Milli Şura sədri, professor Cəmil Həsənli ABŞ-da səfərdədir. Səfər çərçivəsində o, ABŞ Konqresində, Dövlət Departamentində, müxtəlif ictimai institutlarda önəmli görüşlər keçirib. Görüşlərdə Azərbaycandakı siyasi vəziyyət müzakirə olunub.
C.Həsənli rəsmi şəxslərin diqqətini Azərbaycan hakimiyyətinin müxalifətçi fəallara qarşı ölkə daxilində davam etdirdiyi təqibləri artıq başqa dövlətlərdə də həyata keçirdiyinə yönəldib. O, Gürcüstanda və Ukraynada azərbaycanlı fəalların təqib edilməsini nümunə göstərib.
Bugünlərdə Azərbaycan hökumətinin müraciəti ilə jurnalist, TuranTV-nin əməkdaşı Fikrət Hüseynli Ukraynada saxlanılıb. Bundan qabaq da başqa bir jurnalist Əfqan Muxtarlı Tbilisidə oğurlanara Bakıya gətirilib və həbs olunub. AXCP sədrinin müavini Gözəl Bayramlı da Gürcüstanda izlənilib və Azərbaycana qayıdarkən sərhəddə saxlanaraq, saxta ittihamla həbs edilib.
“Bunlar göstərir ki, Azərbaycan hökuməti təkcə Vətəndə deyil, həm də geniş regionda hökumət kanalları və İnterpol kimi digər beynəlxalq qurumlar vasitəsilə Qərb dəyərlərini poza bilər”, – deyə C.Həsənli bu kimi halları nəzərdə tutaraq bildirib.
O, ABŞ-ı Azərbaycanda insan hüquqlarını pozanlara qarşı ən yüksək səviyyədə sanksiyaların tətbiqinə çağırıb.
“Mən Azərbaycanda dəyişiklik etmək üçün ABŞ hökuməti tərəfindən hər hansı kömək istəmək fikrində deyiləm. Bu, bizim mübarizədir”, – deyə C.Həsənli vurğulayıb.
Oxunub: 774