Sosial şəbəkə sözün tam mənasında doğurdanda bir güzgüyə çevrilib. Hər kəs iç üzü ilə önündədir. Baxırsan…
88-ci ildən, bu ölkədə etirazlar başlayandan meydandayam. Demirəm milli sevda ilə yananların hamısını tanıyıram. O qədər millət sevgisi ilə cəsarətlərinin tərs mütənasib olduğu insanlar var ki. Amma “millət” deyə meydanlardan tankların lüləsinin belə çəkindirmədiyi insanların hər birini tanıyıram.
Onların böyük bir hissəsi şəhid oldu sevgiləri yolunda. Çox dostlarımızın ürəyi dözmədi bu millət düşmənlərinin qurduğumuz bu dövlətə sahib çıxıb da onu bu qədər ucuz tutmaqlarına. Hamısına allah rəhmət eləsin. O dünyada cənnət deyilən bir rahatlıq varsa, hamısı oradadırlar və ümid edirəm ki, rahatdırlar.
Qalanlarımız da çoxdur, şükür ki, o vaxtlar hamımız gənc idik və o qalanların heç birinin millət sevgisinə bir an belə heç bir şübhəm yoxdur. Əksəriyyəti də siyasi meydanda görünməsələr də sosial şəbəkələrin daimi istifadəçiləridirlər, kifayət qədər də fəaldırlar, əsasən paylaşmalarla. Və zamanında muro-muro deyən, bu gün isə paylaşmalarla işini bitmiş hesab edən o oğlanların bu günkü halına doğurdan da acıyıram.
Səpələnmişik.
Bəzilərimiz yorulmadan, usanmadan qurduğumuz bu dövlətin DÖVLƏT olması uğrunda meydanlardadirlar. Bəzilərimiz, hakimiyyətin səngərindədir deməyə dilim gəlmir, çünki o səngər türkə dostların səngəri deyil. Yalnız ailə, uşaq problemləri onları orada dayanıb yazıq-yazıq baxmağa məcbur edib.
Böyük əksəriyyətimiz isə çəkilib kölgəyə, yenə ailə, uşaqlar, iş səbəbiyləmi, bəhanəsiyləmi. Harada əllərinə türkün qüdrətini, böyüklüyünü göstərən, sübut edən yazı, sənəd, şəkil, video material düşdüsə, onu paylaşmaqla özlərini boşaltmağa, nəsə etdikləri düşüncəsi ilə öz vicdanlarını susdurmağa çalışırlar. Zamanında tanklarla burun-buruna dayanan oğlanlar…
O deyil, qardaş. Sönməkdə olan ocağın külüdür o qurdaladığın, çör-çöp əlavə etmədiyin üçün lap söndürürsən daha. O paylaşdığın materiallara görə də qürurlanıb şişmə. Özün nə boydasansa, türk də o boydadır. Sən özün bir ordusan, ortada deyilsən o ordu başsızdır. Yaralarımızın qaysağın qoparmaqla özünü sakitləşdirmə, kəndinə qayıt. Bu gün meydanın sənə ehtiyacı o vaxtkından çox-çox artıqdir. İndi millətin ölüm-qalım savaşıdır.
Rafiq Manaflı
Oxunub: 802