Cəmiyyətdə müxtəlif səpkili narazılıqlarla hər yerdə qarşılaşsaq da, təşkil edilməyən etirazlara demək olar ki rast gəlmirik. Bunun bir səbəbi cəmiyyətin etiraz mədəniyyətinin formalaşmaması ilə bağlıdırsa, digəri də hökumətin həddən artıq zorakı davranışlarından qaynaqlanır.
Xatırlayırsınızsa devalvasiyadan sonra üzə çıxan lokal etirazların qarşısı alındıqdan sonra hökumətin məcburi və müvəqqəti güzəştləri insanları qismən rahatlatdı və tədricən sosial çətinliklərə uyğunlaşdırdı. Əslində o zaman heç güzəştlər olmasa da cəmiyyətin etirazlara davam etmək niyyəti və meyili qalmamışdı. İndi sosial durum öncəkindən ağır olsa da əhali sanki bu halla barışıb.
Bütün müşahidələr və analizlər göstərir ki cəmiyyətdə sosial-siyasi etirazların öz-özünə yaranacağı dövr artıq arxada qalıb. Nə zamansa təşkil olunmayan etirazların kükrəyəcəyi və siyasi proseslərə çevriləcəyi ehtimalı getdikcə zəifləyir.
Müxalifətin bu tendensiyaya uyğun yeni yanaşmalar ortaya qoyması anlaşılandır. Xüsusilə də son illər cəmiyyətin müxalif kəsiminin etirazlarını təşkil edən yeganə güc mərkəzi kimi Milli Şura özünü təsdiqləməkdədir. Bütün total basqılara baxmayaraq keçirdiyi mitinqlər ətrafında demək olar ki hər gün müxtəlif canlı və virtual müstəvilərdə müzakirələr gedir.
Müzakirə edən tərəflər arasında hökumətin ən yüksək heyətindən tutmuş, sadə vətəndaşlara qədər çox geniş çevrə var. Şəxsi qaynaqlardan əldə etdiyim bilgilərə görə ölkənin bütün real mövcud olan partiyalarında bu mövzuda müzakirələr olub və olmaqdadır.
Mitinqlərlə bağlı sadə şəhər və kənd sakinlərinin, ictimai-siyasi qurumların və dövlət orqanlarının müzakirələr aparması heç də təsadüfi deyil. Bu barədə müəyyən araşdırmalar da aparırıq. Ölkə əhalisinin fəal kəsiminin əksəriyyəti ciddi sosial-siyasi dəyişiklik istəyir. Onun necə və nə zaman baş verəcəyinin formasını hələlik təsəvvür etməsələr də, yanaşmalarda belə bir gözləntinin olduğu özünü açıq göstərir. Belə gözləntisi olan şəxslər bütün dövlət qulluğunda, sahibkarlar arasında, işsizlər, təqaüdçülər, evdar qadınlar və gənclər arasında durmadan artır.
Diqqətlə müşahidə etsək, mitinq müzakirələri xeyli müddətdir ki ölkənin siyasi gündəmini öz monopoliyasına almağa nail olub. Nə prezident seçkisi, nə vahid namizəd, nə siyasi məhbuslarla pis rəftar halları, nə də digər sosial məsələlər gündəmi köklü dəyişə bilir. Bu, təkcə MŞ-nın təbliğat strategiyasından deyil, cəmiyyətin təbii durumundan qaynaqlanır.
Xüsusilə də mitinqlərin rəsmi şüarı və elan edilən məqsədi cəmiyyətin fəal kəsimini böləcək bəhanələrə yer qoymayıb. Mitinqlər nə açıq siyasi, nə də açıq sosial xarakterlidir. Təşkilatçılar olduqca uğurlu tezislər üzərində təbliğat qurublar. Beynəlxalq münasibətlərin həssas olduğu, sanksiyaların və təzyiqlərin gündəmə gəldiyi ərəfədə, ölkə daxilində siyasi hərarəti yüksəldən “xalqın oğurlanmış pullarını qaytarın” tezisləri heç bir bölücülüyə səbəb olmur. Təsadüfi deyil ki mitinqləri tənqid edənlərin arqumenti bu baxımdan heç bir dəstək qazana bilmir.
Siyasi prosesləri analiz edən şəxs kimi deyə bilərəm ki mitinqlər artıq sosial-siyasi nəticələr doğurub və öz ilkin məqsədinə qismən çatıb. Hökumət mitinqlərin ona yaratdığı mənfi psixoloji-siyasi mühiti bütün zorakı vasitələrlə dağıtmağa çalışsa da, nail ola bilmir. Əllərində olan geniş siyasi vasitələrdən səmərəli istifadə edə bilməyən hökumət, yanlış olaraq yalnız zora söykənən siyasətlə müsbət psixoloji mühit yaradacağına ümid edir. Ölkə müxalifətinin sorağı və tələbləri isə ən ucqar kəndlərə qədər gedib çatıb.
Belə şəraitdə, oktyabrın 28-də keçiriləcək mitinqə rəsmən razılıq verilməsi də cəmiyyətin fəal kəsimi üçün növbəti fürsətdir. Bu dinc mitinqlərin davam etməsi müxalifətin və cəmiyyətin güclənməsinə, hakimiyyətin isə zəifləməsinə səbəb olur.
Oxunub: 534