1989-cu ildən Milli Azadlıq Hərəkatında fəal iştirak edən, son illər bütün kütləvi aksiyalarda öndə gedən Gözəl Bayramlı müxalif mövqeyi ilə daima hakimiyətin nəzarətində olmuş, dəfələrlə təqib olunaraq inzibati qaydada məsuliyyətə cəlb olunmuş, hədə-qorxu və digər təzyiqlərə məruz qalmış, sonda isə 25 may 2017-ci il tarixdə qondarma cinayət əsasında DSX-nin Qazax rayonu ərazisində yerləşən “Şıxlı” Sərhəd Nəzarəti Məntəqəsini keçərkən saxlanılaraq həbs edilib, ona qarşı Cinayət Məcəlləsinin 206.1- ci maddəsi ilə (qaçaqmalçılıq) cinayət işi açılıb.
Cinayət Məcəlləsinin 206.1-ci maddəsi (qaçaqmalçılıq) ilə irəli sürülmüş ittihamın dəlilləri: Gözəl Bayramlının həbsi ilə bağlı Prokurorluq və Dövlət Sərhəd Xidmətinin birgə məlumatında deyilir; “Sınıq Körpü” gömrük postunda yerləşən rentgen qurğusunda G.Bayramlıya məxsus sellofan paketə baxılarkən monitorda şübhəli predmet görüntüsü aşkar edilib, bu səbəbdən ona üzərində və əl yüklərində gömrük nəzarətinə mütləq bəyan edilməli və ya gömrük nəzarətindən gizlədilmiş malların könüllü olaraq təqdim olunması təklif edilib, G. Bayramlı üzərində və əl yüklərində bəyan edilməli olan hər hansı bir malın olmadığını bildirib. Bundan sonra, G.Bayramlıya məxsus əl yüklərinə baxış keçirilib və əl yükündəki sellofan torbanın içərisindən ümumilikdə 12 min ABŞ dolları məbləğində pul aşkar olunaraq götürülüb.
26 may 2017-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanmışdır. İş üzrə müvafiq ekspertizalar təyin edilmiş, digər təxirəsalınmaz istintaq hərəkətləri aparılmışdır.
G.Bayramlı 26 may 2017-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilmiş və Səbail rayon məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə qərarları əsasında G. Bayramlının yaşadığı Suraxanı rayonu, Qaraçuxur qəsəbəsindəki və Nərimanov rayonu, Təbriz küçəsindəki mənzillərdə axtarış aparılmışdır.
Onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənməsi üçün Səbayıl rayon məhkəməsinə vəsatət verilmiş, məhkəmənin 01 iyun 2017-ci il tarixli qərarı ilə vəsatət təmin edilməmişdir. Eyni zamanda onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilmiş, həmin məhkəmənin 02 iyun 2017-ci il tarixli qərarı ilə şikayət təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
Gözəl Bayramlının siyasi fəaliyyətinə inzibati müdaxilələr. Gözəl Bayramlının ictimai- siyasi fəaliyyətinə bir neçə dəfə müxtəlif formalarda müdaxilələr olub. Ona qarşı olan qanunsuzluqlar Avropa İnsan haqları Məhkəməsi səviyyəsində tanınıb və onun xeyrinə qərarlar qəbul olunub. 2010-cu ilin parlament seçkilərində iştirak edərək seçicilərin səs çoxluğunu qazandığı bildirilsə də, nəticələr hakimiyyət namizədi, YAP İcra katibi-indiki Baş nazirin müavini Əli Əhmədovun xeyrinə hesablanıb. Avropa İnsan Hüquqları Məhkəməsi Gözəl Bayramlının şikayət ərizəsinə baxıb, seçki nəticələrini araşdıraraq 2017-ci ildə onun lehinə qərar çıxarıb və Azərbaycan hökumətini seçkilərdə yol verilmiş qanun pozuntularına görə 12 min Avro dəyərində cərimələyib.
Ölkənin ictimai- siyasi fəal qadınlarından olan Gözəl Bayramlı bir çox etiraz aksiyalarının təşkilatçılarından və fəal iştirakçılarından olub. Etiraz aksiyalarının fəal təşkilatçılarından biri kimi dəfələrlə həbs olunub. Xəbərdarlıq olunub və cərimə edilib;
– 21 may 2005 ildə Bakıda AXCP-nin icazəsiz aksiyasında saxlanılıb, Xətai rayon polis idarəsində ifadəsi alınaraq, xəbərdarlıq edilməklə sərbəst buraxılıb.
– 23 noyabr 2006-cı ildə AXCP-nin Bakı Soveti metrosu önündə keçirdiyi icazəsiz aksiyada saxlanılıb, Səbail rayon məhkəməsində xəbərdarlıq edilərək sərbəst buraxılıb.
– 17 aprel 2011-ci ildə etiraz aksiyasında kobud polis zorakılığına məruz qalaraq həbs olunub və 5 sutka inzibati həbs cəzası alıb. Avropa İnsan Hüquqları Məhkəməsi onun qanunsuz həbsi əsasında şikayət ərizəsinə baxıb və 2016-cı ildə lehinə qərar çıxararaq, Azərbaycan hökumətini 12 min Avro dəyərində cərimələyib.
– 26 yanvar 2013 il tarixli Fəvvarələr meydanında keçirilən aksiyada iştirakına görə Səbail rayon məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 298.1 maddəsi üzrə 2 min manat məbləğində cərimə ilə cəzalanıb.
– 26 yanvar 2014-cü il tarixdə Bakıda keçirilən “Silahınızı üstümüzdən çəkin” etiraz aksiyasında saxlanılaraq məhkəmə qərarı ilə inzibati qaydada 2000 (iki min) manat cərimə edilib.
– 14 oktyabr 2016- cı ildə DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə çağrılıb və dindar siyasi məhbusları müdafiə etdiyinə görə xəbərdarlıq edilib.
– 20 aprel 2017- ci ildə Baş Prokurorluğun Ağır Cinayətlər İdarəsində 5 saatdan çox dindirilib. G.Bayramlı xaricdən siyasi sığınacaq almaq istəyənlərə guya AXCP-dən verilmiş saxta arayışlarla bağlı iş üzrə çağrıldığını bildirib.
Gözəl Bayramlı barəsində həbs qətimkan tədbirinin seçilməsi, alternativ qətimkən tədbirinin təyin edilməməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır:
Belə ki, Cinayət Prosessual Məcəlləsinin və Avropa Konvensiyasının müddəalarında təsbit edilmiş hüquqları da kobud surətdə pozulmuşdur. Nəzərdə tutulmuş cinayət prosesini həyata keçirən orqandan gizlənmək, cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən materialları gizlətməklə və ya saxtalaşdırmaqla ibtidai istintaqın və ya məhkəmə baxışının normal gedişinə mane olmaq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli yenidən törətmək və ya cəmiyyət üçün təhlükə yaratmaq, cinayət prosesini həyata keçirən orqanın çağırışlarına üzürlü səbəblər olmadan gəlməmək və ya digər yolla cinayət məsuliyyətinə cəlb edilməkdən və cəza çəkməkdən boyun qaçırmaq kimi hallar mövcud olmasa da məhkəmə digər qətimkan tədbirləri əvəzinə son zərurət tədbirini sifarişli şəkildə seçmiş olub.
Siyasi sifarişin məhkəmə tərəfindən icrası: Hansı ki, “qaçaqmalçılıq”- da ittiham edilən şəxslə bağlı ölkədən çıxışına məhdudiyyət qoyulmaqla “polis nəzarətinə vermə” və ya “heç yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçməklə nəzərdə tutulmuş əməli yenidən törətmək və ya cəmiyyət üçün təhlükə yaratmaq imkanı olmazdı. Eyni zamanda qərar qəbul etmiş məhkəmə dəfələrlə bir çox hüquq-mühafizə orqanlarına dəvət olunan və hər bir çağırışa qorxub çəkinmədən vaxtında getmiş olan G. Bayramlının cinayət prosesini həyata keçirən orqanın çağırışlarına üzürlü səbəblər olmadan gəlməmək və ya digər yolla cinayət məsuliyyətinə cəlb edilməkdən və cəza çəkməkdən boyun qaçırmaq kimi formal mülahizələrlə həbsdə saxlamamalı idi.
Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsidir.
Gözəl Bayramlının Gürcüstan sərhəd-buraxılış məntəqəsində Azərbaycan tərəfinə keçərkən yoxlanmasının nəticələri barədə Gürcüstan hökumətinə müraciət edilməsinə və yoxlamanın nəticələri barədə sənədlərin əldə edilməsinə ciddi zərurət var. Bu sənədlər Gözəl xanımın həbsini həyata keçirənlərin müəyyən olunmasına, həmçinin bu həbsin qurama və siyasi motivli olmasının sübut edilməsinə yardımçı ola bilər.
Qeyd. Bu amil əsas götürülərək Siyasi Məhbusları Müdafiə Mərkəzinin təşəbbüsü ilə Gürcüstan Gömrük Komitəsinə və Maliyyə nazirliyinə müraciət edilərək G. Bayramlının cari ilin 25 mayında Gürcüstanın sərhəd- gömrük məntəqəsini keçərkən üzərində qanuna zidd və ya bəyannamədən gizlədilən əşya, maliyə vəsaitinin olub-olmamasına aydınlıq gətirilməsi xahiş olunur. Adı çəkilən qurumlardan müraciətlə bağlı hələ ki, hər hansı cavab yoxdur.
