Araz Gündüz
Qarşıdan gələn 28 oktyabr mitinqi ilə bağlı düşüncələrim
İnsan ömrü onu mənalı yaşamaq üçün verilən bir fürsətdir. Onu kimlərinsə əlində oyuncağa çevirmək, buna imkan verən insanın özü üçün də yolverilməz bir cinayətdir. Müstəqil, iradəli, əxlaqlı insanın ömrünü heç kim, heç bir güc öz oyunlarının vasitəsinə çevirə bilməz. Ancaq bizim bu gözəl yurdumuzda iqtidar adı ilə tanınan bir yığın yaramaz bütün xalqın həyatını öz oyunlarına qurban verməkdədir. Onların harınlığı, ucuz əyləncələri üçün milyonlarla insan ağrı-acılar içində yaşayır, qoca-gənc-uşaq yaşlı insanların ömrü çürüyür, bütöv bir xalq qaragünlü bir həyat yaşayır. Arxayın ola bilərsiniz ki, sizə yalnız və yalnız bir insan ömrünü yaşamaq şansı verilib, bunun o dünyası, cənnəti-cəhənnəmi zadı yoxdur, mükafatı da, cəzası da yaşadığınız bu həyatdadır. Bugün cəhənnəm əzabı içində yaşamağımız öz layiqli cəzamızdır, çəkirik. Bizi meymun kimi oynadan, ələ salan, başıqapazlı, gözüqıpıq edən bir sürü yaramazdan qorxmağımızın, çəkinməyimizin cəzasını çəkirik, həm də, bu quldur yığınına qarşı birləşməli olduğumuzu anlamamağın, onları başımızın üstündən süpürüb atmağa yetən gücümüzü boş və mənasız işlərə verməyimizin cəzadır bu! Siyasi meydanda müxalifət adına iddia edən qruplara diqqətlə, gözüaçıqlıqla baxaq: kim nə deyir, nə ilə məşğuldur? Bugünkü iqtidarla dil tapmaqdan, onu yola gətirməkdən, qılığına girməkdən danışılan bütün sözlər onun bu alçaq əməllərinə rəvac vermək üçündür. Bu qaba və amansız gücün qarşısına mütəşəkkil və güclü bir dirənişlə çıxmadan heç nəyi dəyişmək mümkün olmayacaq. Məsələ bunca aydındır və bugün kütləvi hərəkatı, o sıradan onun növlərindən yalnız biri olan çoxsaylı mitinqləri zəruri edən də məhz budur. Mitinqin hər şeyi dəyişəcəyinə bel bağlamaq olmaz, ancaq bu mitinqlərin çoxsaylı olması oğru və talançıları psixoloji sarsıntılara sala biləcək, xalqın qarşısından geri çəkilməyə sürükləyəcək bir vasitədir. Bu baxımdan mitinqə, hətta, onun iştirakçılarının sayını artırmaq üçün gələnlər də, öz insanlıq-vətəndaşlıq borclarını ödəmiş, ən azından, öz övladlarının xoşbəxt gələcəyi üçün çalışmış olurlar. Hakimiyyətlə üz-üzə çarpışmaq üçün meydana çıxmış, bütün təhlükələri göz önünə almış insanlarımızı meydanda tək qoymaq olmaz.
Oxunub: 824