Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının yürüşlə bağlı müraciətini cavablandırıb. Şəhər rəhbərliyi Müsavat Partiyasının nəzərdə tutduğu yürüşün keçirilməsinə razılıq verməyib. BŞİH bunun əvəzində mitinq keçirməyi təklif edib.
Şəhər rəhbərliyi yürüşə razılıq verməmək haqqında qərarını nəqliyyatın hərəkəti və insanların sıxlığı ilə əsaslandırıb.
A.HACILI: «ŞƏHƏR RƏHBƏRLİYİ SƏLAHİYYƏT HƏDDİNİ AŞIB»
«Bu cavab qanun pozuntusunun göstəricisidir»
Bunu isə AzadlıqRadiosuna Bakı Şəhər İcra Hakimiyyətinin cavabını dəyərləndirən Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib. Onun deməsinə görə, şəhər rəhbərliyinin yürüşə icazə verməməsi bir qanun pozuntudursa, aksiyanın formasının dəyişdirilməsi ilə bağlı «məsləhəti» səlahiyyət həddini aşmaqdır.
A.Hacılı şəhər rəhbərliyinin bu cavabını bu günlərdə dövlət başçısı İlham Əliyevin Avropa Birliyi Şurasının təmsilçiləri ilə görüşündə səsləndirdiyi fikirlərin arxasında durmaması kimi təqdim edib. Prezident avropalı qonaqlara demişdi ki, ölkədə sərbəst toplaşmaq azadlığı təmin edilib, ancaq xalq etiraz aksiyalarını dəstəkləmir.
Müsavat Partiyası başqanı bu məsələ ilə bağlı günün sonuna kimi açıqlama verəcəklərini söyləyib. Onda aksiyanın taleyi ilə bağlı qərar da açıqlanacaq.
Oxunub: 1004