Hüquqi Arayış. Gözəl Bayramlıya qarşı irəli sürülən ittihamlarla bağlı vəkil Fuad Ağayevin şərhi;
- Əvvəla, Nazirlər Kabinetinin istinad edilən qərarının 2.7-ci bəndində göstərilib ki, fiziki şəxslər xarici valyuta sərvətlərini Azərbaycan Respublikasının gömrük sərhəd buraxılış məntəqələrindən «Valyuta tənzimi haqqında» Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş qaydaya əsasən keçirə bilərlər.
İkincisi, Mərkəzi Bankın İdarə Heyətinin 3 mart 2016-cı il tarixli, 16/1 nömrəli Qərarına qədər qüvvədə olan “Fiziki şəxslər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydaları”nın 2.2. bəndində bunlar göstərilmişdi: 2.2. Rezidentlər tərəfindən Azərbaycan Respublikası ərazisinə gətirilmiş valyuta sərvətlərinin məbləği 10.000 (on min) ABŞ dolları ekvivalentindən yuxarı məbləğdə olduqda isə «Sərnişin gömrük bəyannaməsi» və «Gömrük vəsiqəsi» (GA-5 №-li forma, Əlavə № 2) ilə rəsmiləşdirilir.
Yeni qaydaların 2.1. bəndində isə göstərilib: Rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər xarici valyutanı gömrük prosedurlarına əməl etməklə məhdudiyyət olmadan Azərbaycan Respublikasına gətirə bilərlər.
Gömrük Məcəlləsinin 1.0.18-ci maddəsinə əsasən «gömrük proseduru»- bu Məcəllənin müddəalarına uyğun olaraq gömrük nəzarəti altında olan mal və nəqliyyat vasitələrinin yerləşdirilə biləcəyi ixrac, təkrar ixrac, müvəqqəti ixrac, sərbəst dövriyyə üçün buraxılış, təkrar idxal və xüsusi gömrük prosedurlarından biridir. Həmin Məcəllənin 166-cı maddəsinə görə, xüsusi gömrük prosedurları bunlardır: 1) tranzit (beynəlxalq və daxili tranzit); saxlanc (müvəqqəti saxlanc və gömrük anbarlarında saxlanc); sərbəst zona; xüsusi istifadə (müvəqqəti idxal və son istifadə); emal (daxildə və xaricdə emal). Gördüyümüz kimi, həmin prosedurların heç birini Gözəl Bayramlının çantasına atılmış valyutaya aid edə bilmərik.
İkincisi, Cinayət Məcəlləsinin 206.1-ci maddəsi birbaşa qəsdlə törədilən cinayətlərə aiddir, yəni, ittihamçıların məntiqi ilə hətta göstərilən vəsait G.Bayramlıda olsa idi belə, o, bəyan etməli olduğunu bilə-bilə, pulu bəyan etməsəydi- öz hərəkətinin ictimai təhlükəli olduğunu dərk etmiş olsa idi, onda o, cinayət məsuliyyətinə cəlb edilə bilərdi. Üçüncüsü, əşyaların «külli miqdarda» keçirilməsi dedikdə, əşyalarının dəyəri dörd min manatdan yuxarı olan məbləğ başa düşülür. Burada məbləğ 12000 ABŞ dollarıdır ki, ittiham tərəfinin yanaşması ilə razılaşsaq, bəyan edilməli olmayan məbləğdən cəmi 2000 ABŞ dolları artıqdır. Burada isə ümumiyyətlə baş vermiş əməlin ictimai təhlükəli olub-olmaması məsələsi ortalığa çıxır. Belə çıxır ki, cəmi 2000 ABŞ dollarına görə Gözəl Bayramlı cinayət məsuliyyətinə cəlb edilmişdir. Başqaları 20 milyon ABŞ dolları çıxaran zaman yaxalansalar da, həmin maddə – 206.1-ci maddə ilə məsuliyyətə cəlb oluna bilərlər (206-cı maddənin digər ağırlaşdırıcı hissələri kəmiyyətlə əlaqəli deyil). Kimsə deyə bilər ki, istənilən halda burada ziddiyyət var. Nazirlər Kabinetinin qərarı ilə Mərkəzi Bankın qərarı arasında ziddiyyət mövcuddur. Bəli, mövcuddur, lakin bu o demək deyil ki, biz bu ziddiyyəti Gözəl xanımın ziyanına yozmalıyıq.
Bəli, bu, istintaqın verdiyi ittihamdır. Amma, birincisi, Azərbaycan Respublikasında valyuta əməliyyatlarının həyata keçirilməsi prinsiplərini, valyuta tənzimi və valyuta nəzarəti orqanlarının səlahiyyətlərini və funksiyalarını, hüquqi və fiziki şəxslərin valyuta sərvətlərinə sahib olmaq, bu sərvətlərdən istifadə etmək və onlar barəsində sərəncam vermək sahəsində hüquqlarını və vəzifələrini, valyuta qanunvericiliyinin pozulmasına görə məsuliyyəti «Valyuta tənzimi haqqında» Qanun müəyyən edir.
10 mindən artıq valyuta bəyan olunmalıdır. Yuxarıda ” gömrük prosedurları” deyilərkən bu nəzərdə tutulur. Amma yenə də maddəni dəyişməlidirlər, çünki Gözəl xanımı gömrük zonasına daxil olmamışdan əvvəl saxlayıblar.
Gözəl Bayramlının həbsi ətrafında ajiotaj yaratmaq, bu həbsin əhatə dairəsini genişləndirmək və Milli Şuranı da bu prosesə cəlb etmək üçün adı çəkilən qurumun Koordinasiya Mərkəzinin üzvləri- Gültəkin Hacıbəyli, Əli Kərimli, Eldəniz Quliyev, Oqtay Gülalıyev və Vidadi Mirkamal Respublika Prokurorluğunun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə çağrılıb şahid qismində dindiriliblər. Onlara Gözəl Bayramlı ilə yanaşı istintaqa aid olmayan digər suallar da verilib.
Qeyd. Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Gözəl Bayramlının yaxınlarının bildirdiyinə görə onun səhhətində ciddi problemlər mövcuddur. Verilən məlumatlarda qeyd olunur ki, xanım siyasətçinin lazımi dərmanlarla təmin olunmasına və müalicə edilməsinə maneələr yaradılır. Bu hal isə onun səhhətinin daha da ağırlaşmasına təsir göstərə bilər.
Əfqan Muxtarlı. Müstəqil araşdırmaçı jurnalist, oturum izni alaraq Gürcüstanda yaşayan Əfqan Muxtarlı mayın 29-u Tbilisidə yaşadığı evin yaxınlığında oğurlanıb başına torba keçirilərək zorla Azərbaycana gətirilib.
Azərbaycan hüquq- mühafizə orqanları oğurlanıb Bakıya gətirilən Əfqan Muxtarlını üzərində 10 min avro ilə sərhədi qanunsuz keçməkdə ittiham edərək ona qarşı sərhədi qanunsuz keçmə (Maddə 318.1), qaçaqmalçılıq (Maddə 206.1) və hakimiyyət nümayəndəsinə müqavimət göstərmək (Maddə 315.2) ittihamı irəli sürülüb. Məhkəmənin qərarı ilə jurnalistə ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib. O, məhkəmədə bildirib ki, Gürcüstandan zorla gətirilib. Ona işgəncə verilib və cibinə 10 min avro pul qoyublar.
Jurnalistin həyat yoldaşı Leyla Mustafayeva bildirib ki, Ə.Muxtarlı dostları ilə görüşdükdən sonra evə gələrkən ona zəng edib və yolda olduğunu bildirib. L.Mustafayevanın sözlərinə görə, Ə.Muxtarlının həmin vaxt üzərində bir neçə lari məbləğində pulu varmış, xarici pasportu isə üzərində deyil, evdə olub.
Əfqan Muxtarlının Gürcüstanda oğurlanıb Bakıya gətirilməsinə etiraz edən qonşu ölkənin jurnalistləri və vətəndaş cəmiyyəti fəalları Tbilisdə parlament binası önündə etiraz aksiyası keçirib azərbaycanlı jurnalistə həmrəylik nümayiş etdiriblər.
Əfqan Muxtarlının ictimai və jurnalist fəaliyyəti. Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, həbsindən bir müddət öncə qonşu ölkədə təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifidir. Həmçinin, Qarabağ müharibəsinin iştirakçısı olub, müharibə veteranıdır.
“Mingəçevir işıqları”, “Demokrat”, “Bizim yol”, “Yeni musavat”, “Gündəm- xəbər”, “Azadlıqnys.tv”, Meydan TV və s. mətbuat orqanlarında, eləcə də OCCRP, Müharibə və Sülh İcmaları Layihəsində çalışıb və ya əməkdaşlıq edib.
İctimai- siyasi proseslərdə fəal iştirak edib. NİDA Vətəndaş Hərəkatının üzvüdür.
