“Biz Azərbaycan vətəndaş cəmiyyətinə daha çox kömək etmək istəyirik, amma bu ölkədə məhdudiyyətlər var”, bu barədə Qonşuluq və Genişlənmə Siyasəti üzrə Avropa Komissarı Yohannes Han bu gün Tallində Şərq Tərəfdaşlığı ölkələrinin vətəndaş cəmiyyətləri konfransında çıxış edərkən bildirib.
Ölkədə həbs edilmiş jurnalistlər və QHT nümayəndələri haqqında suala cavabda Han qeyd edib ki, Brüssel həbsdə olanların taleyindən narahatdır.
“Bəzən susqun siyasət və danışıqların açıq aparılmaması daha çox nəticə verir”, deyə o əlavə edib.
Şərq Tərəfdaşlığı ölkələrinin vətəndaş cəmiyyətinə bundan sonra göstəriləcək dəstəyə toxunan Han bildirib ki, 2017-2020-ci illərin planına əsasən, QHT-lər üçün büdcə 20% artırılacaq və 170 mln. avro təşkil edəcək.
“Şərq Tərəfdaşlığı proqramının fəaliyyətinin mühüm nəticəsi vətəndaş cəmiyyətinə dəstəkdir. Ümumilikdə bu illər ərzində 6 ölkədə 600-dən çox təşkilatla əlaqələr qurulub, kiçik müəssisələrə 100 minə yaxın yardım göstərilib, 10 mindən çox yeni iş yeri açılıb”, deyə Hal bildirib.
Proqramın nailiyyətləri arasında o, Gürcüstan və Ukrayna ilə vizasız rejimin tətbiq edilməsini, tezliklə bunun Moldovaya da şamil ediləcəyini qeyd edib.
O, həmçinin Ermənistan və Azərbaycanla yeni sazişlərlə bağlı danışıqlar aparıldığını bildirib.
“Biz öz iştirakımızın səviyyəsini hər bir ölkədəki vəziyyətə uyğun olaraq müəyyən edirik”, deyə Han bildirib.
Oxunub: 356