28 oktyabr mitinqinə gəlin, dövlətimizin, xalqımızın şərəfini birlikdə qoruyaq!
AXCP sədri Əli Kərimli Azərbaycan hakimiyyətinin dünyada hansı neqativ əməllərlə gündəmə gəldiyi və ölkəni necə hörmətdən saldığı barədə yazıb. Feysbuk səhifəsində paylaşdığı yazıda o, konkrer bir neçə nümunə göstərib və dövlətin nüfuzuna zərbə vuran belə bir hakimiyyətdən qurtulmağın vacibliyini vurğulayıb:
Dünyanın ən nüfuzlu mətbuat orqanları yenə də Azərbaycandan danışır. Bu dəfə ölkəmizin və onu idarə edən ailə hakimiyyətinin adı maltalı araşdırmaçı jurnalist Caruana Galizin avtomobilində partladılaraq vəhşicəsinə öldürülməsi kontekstində çəkilir. Auditoriyası 100 milyonlarla insan olan, dünyanın nüfuzlu nəşrləri öldürülən jurnalistin Maltanın baş nazirinin Əliyev ailəsi ilə ortaq korrupsiya layihələrini araşdırdığını çatdırır. Ailə hakimiyyəti Azərbaycanı dünyaya tanıtdırmağına tanıdır, ancaq çox pis tanıdır. Allah kəssin belə tanınmağı. Baxın görün, Azərbaycan hakimiyyəti BBC, CNN, The Guardian, Euronews, The Washington Post, Reuters, yüzlərlə digər KİV-in və bütövlükdə dünyanın gündəminə nələrlə gəlir.
1. Avropa banklarından da istifadə etməklə 3 milyard dollar xalqdan talanmış pulu Londonda qeydiyyatdan keçirilmiş saxta şirkətlərin hesabına köçürməklə;
2. Panama sənədlərində aşkara çıxmış hakim ailəyə aid, dəyəri milyardlarla dollarla ölçülən ofşor şirkətlərlə;
3. Cəmi 10 il (2003-2013) ərzində ölkədən 48 milyard dollar pul çıxardığına görə;
4. Avropalı, amerikalı siyasətçiləri rüşvət verərək satın almaq cəhdlərinə görə;
5. Adambaşına düşən siyasi məhbus sayına görə dünya birincisi olmaqla;
6. 58 faizlik seçki saxtakarlığı ilә bütün ATƏT məkanında saxtakarlıq üzrə çempionluğuna görə;
7. Avropa Birliyi, Avropa Şurası, ABŞ konqresinin Azərbaycan hakimiyyətini mühakimə edən, sanksiya ilə hədələyən qətnamələrinə görə;
8. Beynəlxalq Boks Federasiyasına rüşvət verməsinə görə;
9. Avrovizyon mahnı müsabiqələrində səsləri satın almaq cəhdinə görə;
10. YUNESKO və AŞ PA rəhbərliyinə rüşvət ötürdüyünə görə…
Hamısını yazsam, yazı çox uzun alınacaq.
Bəli, ölkəmiz adına çox kədərli səhnədir, ancaq həqiqətdir. Əziz həmvətənlər, 28 oktyabr mitinqi korrupsiyaya, yalana, saxtakarlığa, monarxiyaya, hüquqsuzluğa, ədalətsizliyə qarşı mitinqdir. 28 oktyabr mitinqi siyasi, iqtisadi və sosial islahatlar tələbilə keçirilən mitinqdir. Lakin bunlar hamısı deyil. Bəlkə də ən vacibi bizim bu oğrularla, yalançı və saxtakarlarla bir olmadığımızı, onlara qarşı olduğumuzu nümayiş etdirmək, xalqımızın, dövlətimizin adını təmizləmək fürsətidir. 28 oktyabr mitinqinə gəlin, dövlətimizin, xalqımızın şərəfini birlikdə qoruyaq!
Oxunub: 672