Əfqan Muxtarlı “Silahlı Qüvvələrin tender gizlinləri”, “Əliyevlərin Gürcüstandakı biznesləri” (https://www.meydan.tv/en/site/politics/8759/, https://www.meydan.tv/en/site/society/9330/, https://www.meydan.tv/az/site/politics/9580/ və s. adlı araşdırma- yazının müəllifidir. O bu yazılarda hakim ailənin Gürcüstandakı biznes gizlinlərini açır, dövlət büdcəsindən mənimsələr və korrupsiya hallarını qeyd edib (https://iwpr.net/people/afganmukhtarli, http://reporter.ge/tag/aphgan-mukhtarli/).
Hüquqi aspektlər. Əfqan Muxtarlının hüquqlarını müdafiə edən vəkillər, ictimai müdafiəçiləri və həyat yoldaşı Leyla Mustafayeva onun həbsini Azərbaycan hüquq- mühafizə orqanları ilə Gürcüstan hüquq- mühafizə orqanlarının öncədən planlaşdıraraq siyasi sifariş əsasında birgə həyata keçirdikləri əməliyyat hesab edirlər. Jurnalistin vəkilləri bildirir ki, həbs və istintaq dövründə onun bir sıra hüquqları kobud şəkildə pozulub. Bu pozuntuların aradan qaldırılması və istintaqın obyektiv, hər tərəfli həyata keçirilməsi ilə bağlı vəkillərin verdiyi bütün vəsatətlər rədd edilib. İstintaq orqanı faktiki olaraq bununla da ibtidai araşdırmanın ilkin dövründən müstəqil və obyektiv araşdırma aparmaq imkanlarından imtina edib. Jurnalistin vəkillərindən olan Elçin Sadıqov bildirib ki, Dövlət Sərhəd Xidməti Əfqan Muxtarlının işi üzrə verdiyi faktiki olaraq bütün vəsatətləri rədd edib. Həmin vəsatətlər aşağdakılardır:
- Ə.Muxtarlının üzərindən çıxdığı iddia edilən 10 min Avronun üzərindəki əl-barmaq izlərinin çıxarılması və kimə məxsus olması barədə ekspertiza keçirilməsi idi, həmin vəsatət təmin olunsaydı pulların üzərində Ə.Muxtarlının əl-barmaq izlərinin olmaması və pulun Ə.Muxtarlıya aidiyyətinin olmadığı sübut ediləcəkdi.
- Sərhəd zastavasının 29 may 2017-ci il tarixə saat 20:00-dan 30 may 2017-ci il tarix saat 06:00-dək olan müşahidə və təhlükəsizlik kameralarının videolent yazılarının əldə edilməsi idi. Həmin vəsatət təmin olunsaydı Ə.Muxtarlının sərhəd zastavasına avtomobildə gətirilib, gözübağlı şəkildə avtomobildən düşürülüb zasatavanın inzibati binasına salındığı sübut ediləcəkdi və onu gətirən xüsusi təyinatlıların şəxsiyyətini müəyyən etməyə imkan verəcəkdi.
- Balakən rayonu ərazisində yerləşən Mazımqaya Sərhəd Nəzarət Məntəqəsinin və dövlət gömrük postunun 18:00-dan 30 may 2017-ci il tarix saat 06:00-dək olan təhlükəsizlik, müşahidə və rentgen videokameralarının lent yazılarının əldə edilməsi idi. Bu vəsatətimiz təmin edilsəydi Ə.Muxtarlının gözləri bağlı, əlləri arxadan xamutla qandallanmış şəkildə xüsusi xidmət orqanının avtomobilində (həmin avtomobilin qapısı öndən arxaya açılırmış) Mazımqaya Sərhəd Nəzarət Məntəqəsinin və dövlət gömrük postundan keçirildiyi sübut olunacaqdı.
- Əfqan Muxtarlının bədəni üzərindəki xəsarətlərin müayinə edilməsi üçün dərhal məhkəmə tibbi ekspertizanın təyin edilməsi və Ə.Muxtarlının bədəninə baxış keçirilməsi barədə idi. Müstəntiq ekspertin səlahiyyətlərini mənimsəyərək belə nəticəyə gəlib ki, Ə.Muxtarlının bədənində heç bir xəsarət yoxdur, ona görə bu vəsatət də təmin olunmamalıdır. Halbuki ekspertiza rəyi olmadan müstəntiq də daxil olmaqla heç kəsin belə fikir söyləmək hüququ yox idi.
Elçin Sadıqov bildirir ki, Ə.Muxtarlı barədə istintaq birtərəfli aparılır, bütün obyektiv sübutlar gizlədilir, bununla bağlı vəsatətlərimiz təmin edilmir; “Hesab edirik ki, Azərbaycan höküməti bu işin obyektiv araşdırılmasında maraqlı olmalı, obyektiv sübutları gizlətməməli, onları məhv etməməlidir. Ə.Muxtarlı bildirir ki, beynəlxalq təşkilatlar Balakən rayonu ərazisində yerləşən Mazımqaya Sərhəd Nəzarət Məntəqəsinin və dövlət gömrük postunun 18:00-dan 30 may 2017-ci il tarix saat 06:00-dək olan təhlükəsizlik, müşahidə və rentgen videokameralarının lent yazılarını və Sərhəd zastavasının 29 may 2017-ci il tarixə saat 20:00-dan 30 may 2017-ci il tarix saat 06:00-dək olan müşahidə və təhlükəsizlik kameralarının videolent yazılarını ciddi cəhdlə və təcili tələb etməlidir”.
Gürcüstanın daxili işlər naziri bildirib ki, istintaq prosesi getdiyinə görə Muxtarlının hərəkət etdiyi istiqamətdə yerləşən müşahidə kameralarından götürülən video görüntülər hələlik ictimaiyyətə yayımlanmayacaq. Jurnalistin hərəkət etdiyi və oğurlandığı ərazidə 10-a yaxın müşahidə kameraları var. Amma Leyla Mustafayeva bildirib ki, həyat yoldaşı ilə bağlı bir sıra dəlil və sübutlar silinib və ya itirilib.
Tbilisidə jurnalistin oğurlandığı ərazidə olan, mağazalarının və öz adlarının hallandırılmasını istəməyən iki mağaza işçisi bildirib ki, onların obyektlərində olan kameralar Gürcüstan Daxili İşlər Nazirliyinə aiddir və görüntüləri yalnız nazirliyin nümayəndələri əldə edilə bilər.
Gürcüstan hakimiyyəti hadisə haqqında müxtəlif mesajlar ötürüb. Baş nazirin müavini Aleksandre Cecelava jurnalistlə bağlı məsələni şübhə altına salıb: “Bir şəxsin pasportunun evdə olması şübhəli bir şey deyil. Mən də öz pasportumu evdə qoymuşam. Əgər o, sərhədi qanuni şəkildə keçmək niyyətində olsa idi, ona pasport lazım olacaqdı. Yox, əgər o, bunu qeyri-qanunu etmək niyyətində olubsa, pasport ona lazım olmayacaqdı”.
Gürcüstan prezidenti Giorgi Margelashvili isə araşdırmanın çox ləng getdiyini pisləyərək, bu məsələni çözmək üçün məşhur illüzianisti bu işə cəlb etməyi təklif edib: “Bu şəxs Tbilisidə yoxa çıxıb və Bakıda peyda olub. Bəlkə bunun necə baş veridyini Devid Koperfilldən soruşaq”. Prezident jurnalistin həyat yoldaşı Leyla Mustafayeva ilə görüşərək onu dinləyib.
İyunun 13-də Muxtarlının gürcü vəkili Arçil Çipikaşvili qeyd edib ki, araşdırmada 200 nəfər dindirilib, lakin heç bir uyğun məlumat əldə edilməyib. O, araşdırmaçıların 30 kameradan götürdüyü görüntülərin də onunla paylaşılacağını bildirsə də hələ ki, bu yöndə müsbət bir nəticə yoxdur.
Əfqan Muxtarlı bildirib ki, onu Gürcüstan DİN- nin kriminal polisi oğurlayıb. Qonşu ölkədə də onun işi bağlı şikayət əvvəlcə Gürcüstan Daxili İşlər nazirliyinin Kriminal polisi tərəfindən araşdırılırdı. Amma jurnalistin müdafiəçilərinin, yaxınlarının israrı, yerli ictimaiyyətin təzyiqi və beynəlxalq qurumların tələblərindən sonra Gürcüstan prokurorluğu araşdırmanı öz üzərinə götürüb.
Jurnalistin həyat yoldaşı Leyla Mustafayeva Gürcüstanda kriminal polisin apardığı araşdırmanın Əfqan Muxtarlının oğurlanması faktının üzə çıxarılmasına yox, ört-basdır edilməsinə hesablandığını bildirib. Qeyd edək ki, ilkin araşdırmanı aparan müstəntiqlər Əfqan Muxtarlının oğurlanması anında təhlükəsizlik kameralarına düşən video-görüntüləri montaj etməkdə ittiham olunurlar.
Gürcüstanın hüquq- mühafizə orqanlarından Leyla Mustafayevaya bildiriblər ki, Əfqan Muxtarlının işi ilə bağlı Xüsusi İstintaq Qrupu yaradılıb. İstintaq Qrupu jurnalistin özünü də dindirmək niyyətindədir və bunun üçün iyunun 15-dən Gürcüstan Prokurorluğu üçün Azərbaycan Prokurorluğuna sorğu göndərib. Amma sorğuya hələ cavab verilməyib.
