“The Guardian” yazır ki, məşhur Michael Bloomberg elə bu qəzetdə dərc olunmuş məqaləsində Brexit-i, Trump-ın prezident seçilməsindən sonra hər hansı millətin ikinci ən axmaq hərəkəti adlandırmışdı.
İndi isə jurnalist Gavin Haynes, cənab Bloomberg-ə yarızarafat-yarıciddi tarixi bir cavab məqaləsi yazıb. O qeyd edir ki, Bloomberg İngiltərəni pis tanımamalıdır, çünki onun keçmiş arvadı ingilisdir və qızları da Britaniya pasportu daşıyırlar.
Amma jurnalist razılaşmır ki, Brexit hər hansı millətin yol verdiyi ən axmaq səhvdir.
Məqalədə deyilir ki, əlbəttə, Bloomberg adamların sənaye milyarderləri üçün mükəmməl işləyən bir sistemin əleyhinə niyə səs verdiklərini anlamaya bilər. Bu öz yerində.
Amma tarixdə bundan da axmaq hərəkətlərə yol verilib, yazır Haynes.
Troya atı
Doğrudan da yunanlar 10 illik mühasirəyə sinə gərdikdən sonra niyə bu taxta atı şəhərə buraxmalıydılar?
Bəs nə etməliydilər? Onu rentgen aparatından keçirməliydilər? – deyə sual edir jurnalist.
Kral Vortigern-in muzdluları
Britlərin 5-ci əsrdə padşahı olmuş kral Vortigern böyük bir problemlə üzləşmişdi.
Yadelli pikt işğalçıları ölkəyə tez-tez hücum edirdilər. Buna görə də kral onları qovmaq üçün asan bir yol tapmalıydı və tapdı. O sakson muzdlularını dəvət etdi.
Çox sayda saksonu. Amma sən demə ucuz xarici əməkçilərin də öz problemi var imiş.
İngiltərənin şöhrətini görən saksonlar öz dostlarını bu ölkəyə qonaq çağırdılar. Beləcə Vortigern-in ölkəsi işğal olundu.
Birmanın doqquzları
“Birmanın stalinçi prezidenti Ne Vinin sevimli rəqəmi vardı. Bizim hamımızın sevimli rəqəmi ola bilər, deyilmi?” – yazır Haynes.
O, 1987-ci ildə qərara gəldi ki, dəyəri bu rəqəmə bölunməyən bütün əskinasları ləğv etsin.
Beləliklə, dövriyyədə yalnız 45-lik və 90-lıq kyat pulları qaldı. Bəli, onun sevimli rəqəmi 9 idi.
Nəticədə insanların ömür boyu yığdığı əmanətlər batdı. Milli xaos başlandı. Beləliklə Aun San Su Kinin milli müqavimət hərəkatı başlandı.
Konfederasiyanın pambığı
Amerika vətəndaş müharibəsinin başlanğıcında cənubun qalib gələcəyi gözlənilirdi. Çünki bu torpaqlar elə indi olduğu kimi o vaxt da aqrar sənayenin əsasını təşkil edirdi.
Cənubluların mübarizəsinin əsas məqsədi qulları və quldarlığı saxlamaq idi.
Amma onlar Avropa ölkələri tərəfindən diplomatik tanınmanın xətrinə özlərinin bir nömrəli məhsulu olan pambığın ixracına qadağan qoydular.
Beləcə konfederatların iqtisadiyyatı suya düşmüş pambıq kimi zay oldu.
Majino xətti
Jurnalist yazır ki, fransızlar İkinci Dünya Müharibəsinin başlanğıcında ölkəni Hitlerin tanklarından qorumaq üçün büdcənin yarısını bütün Almaniya sərhədi boyunca müdafiə hasarına xərcləmişdilər.
Amma heç düşünməmişdilər ki, almanlar Belçikadan keçib gələcəklər.
Oxunub: 342