Milli Şuranın sədri Cəmil Həsənli fb statusunda hakimiyyətin antixalq büdcəsindən yazdı:
Dostlar! 2018-ci il üçün parlamentə təqdim edilən dövlət büdcəsi vətəndaş maraqları baxımından əsl fəlakət büdcəsidir. Büdcə layihəsində qabaqcadan müəyyən edilir ki, 2018-ci il ərzində ölkə vətəndaşları 200 milyon manata yaxın cərimə ödəməli olacaq. Yəni iri, orta, kiçik biznes qurumları, avtomobil sahibləri, öz fikirlərini azad ifadə etmək istəyənlər, öz ailəsinin dolanışığı üçün hər zəhmətə qatlaşanlar bu cərimələri ödəməli olacaqdır. Keçmiş feodal dövründə “dinməver” adlı bir vergi var idi. Yəni adamlar ağızlarını açmadan bu vergini verməli idilər. Əgər ağızlarını açsaydılar verginin həcmi artırılırdı. İndi yolllarda guya hərəkətin “təhlükəsizliyini təmin” etmək naminə maşın idarə edərkən sükan arxasında yanındakından bir qurtum su istəyən sürücü 40 manat həcmində cərimə ödəməli olacaq. Bu bir ekspermentdir. Əhali etiraz etməsə yəqin bu “danışma cəriməsini” az sonra digər sahələrə də tətbiq edib, xüsusi vergi növü icad edəcəklər.
Büdcədə social xərclərin azaldılması böyük sarsıntıların olacağından xəbər verir. Bir anlığa düşünün: polisin büdcəsi artırılır, müəllimin, həkimin, sosial müdafiəyə ehtiyacı olanların büdcəsi kəsilir. 300 min müəllim ordusu səfalətə sürüklənir, 300 min polis ordusu büdcədən əlavə pay alır.
Banklara kredit borcları olanların həbsini qanuniləşdirirlər. Ailə hakimiyyətinin əlində olan banklar illik 30-35 faizlə verdiyi soyğunçu kreditləri təqib, hədə və həbslər vasitəsi ilə vətəndaşın boş olan cibindən çıxarmaq istəyir. Görürsünüz hakim elita qısa zaman müddətində ölkədən 3 milyard vəsait oğurlayıb ofşor hesablarda gizlədə bilir, amma bir vaxtlar aldadıb bank tələsinə saldığı vətəndaşa həbsdən başqa ayrı bir çıxış yolu qoymur.
Bu halda nə etmək lazımdır? Oktyabrın 28-də saat 15:00-da Məhsul meydanına gəlib İlham Əliyev hakimiyyətinin soyğunçu, talançı, yalançı, antimilli idarəçiliyinə yox demək lazımdır. Milli Şura Sizlərin haqqı və hüququnu müdafiə etmək üçün bu mitinqi keçirməyə qərar vermişdir. Gəlin və ləyaqətli həyat haqqına sahib olduğunuzu ortaya qoyun!
Oxunub: 1688