Eyni zamanda qeyd etmək lazımdır ki, Əfqan Muxtarlı ilə bağlı araşdırma prokurorluğa ötürüldükdən sonra Gürcüstanda kriminal polisin və əks-kəşfiyyat idarəsinin rəhbərləri istintaq başa çatanadək vəzifələrindən kənarlaşdırılıblar. Bir sıra ekspertlər hesab edir ki, əgər Gürcüstan Prokurorluğu jurnalistin oğurlanmasını əks etdirən sübutları ortaya qoyarsa, bu, Əfqan Muxtarlının işində ciddi dönüş ola bilər.
Əfqan Muxtarlının həyat yoldaşına Gürcüstan höküməti vətəndaşlıq təklif etsə də jurnalistin xanımı bu təklifdən imtina edib.
İyun ayının 14-dən başlayaraq müstəqil jurnalistlər Şahvələd Çobanoğlu və Sevinc Vaqifqızı, daha sonra isə Musavat partiyasının hazırkı başqanı Arif Hacılı, keçmiş başqanı İsa Qəmbər, eləcə də partiyanın funksioneri Gülağa Aslanlı Ə.Muxtarlının işi ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ifadə verməyə çağrılıb. Basta.info saytının redaktoru Mustafa Hacıbəyli Əfqan Muxtarlı ilə bağlı yazdığı yazılara və məlumatlara görə prokurorluq orqanlarına çağrılaraq ona xəbərdarlıq olunub.
Azərbaycan hakimiyyəti son bir neçə il ərzində beynəlxalq insan haqları təşkilatları, jurnalistlər qrupu və digərləri tərəfindən ifadə azadlığını boğduğuna və müxalifətin siyasi fəallığına qarşı çıxdığına görə sərt tənqidlərə məruz qalır. Əfqan Muxtarlının Tbilisidən başına çuval keçirilərək oğurlanıb Bakıya gətirilməsi Azərbaycan hakimiyyətinə təzyiqləri artırıb.
ABŞ Dövlət Departamenti, Amnesty İnternational təşkilatı, Avropa Parlamenti və digər qurumlar Əfqan Muxtarlı və Gözəl Bayramlı ilə bağlı müvafiq sənədlər qəbul edib, hər iki şəxsin həbsindən narahatlıq ifadə edərək Azərbaycan hökümətini onları azadlığa buraxmağa çağırıb.
Fərman Ceyranlı. Gürcüstanda azərbaycanlı siyasi mühacirlərlə yanaşı iş adamları da yaşayır və fəaliyyət göstərir. Rəsmi Bakının təzyiq dalğası onlardan da yan keçmir. Həmin şəxslərdən biri Lancet Klinikasının təsisçisi və sahibi, 18 may 2017- ci ildə həbs olunmuş Fərman Ceyranlıdır.
Fərman Ceyranlı barədə qısa məlumat; Fərman Cahan oğlu Ceyranlı 1957-ci ildə Gürcüstanın Saqareco rayonunda anadan olub. 1974-cü Yor-Muğanlı kəndində orta məktəbi bitirib və elə həmin ildə də N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub. 1980-ci ildə 1 saylı Tiflis şəhər Klinik Xəstəxanasında cərrahiyyə üzrə internatura keçib. 1982-ci ildən 1992-ci ilə qədər İ.M.Seçenov adına Moskva Tibb Akademiyasının cərrahi xəstəliklər kafedrasında əvvəlcə baş laborant, sonra isə kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi və şöbə müdiri kimi fəaliyyət göstərib. 1985-ci ildə namizədlik, 1990-cı ildə isə doktorluq dissertasiyası müdafiə edib.
F.Ceyranlı sonradan fəaliyyətini Azərbaycanda davam etdirib. 1993-cü ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyində Elm İdarəsinin rəisi, 1994-cü ildə M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktor müavini, 1995-ci ildən isə həmin mərkəzin direktoru vəzifələrində çalışıb, eyni zamanda Səhiyyə Nazirliyinin baş cərrahı olub.
F. Ceyranlının qızı Lalə Hüseynli atasının həbsi ilə bağlı sorğumuza cavab olaraq bildirir; “2017-ci il 4 may tarixində haqqin.az saytında ( https://haqqin.az/comics/99120) yerləşdirilmiş Fərman Ceyranlı haqqındakı böhtan xarakterli yazıdan sonra, bir il öncə baş vermiş əməliyyatla bağlı prokurorluğun cinayət işi açması bizə heç də təsadüfi gəlmədi. Ard-arda baş verən həbslər, xüsusilə də istər sosial şəbəkələrdə, istər xəbər saytlarında və mediada hər dəfə atamın adının bu hadisələrlə yanaşı çəkilməsi onun həbsinin siyasi olduğunu hədəf göstərir.
Nəzərinizə çatdırım ki, atam professor Fərman Ceyranlı ilk növbədə həkim cərrahdır. O, ali peşəsini icra edərkən ona müraciət edən xəstənin irqi, milliyəti ilə maraqlanmadan və xüsusilə müxalif, iqtidar olmasını nəzərə almadan müalicə edir, əlindən gələn köməkliyi göstərir.
Haqqin.az saytında Eynulla yazır ki Fərman Ceyranlı klinikanı qurmaq üçün xeyli kredit və borclara girib və eyni zamanda qeyd edir ki, müxalifət nümayandələrini maliyyələşdirir. Eynulla eyni yazıda belə iki təzadlı fikir yazmaqla nə qədər böhtan xarakterli yazdığını özü açıqlayır. Fərman Ceyranlı azadlıqda ikən yazıya münasibətini bildirmişdi. (https://www.facebook.com/permalink.php?story_fbid=664542717080375&id=100005739588493)
Eyni zamanda bildirmək istəyirəm ki, Fərman Ceyranlı baş verən hadisə ilə bağlı əməliyyat aparmamışdır. O, Lancet klinikasinin təsisçilərindən biridir və sözügedən klinikada baş həkim vəzifəsində çalışmamışdır. Baş verən hadisə ötən ilin, yəni 2016-cı ilin aprel aylarında keçırılmış qaraciyər köçürülməsi əməliyyatı ilə bağlıdır. Xəstə əməliyyat sonrası 10 gün müddətində yaşamışdır və sonradan xəstənin bədəni transplantant olunan orqanı qəbul etmədiyi üçün xəstə vəfat etmişdir. Bununla yanaşı orqan verən donor hazırda saglamdır.
Əməliyyat keçirilən zaman Lancet klinikasının orqan köçürmə əməliyyatları üçün lisenziyası mövcud idi. Lakin əməliyyat aparan həkim Mircəlal Kaziminin lisenziya müddəti bitmişdir. Bunun yoxlanılması və əməliyyata icazə verilməsi sənədləşmənin aparılması baş həkim və klininkanın hüquqşünasının səlahiyyətində olmuşdur. Yuxarıda qeyd etdiyim kimi Fərman Ceyranlı sadəcə olaraq təsisçilərdən biridir və bu kimi vəzifə və səlahiyyətləri icra etməmişdir.
Eyni zamanda mediada qeyd olunan Lancet klinikasının əməliyyat aparan həkimi türk həkim kimi reklam etməsi xəbərləri yanliş və əsassızdır”.
Həbsxanadan yayılan müraciət; “Mən siyasi motivlə həbs edilmişəm”
“Lancet” MMC-nin təsisçisi, tibb elmləri doktoru Fərman Ceyranlı özü həbsdən müraciət yayaraq həbsinə aydınlıq gətirib; “Bu ilin may ayının 4-də Azərbaycanın hökumət qəzeti və saytı olan “Haqqın.az”-da Azərbaycan hökumətinə qarşı müxalif mövqeli insanların siyahısı və foto şəkilləri yayımlanıb. Onların arasında mənim foto şəklim də var və yazılıb ki, guya mən azərbaycanlı müxalifətçiləri maliyyələşdirən və onların rəhbərlərindən biriyəm. Ümumiyyətlə bu saytda həbs ediləcək insanların siyahası əvvəlcədən anons edilir. Onu da qeyd etmək lazımdır ki, bu siyahının yayımlanmasından 17 gün sonra gürcü hüquq mühafizə orqanları mənim üçün heç bir şəkildə anlaşılmayan, əsassız və qarışıq ittihamla məni həbs etdilər. Mənim həbs edilməyimdən bir həftə sonra isə o siyahada adı olan, Gürcüstanda da tanınan jurnalist Əfqan Muxtarlı həbs edildi. Eyni zamanda azərbaycanın keçmiş prokuroru Vidadi Kandıra qarşı hücum həyata keçirildi. O cümlədən Azərbaycan hakimiyyəti əsassız ittihamla Native Caqarliya qarşı cinayət işi açıb. Bununla yanaşı, Eldar Namazlı təzyiq altındadır və prokraturada sorğulanır. Onu da qeyd etmək lazımdır ki, bu şəxslərin hamısı foto şəkilləri ilə yuxarıda bəhs edilən sayta yerləşdirilib. Qeyd edilən saytda Azərbaycan hökuməti gürcü hüquq mühafizəçilərini bu siyahıda olan şəxslərdən Gürcüstanda olanların yaxalanması üçün ölçü götürməyə çağırır. Təəssüflə qeyd edilməlidir ki, Azərbaycan hökumətinin bu çağırışını gürcü hüquq mühafizəçiləri böyük həvəslə yerinə yetirirlər. Faktlar göz qabağındadır ki, mənim həbs edilməm cinayət məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsi və 247-ci maddəsi ilə nəzərdə tutulan cinayətlərlə əlaqələndirilib. Lakin mən və başqa şəxslər arasında fərq odur ki, mən Gürcüstan vətəndaşıyam və məni Azərbaycan tərəfinə verə bilmədilər.
