Ötən gün – oktyabrın 18-də İranın təhlükəsizlik qüvvələri ölkənin keçmiş prezidenti Mohammad Khatami-nin öz evindən çıxmasına imkan verməyiblər.
«Yaşıl hərəkat»a bağlı «Kalameh» saytının yazdığına görə, təhlükəsizlik qüvvələri Khatami-yə deyiblər ki, onlara keçmiş prezidentin qatılmalı olduğu mərasimə getməsini əngəlləmək tapşırığı verilib.
Xəbərdə deyilir ki, hazırda təhlükəsizlik qüvvələri Khatami-nin evinin ətrafında keşik çəkirlər.
EV DUSTAQLIĞINA BƏNZƏR DURUM
«Kalameh» saytı Khatami-nin qatılmağa çalışdığı mərasimin nədən ibarət olduğunu yazmayıb. Lakin sosial mediada yayılmış xəbərlərdə deyilir ki, islahatçı eks-prezident özünün rəhbərlik etdiyi Baran İnstitutunda keçirilən görüşə getmək istəyirmiş.
«Kalameh» saytı yazır ki, Khatami hər gün işə gedə bilir. Ancaq islahatçılara yaxın başqa bir sayt, «Saham News» keçmiş prezidentin ev dustaqlığına bənzər durumda olduğunu yazır.
«Şahidlərin sözlərinə görə, Khatami-nin evinin qarşısında saatlardır ki, təhlükəsizlik orqanlarına məxsus üç avtomobil dayanıb. Onlar Khatami-ni ev dustaqlığına bənzər vəziyyətdə saxlayırlar», – deyə «Saham News» yazıb.
Eyni sayt iki həftə öncə Xüsusi Dini Məhkəmənin Khatami-yə məktub göndərərək onun yaxın 3 ay ərzində hər hansı ictimai və ya özəl tədbirdə iştirakını yasaqladığını yazmışdı. Xəbərdə deyilir ki, bu qadağaya görə Khatami hətta teatra, konsertlərə və ailə xaricində hər hansı tədbirlərə gedə bilməz.
YENİ QADAĞALARI İNKAR EDİRLƏR
Sonradan Khatami-nin vəkilləri bu xəbəri təsdiqləmişdilər. Ancaq ədliyyə rəsmiləri keçmiş prezidentə hər hansı yeni qadağaların olduğunu inkar etmişdilər.
Xüsusi Dini Məhkəmənin prokuroru bəyan edib ki, Khatami-yə qarşı addımlar İranın Milli Təhlükəsizlik Şurasının əmri əsasında gerçəkləşdirilir. Ancaq şuraya rəhbərlik edən İranın hazırkı prezidenti Hassan Rouhani deyib ki, Təhlükəsizlik Şurası heç vaxt keçmiş prezidentə qarşı hər hansı qərar qəbul etməyib.
İslam Respublikasında müxtəlif dövlət orqanları və ya rəsmiləri arasında fikir ayrılığı qeyri-adi hal deyil. Belə ki, idarəçilik sistemi paralel, bir-birinin «ərazilərinə» girən və çox zaman bir-biri ilə rəqabətdə olan güc mərkəzləri üzərində qurulub.
Rouhani müttəfiqi Khatami-yə qadağaları tənqid edərək istehzayla deyib ki, Khatami insanları prezident seçkilərində iştirak edərək ona (Rouhani-yə) səs verməyə çağırdığına görə cəzalandırılır. O, həmçinin ədliyyə sistemini «insanları güdməkdən başqa işi-gücü olmadığına» görə tənqid edib.
«ARAMIZDA HEÇ BİR FƏRQ YOXDUR»
Bu hadisədən cəmi bir neçə gün öncə Khatami heç bir əngəlsiz İslam Birliyinin üzvləri ilə görüş üçün Tehran Universitetinə getmiş, görüşdə ABŞ prezidenti Donald Trump-ı İranın siyasətini və İslam İnqilab Keşikçiləri Korpusunu (İİKK) hədəfləyən son nitqinə görə tənqid etmişdi. Ancaq bu görüşdə o, həm də İslam İnqilab Keşikçiləri Korpusunu müdafiə edərək, onun İranın milli təhlükəsizliyinin sütunlarından biri olduğunu demişdi.
«Kalameh» saytının yaydığı xəbərdə deyilir ki, keçmiş prezident bundan başqa, İranın nüvə proqramlarını müdafiə edib və İslam Keşikçiləri Korpusunu terrorla mübarizəyə görə tərifləyib.
«Onlar yanlış anlamamalıdırlar. İslam Respublikasında bəzi fərqli fikirlər ola bilər, ancaq İranın ləyaqətini, inqilabın təməlini, əsas milli maraqlarımızı qorumağa və xarici təhlükələrə müqavimət göstərməyə gəldikdə, biz birik və aramızda heç bir fərq yoxdur», – Khatami həmin çıxışında deyib.
Oxunub: 372