Təşəbbüs Qrupu partiyanın birinci təsis qurultayını bu il oktyabrın 29-da keçirilməsi ilə bağlı qərar verib. Partiyanın Təşəbbüs Qrupu adından Bakı şəhərində yerləşən və 400 nəfərlik zalı olan 4 və 5 ulduzlu otellərə partiya qurultayının keçirilməsi üçün müraciət edilib. Lakin müraciət olunan otellər siyasi partiya tədbirlərinə yer ayırmadıqlarını ifadə edib və yer verməkdən imtina ediblər. Bu barədə Respublikaçı Alternativ Partiyası Təşkilat Komitəsinin partiya qurultayının yeri ilə bağlı media açıqlamasında bildirilir.
Təşkilat Komitəsi həmçinin oktyabrın 2-də partiyanın Təşəbbüs Qrupu adından qurultaya yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyəti Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinə müraciət ünvanlayıb.
“Qanunla nəzərdə tutulan 15 gün ərzində müraciətlərə cabab vermə qaydasını pozaraq Bakı İcra Hakimiyyəti bizim müraciətimizə hələ də cavab verməyib və hətta müraciətimizi qeydə almadıqlarını və icraata göndərmədiklərini bildiriblər”, məlumatda qeyd edilir.
Respublikaçı Alternativ Partiyası Təşkilat Komitəsi bildirir ki, partiya qurultayını keçirməkdə qərarlıdır və mövqeyində hər hansı dəyişiklik olmayacaq.
Oxunub: 168