Mən qanunsuz məhbusam. Gürcüstanda 30.000 000 (otuz milyon) ABŞ dolları həcmində, xüsusilə tibb sektorunda investisiya həyata keçirən, ən böyük investorlardan biriyəm. Mən çoxprofilli tibb klinikası olan “Lancet”-i inşa etdim və 600 nəfəri işlə təmin etdim. Bu klinika tibbi baxımdan həm Gürcüstan, həm də Azərbaycan vətəndaşlarına xidmət edir. Onu da qeyd edim ki, bizdə eyni zamanda Azərbaycan hökumətinin antimüxalif mövqeli siyasətçiləri də müalicə olunurlar. Onlar Azərbaycanda müalicə almaqdan qorxurlar, çünki, orada müalicə pis nəticələrlə sonlana bilər. Mən heç zaman Azərbaycan hökumətinə müxalif və tənqidçi mövqedə olmamışam. Mən ixtisasca həkiməm və mənim üçün ən əhəmiyyətlisi insan sağlamlığıdır və bunu yerinə yetirmək üçün Hipokrat andı içmişəm. Milli kimliyin, siyasi baxışın heç bir önəmi yoxdur, mənim klinikam arzu edən, klinikaya tibbi maraqla gələn hər kəsi müalicə edir.
Çox düşündükdən sonra, belə bir fikrə gəldim ki, mən siyasi motivlə həbs edilmişəm. Çünki, yuxarıda adı çəkilən saytda mənim foto şəklim də yayımlanıb və Azərbaycan hokuməti Gürcüstan hüquq mühafizəçilərini birbaşa açıq şəkildə siyahıda göstərilən şəxslərə qarşı ölçü götürməyə çağırır. “Lancet” klinikasının qarşısında hər iki ölkəyə böyük sevgi və hörmətimin rəmzi olaraq həm Gürcüstanın, həm də Azərbaycanın bayraqlarını yüksəltmişəm. Mən Gürcüstanda doğulub böyümüşəm. Qeyd edilməlidir ki, gürcü hüquq mühafizəçilərinin mənə qarşı bir qanunsuz hərəkəti Gürcüstanda insan haqlarının müdafiəsinə çox pis təsir göstərir. Demək olar ki, insan haqları ilə bağlı nə Amerika Birləşmiş Ştatlarının, nə Avropanın və də Avropa Şurasının tövsiyələri yerinə yetirilmir. Əminəm ki, çox yaxın zamanda bütün dünya mənim qanunsuz həbs edilməyimi başa düşəcək və bir daha isbat edəcəm ki, mənim həbs edilməyim sırf siyasi motivlə əlaqəlidir. Demək olar ki, həm Azərbaycanın, həm də Gürcüstanın böyük hissəsi məni tanıyır və onlar mənim siyasi səbəblə həbs edildiyimə dərindən inanırlar.
Azərbaycan hökumətinə elə gəlir ki, ancaq onlar Azərbaycanın güclü və cazibədar ölkə olmasını istəyirlər. Azərbaycan hökumətinə müxalif olan insanları isə ölkənin düşmənləri hesab edirlər. Ancaq, onlar hakimiyyətin rəqibləridirlər, ölkənin düşməni deyillər. Həmçinin cənab İ. Əliyevə elə gəlir ki, biz Gürcüstanda olan tanınmış azərbaycanlılar Azərbaycanda Əliyev hakimiyyətini məğlub etmək üçün rəngli inqilab planlayır və hazırlayırıq. Bu isə həqiqətə uyğun deyil.
Bununla yanaşı bilmirəm gülməlidir yoxsa ağlamalı, bir il əvvəl əməliyyat etdiyimiz və bugünə qədər də əməliyyat üçün nəzərdə tutulan məbləği ödəməyən bir xəstəmizin ailəsindən bir şəxs, aldığım məlumata görə mənim haqqımda film hazırlayır və çox təəssüf ki, gürcü televiziyalarından biri də demək olar bir ildir ki, mən və mənim klinikam haqqında dezinformasiya yayır və insanları yanlışa çəkmək üçün hər şey edirlər. Mən düşünürəm ki, onlar bunu mənim həbs edilməyimin əsas səbəbini örtmək və mənim siyasi motivlə deyil, “Lancet” klinikasının fəaliyyəti ilə bağlı tutulduğumu göstərmək üçün edirlər.
Fərman Ceyranlının həbsi ilə bağlı hüquqi Arayış; İş adamının vəkillərindən olan Natali Bejaşvili bildirib ki, bir vəkil olarag Fərman Ceyranlının ittihamnaməsi ilə tanış olarkən dəhşətə gəldim; “Bəlkə də Gürcüstanın tarixində belə rüsvayçı məhkəmə gərarına rast gəlinməyib. Fikir verin: təqsirləndirilənin şəxsiyyəti və təqsirinin mahiyyətinə. Fərman Ceyranlıya Cinayət Məcəlləsinin 247-ci maddəsinin birinci hissəsi ilə yaşayış və sağlamlıq üçün təhlükə yaradan şərait haqqında məlumatın gizlədilməsi, sonra 180-cı maddənin 3-cü hissəsinin “b” alt bəndi ilə – küllü migdarda dələduzluq cəhdinə görə ittiham irəli sürüldü. Ən gülməlisi odur ki, Fərman Ceyranlının iş yeri, vəzifəsi klinikanın direktoru kimi göstərilir. Halbu ki, klinikanın direktoru vəzifəsində başqa adam çalışır. Professor isə MMC “Lancet”- in direktoru deyil, təsisçisidir. Heç bir cavabdehlik daşımır.
Klinikanın özünün baş direktoru, kliniki direktoru, maliyyə direktoru, hüquq və reklam şöbəsi və sair bölmələr üzrə rəhbərləri var. Əgər kliniki direktor, yani baş həkim cavabdehdirsə, məhkəmənin qərarlarından göründüyü kimi, bəs Fərman Ceyranlını niyə həbs edibsiniz? Axı o bu vəzifəni icra etmir. Absurd deyilmi?! Baş həkim deyil, maliyyə direktoru deyil, xəstəni əməliyyat etməyib, reklam şöbəsində işləmir və sair. Keçək 247-ci maddənin birinci hissəsinə. Fərman Ceyranlı xəstənin müalicə həkimi olmayıb, xəstəni əməliyyat etməyib, hec onu konsultasiya etməyib. Çünki belə hüququ və transplantasiya üzrə lisenziyası yoxdur. Niyə xəstəni Fərman Ceyranlı (baş verə biləcək fəsadlar barəsində) xəbərdar etməli idi, axı onun öz lisenziyalı həkimi var idi, özü də yüksək məktəb keçmiş, təkçə 26 nəfər Gürcüstan vətəndaşını Bakıda uğurlu əməliyyat edib. Xəstəyə əməliyyat haqqında məlumatı da elə özü verib- Mircəlal Kazimi. Belə hallarda müzakirə və istintaq obyekti hüquqi sənəd xəstəlik tarixidir. Orada isə Fərman Ceyranliya aid heç nə yoxdur. Bu da ikinci bir absurd.
O ki qaldı 19, 180-cı maddənin üçüncü hissəsinin “a” və “b” bəndələrinə – burası daha da gülməlidir. İlk növbədə geyd etməliyəm ki, qaraciyərin transplantasiyası üçün göstərilən məbləğ dünyada ən ucuzdur. Növbəti olaraq nəzərə çatdırmaq istərdim ki, birincisi xəstənin ödənişinin kassaya köçürüldüyü haqqında sahibinə cek verilib. Burada isə hec bir qanun pozuntusu yoxdur. İkincisi, xəstə hələ bu günə gədər öhdələrinə götürdükləri pulu ödəməyiblər. Burada hansı yeyintidən söhbət gedə bilər?
Yuxarıda geyd etdiklərim hər bir şeyi hüquqi sənədlərlə təsdiq edirik. Sual meydana çıxır; bəs Fərman Ceyranlı niyə həbs edilib? “Haqqın az”- dakı məqaləni oxuduqda hər şey aydın olur. Bu bir siyasi sifarişdir. Fərman Ceyranlı cox saylı müxalifət nümayəndələrini Tbilisidəki “Lancet”-də gəbul edərək onları müayinə və müalicə etdirib, vəssalam”.
Hüquqi Arayışa əlavə. Fərman Ceyranlının həbsinə səbəb onun təsisçisi olduğu klinikada 2016-cı ilin aprel ayında keçırılmış qaraciyər köçürülməsi zamanı xəstənin ölümüdür. Amma maraqlıdır ki, əməliyyatı həyata keçirən həkim Mircəlal Kazımi bu işlə bağlı nəinki məsuliyyətə cəlb olunub, hətta istintaqdan kənarda saxlanılıb. Onun heç ifadəsi də alınmayıb. F. Ceyranlının 12 iyulda keçirilən məhkəmə prosesində müdafiə tərəfinin M. Kazıminin ifadəsinin alınması ilə bağlı vəsatətəi qəbul olunmayıb. Bu faktın özü F. Ceyranlının həbsinin qurama və sifarişli olmasına dair çox ciddi faktdır.
Gürcütanda yaşayan azərbaycanlı ictimai fəallarla bağlı vəziyyət
Daşqın Ağalarlı. Hazırda Gürcüstanda onlarla azərbaycanlı ictimai- siyasi fəal yaşayır və fəaliyyət göstərir. Onların bəziləri təzyiqlərə məruz qaldıqlarına görə ölkədən getdiklərinə və Gürcüstanda da mütəmadi olaraq izləndiklərini bildirirlər. Həmin şəxslərdən biri ictimai fəal Daşqın Ağalarlıdır. O, 1992- 93- cü illərdə Elçibəy hakimiyyəti dönəmində Dövlət Yanacaq Komitəsinin rəhbərliyində təmsil olunub. Mövcud hakimiyyətə muxalif baxışları ilə seçilib. 2003- cü ildə keçirilən prezident seçkilərinin nəticələrinin saxtalaşdırılmasına etiraz edən və bu yöndə fəallıq göstərən şəxslərdən olub. Özünün bildirdiyinə görə fəaliyyətinə ara verdikdən sonra 2012- ci ildən aktiv ictimai- siyasi fəaliyyətini bərpa edib; “Daha çox Ziyalılar Forumunun xətti ilə fəaliyyət göstərmişəm. 2013- cü ildə həbs olunma təhlükəsini sezərək ölkəni tərk etmişəm. İyun ayının 23- də Kiyev şəhərində “Ukrayna Azərbaycanlılarının Forumu”- nun təşkilatçılarından olmuşam və forum böyük rezonans yaradıb. Əliyev hakimiyyəti Yanukoviç hakimiyyətinə müraciət edərək bizim ekstradisiyamızı tələb edib (Qənimət Zahid, Yalçın Qəhrəmanoglu və mənim). Kiyevdə vəziyyətimiz gərginləşəndə Q. Zahid və mən Türkiyəyə keçmişik. Türkiyədə anoloji fəaliyyətim davam edib. Milli Şuranın vahid namizədi C. Həsənlinin təbliğatı, hakimiyyətin tənqidi istiqamətində aktiv fəaliyyət göstərmişik. “Seçki” bitəndən sonra yazdığım statuslara və skayp danışığıma görə mənə qarşı “qanuni hakimiyyətin zorla devrilməsinə çağırış” ittihamı ilə ölkə daxilində axtarış elan olunub. Evimdə qeyri- qanuni olaraq axtarış aparılıb, sənədlərim aparılıb.
2014- cü illərdə Türkiyədə “Ulusal TV- də “Alternativ” proqramında və “Kudus TV”- də yayımlanan “Bizim Kafkasya” canlı proqramında Xocalı soyqrımı və Qarabağ haqqında danışsam da əsas tənqidi çıxışlarım Heydər Əliyev haqqında olub. Bu çıxışlardan sonra izlənməyə başlanıldım. Və Azərbaycan DİN Türkiyəyə müraciət edərək həbsimi və təslim olmağımı tələb etdi. İstanbul şəhər Əmniyyət müdiri bir həftə ərzində Türkiyəni quru sərhədlərdən keçərək ölkəni tərk etməyimi tələb etdi. 2014- cü ilin 1 martında Azərbaycanın tərəfinin muraciəti əsasında Interpol tərəfindən Turkiyədən Gürcüstana gələrkən Sarp qapısında həbs olundum. Həbsimdən 3 gün sonra məhkəmə önünə çıxarıldım və təcili ekstradasiya olunmaq üçün polis qrupunun Gürcüstanda olduğunu biləndə dərhal adı çəkilən ölkənin prezidentinə müraciət etdim. Həbsim tərçüməçinin (əslən Qax rayonundan olan Qoça Patsaşvili) və onun dostlarıma və qohumlarıma tanıtdırdığı dələduz vəkil Paata Beridze tərəfindən ictimaiyyətdən gizli saxlanılıb. Sonradan Beynəlxalq, Gürcüstan və yerli hüquq müdafiəçiləri tərəfindən yerim müəyyənləşib (aprel- iyun 2014). 2014- cü ilin 29 avqustunda 3- cü məhkəmədə girov müqabilində sərbəst buraxılmışam.
Azadlıga çıxandan sonra Azərbaycanda baş verən total repressiyaları tənqid etməyə, gürcü ictimaiyyətinə və Gürcüstanda yerləşən beynəlxalq təşkilatlara, mətbuat orqanlaına çatdırmağa davam etdim. 2015- ci ilin fevralından isə Əfqan Muxtarlı ilə birlikdə daha aktiv fəlaiyyət yolları aramaga basladıq və tezliklə Bakıda baş verən siyasi məhkəmələr günü Azərbaycanın Tbilisidə yerləşən səfirliyi önünüdə etiraz aksiyaları keçirməyə başladıq. Əfqan bəyin oğurlanmasına qədər bu proses davam etdi”.
Daşqın Ağalarlı Tbilisidə yaşaması və adı çəkilən ölkədən sığınacaq almaq cəhdi ilə bağlı bildirir; “Sığınma müraciətimə 18 ay sonra 30 oktyabr 2015- ci ildə rədd cavabı verilib. Daha sonra məhkəməyə müraciət olunub və 23 iyun 2016- ci ildə Tbilisi şəhər məhkəməsi iddiamızı təmin edərək bizə sığınacaq verib. Lakin Qaçqınlar Nazirliyi appelyasiya şikayəti verib və 21 mart 2017- ci ildə Tbilisi Apelliyasiya məhkəməsi nazirliyin iddiasını təmin edərək Tbilisi şəhər məhkəməsinin barəmizdə verdiyi hökmü ləğv edib.
Qanunvericiliyə görə məhkəmə qərarı bizə təqdim olunduqdan sonra 1 ay müddətinə ölkəni tərk etməliyəm. Bu, Tbilisi şəhər polis idarəsi tərəfindən də diqqətimə çatdırılıb.
Mənim və oglumun vəziyyətinə görə BMT UNHCR rəsmən məsuliyyət daşıyır. Lakin onlar Cənubi Qafqaz regional nümayəndəliyinin timsalında Azərbaycan höküməti ilə yaxın təmas və dostluq vəziyyətindədirlər. Bizdən heç nə asılı deyil və vəziyyət beynəlxalq təşkilatların və diplomatik nümayəndəliklərin vicdanına qalıb”.
Daşqın Ağalarlı Əfqan Muxtarlının oğurlanaraq həbs olunması və digər siyasi mühacirlərin təzyiqlərə məruz qalması ilə bağlı da narahatlığını ifadə edir; “Əfqan bəy Tbilisidə yasadığı və çalışdığı dönəmdə çox məhsuldar jurnalist və bir çox hallarda hüquq müdafiəçiliyi fəaliyyəti ilə məşğul olub. Onun “Əliyevlərin Gürcustandakı sərvəti” adlı 2 böyük araşdırma yazısı geniş rezonans dogurdu və bu yazılardan sonra Əfqan və ailəsinə Gürcustanda iş izni olan oturum verilmədi (uzadılmadı). Əfqan Muxtarlı eyni zamanda beynəlxalq “I da Pear” internet saytına yazılar yazırdı, “Meydan TV”- yə yazılar verirdi.
Gürcustanda olan fəal siyasi mühacirləri növbə ilə Fərman Ceyranlının, Gözəl Bayramlının, Əfqan Muxtarlının taleyi gözləyir. Bu günlər bu məsələ səngəyəcək. Amma, Azərbaycan hakimiyyətin əqrəb xislətini tanıdığımdan, əminliklə deyirəm ki, çox yaxında bu təqiblər bərpa olunacaq…”
Qeyd. Hazırda Gürcüstanda yaşayan və fəaliyyət göstərən azərbaycanlı siyasi mühacirlər arasında fəal olan, hakimiyyət əleyhinə tənqidi fikirlərlə çıxış edən şəxslərdən biri Daşqın Ağalarlıdır. Əfqan Muxtarlının oğurlanaraq həbsindən sonra yerli və beynəlxalq ictimaiyyətin diqqətini Gürcüstana yönəltdiyindən orda adı çəkilən şəxsin və digərlərinin həyatına təhlükənin müəyyən dövr üçün azaldığını güman etmək olar. Amma bu “azalma” müvəqqəti haldır. Oturum izni ləğv edilən Daşqın Ağalarlı istənilən vaxt Gürcüstandan çıxarıla və ya Azərbaycana deportasiya oluna bilər.
Əlgüşad Gülalıyev barədə. Azərbaycanda təqiblər ucbatından ölkəni tərk edərək Gürcüstanda yaşamağa məcbur olan şəxslərdən biri gənc ictimai fəal Əlgüşad Gülalıyevdir. O, Azərbaycanda faliyyət göstərən Siyasi Məhbusları Müdafiə Mərkəzinin koordinatoru, hüquq müdafiəçisi Oqtay Gülalıyevin övladıdır. 2013- cü il prezident seçkiləri ərəfəsində cənc fəal axşam saatlarında yaşadığı ərazidə naməlum şəkildə bir neçə şəxs tərəfindən döyülərək bıçaqlanıb. Həmin vaxt müxalifətin prezidentliyə vahid namizədi, Milli Şuranın sədri Cəmil Həsənli bu barədə İctimai Televiziyada canlı çıxışı zamanı bildirmişdi ki, (https://www.youtube.com/watch?v=xWhbdPWy5wQ ) Seçki Qərargahının fəal üzvlərindən olan, Mətbuat Xidmətinin rəhbəri Oqtay Gülalıyevi onun müdafiəsindən geri çəkmək üçün övladını döyüb bıçaqlayaraq ona xəbərdarlıq ediblər. Hüquq mühafizə orqanları cinayətkarları tapıb cəzalandırmaq əvəzinə Əlgüşad Gülalıyevin özünə cinayət işi açıblar və o Xətai rayon məhkəməsinin qərarı ilə məhkum edilib (https://freedomhouse.org/report/nations-transit/2013/azerbaijan, http://www.rferl.org/a/azerbaijan-oppositionist-gulaliyev-son-stabbed/25117396.html, http://www.contact.az/docs/2014/Social/073000085528en.htm#.V_A1pvl97cc). Məhkumluğu başa çatdıqdan dərhal sonra Bakı şəhər Baş Polis İdarəsində gənc fəala qarşı 2- ci dəfə CM- nin 221.2- ci maddəsi ilə cinayət işi açılıb. Atasının ictimai- siyasi fəaliyyətinə görə həbs təhlükəsinin reallaşdığını görən Əlgüşad Gülalıyev oxuduğu institutu yarımçıq qoyaraq (2- ci kursdan- red.) ölkəni tərk etmək məcburiyyətində qalıb. Hazırda o, Tbilisidə yaşayır və orda azərbaycanlı ictimai- siyasi fəalların keçirdiyi aksiyalarda, tədbirlərdə yaxından iştirak edir.
Rahim Şaliyev barədə. Azərbaycanda təqiblər ucbatından Gürcüstana mühacir edən fəallardan biri REAL hərəkatının üzvü Şaliyev Rahim Miriş oğludur. O, 2014-ci ildən REAL hərəkatında fəaliyyət göstərir, Sumqayıt şəhərində hərəkatın təşkilatlanmasında yaxından iştirak edib. Həmçinin, sadalanan illər ərzində blogger və jurnalist kimi fəaliyyət göstərmiş, ölkədə keçirilən prezident, parlament, referendum seçkilərində müşahidəçi və jurnalist kimi iştirak edib. Təqiblərə və inzibatı həbs cəzasına məruz qalıb;
2017-ci il, fevralın 20-də REAL hərəkatındakı fəaliyyətinə və bloq yazılarına görə polis tərəfindən saxlanılmış, Sumqayıt şəhər 4-cü polis bölməsi və Sumqayıt şəhər Baş Polis İdarəsinin (SŞBPİ) əməkdaşları tərəfindən işgəncələrə, təhqir və şantaja məruz qalmış, saxta ittihamlarla 30 sutka inzibati həbs edilib (https://www.irfs.org/news-feed/arrested-real-members-health-deteriorates/, https://www.amerikaninsesi.org/a/3734824.html)
Onun həbsi və işgəncələrə məruz qalması REAL hərəkatı və 24 Beynəlxalq təşkilat tərfindən pislənilib (http://cumhuriyyet.org/gedisat/659-respublikachi-alternativin-rahim-shaliyevle-bagli-achiqlamasi.html)
“Polisdə baş verən bütün proseslər Sumqayıt şəhər BPİ-nin rəis müavini Hikmət Qasımov tərəfindən idarə olunub. Polis işgəncə verməklə məndən REAL hərəkatının Sumqayıta aid üzvlərinin adlarını onlara verməyimi tələb edib. Bloqumda, həmçinin “facebook”-da yazdığım bir-çox fikirlərə, əsasən də hakimiyyət əleyhinə tənqidi fikirlərimə görə təhqirə məruz qalmışam. İşgəncələr zamanı baş, sağ əl və ayaqlarımda zədələr almışam. Həbs müddətim bitdiyi gün – mart ayının 22-də, qanunsuz olaraq yenidən Hikmət Qasımovun yanına aparılmış və onun tərəfindən mənə bir daha fəaliyyət göstərəcəyim halda daha ağır işgəncələrə məruz qalacağım haqda “xəbərdarlıq” edilib (https://www.youtube.com/watch?v=1XnZMCyaaj8).
Həbsdən çıxdıqdan sonra Sumqayıt polisinin mülki geyimli əməkdaşları tərəfindən dəfələrlə izlənilmişəm. Aprelin 30-da Gürcüstana gəlmişəm.
Tiflisdə olduğum müddətdə hazırda Tiflisdə oğurlanaraq Bakıya aparılmış jurnalist Əfqan Muxtarlı ilə sıx əlaqədə olmuşam. Əfqan Muxtarlı oğurlanmamışdan 3 gün əvvəl, mayın 26-da Əfqan Muxtarlı, Daşqın Ağalarlı və mən Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşları olduğu güman etdiyimiz şəxslər tərəfindən birlikdə olduğumuz zaman izlənilmişik. Həmçinin, Əfqan Muxtarlı oğurlanmamışdan bir saat əvvəl Daşqın Ağalarlı və mənimlə birlikdə olduğundan polisdə şahid kimi ifadə vermiş və bundan sonra daha sıx olaraq yaşadığım evin ətrafında Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşları olduğu güman etdiyim şəxslər tərəfindən izlənməyə məruz qalmışam.
Hazırda Əfqan Muxtarlı işində şahid olduğumdan və izləmələrə məruz qaldığımdan Azərbaycana qayıtmağıma təhlükə törənib. Əfqan Muxtarlıya qarşı qaldırılan saxta ittiham işinə mənim də aid edilməyim təhlükəsi var”.
Tural Qurbanlı və Zərifə Quliyeva. Zərifə Guliyeva 2005- ci ildən 2014- cü ilə qədər fəaliyyət göstərmiş “Birliyə doğru” Əlil və Kimsəsiz Uşaqlara Yardım İctimai Birliyinin direktoru olub. Tural Qurbanlının bildirdiyinə görə 2014- cü ildə təşkilatın bank hesabının hökümət tərəfindən dondurulmasından sonra həyat yoldaşı jurnalist Tural Qurbanlı ilə birgə Tiflisə köçüb və ailənin siyasi problemləri bundan sonra başlayıb; “Mənim jurnalist fəaliyyətimə görə, ailəmizin əsas gəlir mənbəyi olan “Unformal” gözəllik salonu hökümət tərəfindən 3500 dollar dəyərində cərimələnib və salon bağlanıb. Bakı şəhərində yaşayan ata-anam, Sumqayıt şəhərində yaşayan bacımın ailəsinə və bir çox şəhərlərdə yaşayan 20-yə yaxın qohumlarıma təzyiqlər edilib. Bacımın həyat yoldaşı Elçin Qurbanova polislər bildirib ki, jurnalist yazılarına son verməsə, bacısı şərlənərək həbs ediləcək. Bizə məxsus olan Tiflis şəhərində yerləşən hostelə Azərbaycanın Tiflisdə yerləşən səfirliyi tərəfindən müştəri qismində bir neçə dəfə adam göndərilib. Bu kimi hallar daha çox Tiflisdə səfirlik önündə keçirilən aksiyalardan sonra olub. Atam Alməmməd Qurbanov DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağrılaraq təhdid edilib. Bundan başqa atam ARDNŞ-a aid olan çalışdığı idarədən ev növbəsindən çıxarılıb. 20 ildən çoxdur həmin idarədə çalışan Alməmməd Qurbanova bildiriblər ki, oğlunun hökümət əleyhinə fəaliyyətlərinə görə ona ev verə bilməzlər. 2017- ci il 29 may tarixində jurnalist Əfqan Muxtarlı oğurlanandan sonra dəfələrlə izlənmişik. İşlətdiyimiz “Hostel” Azərbaycan qeydiyyat nömrəli bir neçə maşın tərəfindən izlənilib. İzlənilmə hadisəsi bir neçə dəfə baş verib. Bunların birində bizi izləyən adamın və maşının fotolarını çəkmişəm (99 CZ 140)” (http://toplumtv.com/az/leyla-mustafayevaefqanla-basladiimiz-arasdirmalari-davam-etdirecem-videoreportaj/#.WWvHWYSGPcf).
İlqar Vəliyev. Təqiblər ucbatından ölkəni tərk edərək bir müddət Gürcüstan respublikasında məskunlaşmaq məcburiyyətində qalan şəxslərdən biri ictimai fəal, jurnalist İlqar Vəliyevdir. O, yerli və beynəlxalq mətbuat orqanları ilə əməkdaşlıq edir. 2017-ci ilin martın 3-də səhər saatlarında Ağdam rayonunun Çıraqlı kəndində peşə fəaliyyətini yerinə yetirərkən hərbiçilər tərəfindən saxlandığını bildirir; “Onlar gözümü bağlayaraq məni naməlum istiqamətə aparıb otağa saldılar. Orada məni yerə yıxıb təpikləməyə başladılar. Belimə, qarnıma zərbələr endirib, mənə işgəncə verirdilər. Mənə iftira atıb qışqırırdılar ki, erməni casusuyam və bunu etiraf etməyimi tələb edirdilər. Bir neçə saatlıq işgəncədən sonra tutulmağım haqda məsələ ictimailəşdi və gecə saatlarında azad olundum. Martın 10-da müalicəmlə əlaqədar Gürcüstana, Tiflis şəhərinə getdim. Müalicəm yekunlaşdıqdan sonra Ukraynaya, Xmelinskiy şəhərinə dostumun yanına yollandım. Ukraynada olarkən Eynulla Fətullayev siyahi dərc etdi və barəmdə böhtan yaydı. Bundan sonra vəkilim vasitəsilə Azərbaycanda axtarışda olduğumu öyrəndim. Əfqan Muxtarlının istintaqını aparan müstəntiq Əli Babayev istintaqa şahid qismində çağırılan şəxslərə dəfələrlə barəmdə suallar ünvanlayıb.
Psixoloji pozuntularım var idi. Bir müddət ölkədən kənarda qalmaq istəyirdim. Bir də ölkə səhiyyəsinə güvənim yox idi, onunçün qonşu ölkəyə getdim. Günümün çox hissəsini Əfqan Muxtarlı ilə birlikdə keçirirdim. Bir neçə dəfə Əfqan bəy yan masanı göstərib “bizi izləyirlər”, demişdi.
Atamın məlumatına görə, DTX-dan onun çalışdığı peşə məktəbinə zəng edib haqqında məlumat toplayıblar. Bir də müstəntiq Əli Babayev şahidlərdən israrla atam barədə soruşub. Hazırda ölkəyə qayıtmağım təhlükəsizlik baxımdan riskli olduğu üçün mühacir həyatı yaşayıram”.
Gülnur Kazımova Azərbaycanın Gəncə şəhərində müstəqil jurnalist fəaliyyəti ilə məşğul olub. O, 7 ilə yaxın müddətdə “Azadlıq Radiosu”- nun Azərbaycan bürosu üzrə işləyib və digər müstəqil media qurumları ilə əməkdaşlıq edib. Gülnur Kazımova 2015-ci ildə hazırladığı tənqidi reportaja görə təqiblərə və təzyiqlərə məruz qalıb, yoldaşı və 2 uşağı ilə birlikdə Gürcüstanın paytaxtı Tbilisidə sığınmaq məcburiyyətində qalıblar. Tbilisidə olduqları müddətdə də dəfələrlə təqiblərlə üzləşib. Gürcüstanı tərk edərək hal-hazırda Almaniyadadır, bu ölkənin miqrasiya idarəsinə ailəsi ilə birlikdə sığınacaq almaq üçün müraciət edib.
Camal Əli müxalif fikirli reper və jurnalistdir. 2012-ci ildən Almaniyada siyasi mühacirdir və Meydan TV-nin Berlin bürosu üzrə reportyor kimi çalışır. Camal bu ilin Aprelin 16-da Gürcüstana səfər edərkən hava limanında gömrük işçiləri tərəfindən onun Gürcüstana girişinin qadağan olunduğu və onu ölkəyə buraxa bilmədiklərini bildiriblər. O bu qadağanın SOCAR- ın Gürcüstanda Ermənistan kilsəsinə pulsuz qaz verməsi ilə bağlı hazırladığı reportaja görə olduğuna inandığını bildirir. Bu reportajdan sonra Azərbaycan rəsmiləri tərəfindən Gürcüstan hökümətinə təzyiqlər olunduğunu fikirləşir.
Gürcüstanda yaşayan ictimai- siyasi fəallardan biri də keçmiş siyasi məhbus, hüquq müdafiəçisi Vidadi İsgəndərlidir. O, qonşu ölkədə oturum izni alsa da təqiblərə məruz qaldığını, vaxtaşırı izləndiyini və Azərbaycanda yaşayan qohumlarının ona görə işdən azad olunduqlarını bildirir. V. İsgəndərli Tbilisidə azərbaycanlı mühacirlərin keçirdiyi bir sıra etiraz aksiyalarının fəal iştirakçılarından olub. Verilən son məlumata görə o, Gürcüstan respublikasını tərk edərək hazırda Fransada mühacir həyatı yaşayır.
Nəticə. Yuxarıda qeyd olunan məlumatlardan, eləcə də aparılmış araşdırmalardan məlum olur ki, Gürcüstanda yaşayan və fəaliyyət göstərən soydaşlarımıza qarşı həyata keçirilən təqiblərin, təzyiqlərin və həbslərin arxasında bu və ya digər formada Azərbaycanın hüquq mühafizə orqanları dayanır. Onlara bu işdə yerli hüquq- mühafizə orqanları kömək edir. Azərbaycan hökümətinin məqsədi qonşu ölkəyə toplaşan yerli ictimai- siyasi fəlların orda sərbəst toplaşması, fəaliyyət göstərməsi, rəsmi Bakının yürütdüyü siyasətin tənqidinə yönəlik toplantılar və etiraz aksiyaları təşkil etməsinin qarşısını almaqdır.
Söz, mətbuat azadlığının pozulduğu, insan haqlarının kütləvi şəkildə tapdandığı, azad medianın küncə sıxışdırıldığı Azərbaycan üçün Gürcüstan “demokratik gözlük” rolunu oynayır. Rəsmi Bakı istəyir ki, bu gözlüyü qapatsın.
Gürcüstan Azərbaycanla yaxın qonşu ölkə olduğundan, bu ölkədə xeyli soydaşımız yaşadığından, ölkədən gedən siyasi mühacirlərin bir çoxunun bu ölkəni tranzit ölkə kimi istifadə etməsi, bir çoxlarının burda qalıb fəaliyyət göstərməsi, eləcə də qonşu dövlətin Avropa Birliyinə üz tutması, demokratik inkişaf yolu seçməsi rəsmi Bakı üçün düşündürücü və ciddi məqamdır. Məhz bu məqamları nəzərə alan hakimiyyət istəmir ki, qonşu ölkə onun üçün demokratik pastament rolunu oynasın. Hakimiyyətin Gürcüstanda yaşayan və ya bu ölkə ilə əlaqəsi olan ictimai- siyasi fəalları (Mehman Qələndərov, Gözəl Bayramlı, Əfqan Muxtarlı) və iş adamlarını (Fərman Ceyranlı) həbs etməsi, ictimai fəalları təqib və təzyiq altında saxlaması ordakı demokratik pastamentı dağıtmağa, fəalların gözünü qırmağa və xof yaratmağa xidmət edir. Eyni zamanda hakimiyyət haqqin.az saytında dərc edilən məlum yazının təlimatına və leytmotivinə uyğun olaraq həyata keçirdiyi son həbslərlə Azərbaycanda fəaliyyət göstərən demokratik müxalifəti “xaricdən maliyələşmə” itihamı ilə zərbə vurmaq və zəiflətmək istəyirdi. Əfqan Muxtarlının oğurlanması olayına Gürcüstan və beynəlxalq ictimaiyyətin sərt təpki verməsi, Avropa Parlamenti başda olmaqla bir sıra aparıcı xarici qurumların göstərdiyi prinsipial mövqe və geosiyasi vəziyyət Azərbaycan hakimiyyətini geri çəkilməyə məcbur etdi.
Aparılan araşdırmalar göstərir ki, beynəlxalq ictimaiyyətin və təşkilatların Gürcüstanda baş verənlərə ümumi diqqəti olsa da orda yaşayan və fəaliyyət göstərən azərbaycanlı siyasi mühacirlərin humanitar və siyasi müdafiə işi zəifdir. Yerli və beynəlxalq təşkilatların həmin mühacirlərin təhlükəsizlik, humanitar və müdafiə işinin gücləndirilməsinə ehtiyac var.
Təşəkkürlər. Hesabatın hazırlanmasında göstərdikləri dəstəyə, fikir və rəylərini bölüşdüklərinə görə Əsabəli Mustafayevə, Samir Ağayevaya, Fuad Ağayevə, Pereventiv Cavab Qrupunun üzvlərinə, Leyla Mustafayevaya, Daşqın Ağalarlıya, İradə Nərimana, Lalə Hüseynliyə və digərlərinə təşəkkürümüzü bildiririk.
İstifadə və istinad olunan mənbələr;
- Həbs olunan şəxslər haqqında ittiham aktlarından çıxarışlar;
- Avropa Parlamenti, ABŞ Dövlət Departamenti, Amnesty İnternational, Freedom House və digər beynəlxalq qurumların qəbul etdikləri qətnamə və sənədlər;
- Azərbaycan və Gürcüstan dövlət qurumlarının, hökümət rəmsilərinin rəsmi açıqlamaları;
- İttiham olunan şəxslərin və onların müdafiəçilərinin fikirləri;
- Mətbuatın xülasəsi və KİV- də dərc olunan məlumatlar;
- Qanunvericilik aktlarından çıxarışlar.
sentyabr, 2017- ci il. Bakı şəhəri
Qeyd. Hesabatdan istifadə edilərkən mənbəyə istinad zəruridir.
Oxunub: 248